Zaur Qəhrəmanov: TANAP layihəsi üzrə işlərin 73 faizi tamamlanıb
Azərbaycan təbii qazının Türkiyəyə və bu ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə işlərin 73 faizi tamamlanıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib. O qeyd edib ki, layihədə işlər qrafik üzrə gedir. Gələn ilin yanvar ayında boru kəmərinə təbii qazın vurulması sınaqlarına başlanılacaq. Həmin vaxt boru kəmərinin tikintisi yekunlaşacaq və qazla yoxlanılacaq. 2017-ci ilin ortalarında isə TANAP boru kəməri tam hazır olacaq.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək.
Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortalarında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 8,5 milyard ABŞ dollarıdır. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının layihədəki payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.
S.Xankişiyeva