Nazirlik: Temperatur +41 dərəcədən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: Temperatur +41 dərəcədən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir

15:20 - 03 / 07 / 2017
Nazirlik: Temperatur +41 dərəcədən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir

Havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir.

1news.az-a Nazirlikdən verilən xəbərə görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Əmək  Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edərək bildirir ki, yay mövsümündə kəskin isti hava şəraitinin mövcud olduğu vaxtlarda işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görülməlidir.

Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli və işəgötürənlə  həmkarlar  təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti  müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir.

Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.

Dövlət  Əmək  Müfəttişliyi Xidməti havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə riayət olunmasını işəgötürənlərin diqqətinə çatdırır.

S.Xankişiyeva

Paylaş:
609

Son xəbərlər

Bütün xəbərlər