“Elektron hərrac” layihəsinin ictimai təqdimatı keçiriləcək
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirmə prosesində daha bir yenilik tətbiq olunacaq.
Komitədən 1news.az-a verilən məlumata görə, sabah “Elektron hərrac” layihəsinin ictimai təqdimatı keçiriləcək.
Bundan sonra ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qaydada qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə biləcəklər.
Qeyd edək ki, tədbir sabah saat 10:30-da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında (Elmlər Akademiyası metro stansiyasının arxası) keçiriləcək.
Tədbirdə hərracların keçirilmə prosedurları canlı olaraq nümayiş etdiriləcək, bu yeniliyin məqsəd və faydaları barədə məlumat veriləcək. Tədbirdə media nümayəndələrinin sualları da komitənin rəhbər vəzifəli şəxsləri tərəfindən geniş şəkildə cavablandırılacaq.
Babək Cahandarov