Polad Bülbüloğlu: Ölkələrimiz arasında mədəni əlaqələr heç vaxt qırılmayıb | 1news.az | Xəbərlər
Müsahibə

Polad Bülbüloğlu: Ölkələrimiz arasında mədəni əlaqələr heç vaxt qırılmayıb

11:15 - 04 / 07 / 2017
Polad Bülbüloğlu: Ölkələrimiz arasında mədəni əlaqələr heç vaxt qırılmayıb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS agentliyinə müsahibəsində bu sənədin tarixi dəyərindən, Rusiya ilə ikitərəfli münasibətlərin dinamikasından və özünün UNESCO-nun baş direktoru olmaq şanslarından danışıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Rusiya Federasiyası ilə Azərbaycan arasında 20 il əvvəl imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilənin əhəmiyyətini ötən illərdəki və hazırda yaranmış siyasi vəziyyət baxımından necə qiymətləndirirsiniz?

- Fürsətdən istifadə edərək, ilk növbədə TASS agentliyinin informasiya jurnalistikasının ən yaxşı ənənələrinə sadiqliyini, hadisələrin çox böyük axınında xüsusi diqqət tələb edən məsələləri qabartmaq bacarığını qeyd etmək istərdim. 1997-ci il iyulun 3-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilənin imzalanması da, şəksiz ki, belə məsələlərdəndir. Bu, ikitərəfli münasibətlərimizin siyasi əsaslarını önə çəkən baza müqaviləsidir. Biz artıq iyirmi ildir onun müddəalarından çıxış edərək, müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdiririk.

Müqaviləni imzalayan yüksək tərəflərin hər iki ölkənin və onların xalqlarının bərabərhüquqlu maraqları əsasında qarşılıqlı faydalı kooperasiyaya can atmaları bu mühüm sənədin əsas məramıdır. Sənəddə sülhün və təhlükəsizliyin dəstəklənməsi məsələləri əks etdirilib, bu istiqamətdə qarşılıqlı öhdəliklərin beynəlxalq-hüquqi çərçivələri dəqiq göstərilib. Məsələn, Müqavilənin 5-ci maddəsində separatizmin bütün təzahürləri pislənir, qrupların və ya ayrı-ayrı şəxslərin Tərəflərin dövlət suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü əleyhinə yönələn fəaliyyətinin qarşısının alınması barədə müddəa var. Əlbəttə, bu tarixi Müqavilənin müasir Azərbaycan dövlətçiliyinin memarı, unudulmaz lider Heydər Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində imzalanması da xüsusi qeyd edilməlidir.

- Bu 20 ildə ikitərəfli Rusiya-Azərbaycan münasibətlərində nə dəyişib? Sizcə, respublikanın rəhbərinin şəxsiyyəti bu münasibətlərə necə təsir göstərib?

- İyirmi il müasir dünyada yetərincə ciddi müddətdir. Bu müddət ərzində, demək olar, bütün regionlarda böyük dəyişikliklər baş verib. Milli dövlətçiliyin inkişafı ilə bağlı tarixi proseslərin inkişaf etdiyi postsovet məkanı isə çox kəskin dəyişikliklərə məruz qalıb. Əslində, burada bir neçə mərhələ bir-birini əvəzləyib. Əlbəttə, 1990-cı illərin Azərbaycanı, elə həmin dövrün Rusiyası heç də indi gördüyümüz Azərbaycan və Rusiya deyillər. Ötən illər ərzində hər iki ölkə SSRİ-nin dağılmasının böhranlı nəticələrinin aradan qaldırılmasından tutmuş gələcəyə istiqamətlənmiş yeni inkişaf modellərinin işlənib hazırlanmasınadək böyük yol qət edib. Biz bu yolda dəfələrlə maraqlarımızı uyğunlaşdırmağın uğurlu formalarını tapmışıq, bir-birimizə həqiqətən mehriban qonşu dəstəyi göstərmişik. Məsələn, Azərbaycan Rusiyaya qarşı sanksiya siyasətini dəstəkləməyib və daxili bazarda qiymətlərin müəyyən qədər artmasına baxmayaraq, Rusiya istehlakçılarının təzə meyvə-tərəvəzlə təmin olunmasına sanballı töhfə verib.

Şübhəsiz ki, bu qədər çətin regionda, daim dəyişən konyunktura şəraitində siyasi kursun qurulmasında müəyyənedici rol dövlət başçılarına məxsusdur. Bu gün Azərbaycana hadisələrə strateji proqram baxışı olan çox peşəkar lider İlham Əliyev rəhbərlik edir. O, artıq 15 ilə yaxındır idarəçilik və düzgün qərarlar qəbul etmək məharəti nümayiş etdirir. Çox vaxt bu qərarların əsaslılığına yalnız müəyyən vaxt keçəndən sonra əmin oluruq. Amma cənab Prezident hadisələrin gedişatını aydın görür və buna görə də çox yaxşı nəticələr əldə edir. Bu, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərdən biri olan Rusiya ilə münasibətlərimizin inkişafına da şamil olunur.

- Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 19-da Bakıya səfər ediblər. Beynəlxalq vasitəçilər Azərbaycan rəhbərliyi ilə görüşlərin yekunlarına dair bəyanatla çıxış ediblər və Bakı ilə Yerevanı siyasi iradə nümayiş etdirməyə, münaqişənin həlli üzrə danışıqlara yenidən başlamağa çağırıblar. Sizcə, belə bir format nə dərəcədə səmərəlidir? Azərbaycan tərəfi münaqişənin nizamlanması üçün hansı yolları görür?

- BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünü birləşdirən format, əslində, çox ciddi görünür. Axı məhz bu ölkələr böyük siyasi çəkiyə və onilliklər, bəlkə də əsrlər ərzində milli diplomatiyaları tərəfindən toplanmış müvafiq təcrübəyə malikdirlər. Məsələn, Rusiya Cənubi Qafqaz regionuna təkcə coğrafi baxımdan yaxın deyildir, həm də onunla sıx tarixi tellərlə bağlıdır. Ancaq gördüyümüz kimi, ATƏT-in Minsk qrupunun 1997-ci ildən fəaliyyət göstərən üçqat həmsədrlik təsisatı hələ də arzuedilən nəticəyə - münaqişənin hərbi nəticələrinin aradan qaldırılmasına və onun siyasi həlli prosesinin başlanmasına gətirib çıxarmayıb.

Azərbaycan tərəfinin daim vurğuladığı kimi, münaqişənin həlli üzrə təsirli addımlar atmağın zəruri olduğu vaxt çoxdan çatıb. Azərbaycan ərazilərinin işğalının davam etməsi ilə xarakterizə olunan mövcud status-kvo vəziyyəti yolverilməzdir. ATƏT-in Minsk qrupunun həmsədrləri olan dövlətlərin başçıları da 2009-2013-cü illərdəki bəyanatlarında bunu göstəriblər. Yəni indi real nəticələr əldə etmək niyyəti ilə substantiv danışıqların davam etdirilməsi üçün şərait təmin olunmalıdır. Bunun üçün isə siyasi iradə lazımdır. Bir daha vurğulayım ki, danışıqlar konkret xarakter daşımalıdır. Bu, məhz o haldır ki, proses deyil, nəticə əhəmiyyətlidir.

- Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbul ediləcəyi Xəzəryanı dövlətlərin sammitinin tarixi bəlli olubmu? Gələcək Konvensiyanın müddəalarının çoxu artıq razılaşdırılıb. Bu müddəalar Azərbaycan tərəfini razı salırmı?

- Xəzərin hüquqi statusunun işlənib hazırlanması məsələsini SSRİ dağılandan sonra iki Xəzəryanı dövlətin beş dövlətlə əvəzlənməsi şərtləndirib. Bu məqsədlə xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupu (XİQ) yaradılıb. Bu günə qədər XİQ-in artıq 49 iclası keçirilib. Həmin iclaslarda mövqelərin razılaşdırılması və ümumi yanaşmaların işlənib hazırlanması üzrə böyük iş görülüb. Xəzəryanı dövlətlərin başçılarının dörd sammiti gedişində ciddi irəliləyiş qeydə alınıb, Xəzərin ekoloji mühitinin və bioresurslarının qorunub saxlanılmasını, fövqəladə halların qabaqlanmasını və nəticələrinin aradan qaldırılmasını tənzimləyən mühüm sazişlər imzalanıb. Bir sıra ölkələr – Azərbaycan, Qazaxıstan və Rusiya arasındakı məqamların böyük əksəriyyəti yetərincə ətraflı razılaşdırılıb. Beş dövlətin hamısının mövqelərinin qəti əlaqələndirilməsi istiqamətində fəal addımlar atılır. Bu istiqamətdə də işgüzar nəticələr əldə edilib. Həmin nəticələr Xəzəryanı dövlətlərin başılarının bu il Qazaxıstanda keçiriləcək V Sammitinə razılaşdırılmış təkliflərlə getməkdən ötrü bu ölkələrin xarici işlər nazirlərinin müavinlərinin, daha sonra nazirlərin özlərinin görüşlərinin keçirilməsinin məqsədəuyğunluğu barədə danışmağa imkan verir.

- Azərbaycan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin (BND) tikintisində özü üçün hansı perspektivləri görür?

- Azərbaycan tarixən Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən yolların qovuşuğunda yerləşib. Bu, bir çox cəhətdən bizim inkişafımızı və müxtəlif sivilizasiyaların elementlərini özündə biləşdirən Azərbaycan identikliyinin formalaşmasını şərtləndirib. Bu gün ölkəmiz öz iqtisadiyyatını inkişaf etdirmək, eyni zamanda tərəfdaş ölkələrin iqtisadiyyatlarının inkişafına kömək etmək imkanı kimi iri kommunikasiya layihələrini nəzərdən keçirir. Bu baxımdan "Şimal-Cənub" BND Azərbaycanda böyük maraq doğurur. Bizim ərazidə Rusiya, Azərbaycan və İranın dəmir yolları şəbəkəsini birləşdirmək üçün zəruri olan bütün işlər yerinə yetirilib. Həmin vektora xidmət edən avtomobil yolları infrastrukturu genişləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Şimal-Cənub" BND məsələlərini daim diqqətdə saxlayır. Bircə bunu demək kifayətdir ki, onun təşəbbüsü ilə 2016-cı il avqustun 8-də Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü keçirilib. Görüşdə BND strategiyasının həyata keçirilməsinin əsas istiqamətləri nəzərdə tutulub, onun zəngin potensialını açmaq səyləri ifadə olunub.

- UNESCO-nun baş direktoru olmaq şansınızı necə qiymətləndirirsiniz?

- Mən deyərdim ki, UNESCO-nun səlahiyyətləri sahəsinə aid olan və qlobal səviyyədə üzləşdiyimiz kəskin problem və çağırışların həllinə Azərbaycanın və onun nümayəndəsi kimi mənim əməli töhfə vermək bacarığını yüksək qiymətləndirirəm. Sovet inzibatçılıq modelinin iflasa uğradığı və ümumi struktur böhranı olan bir dövrdə 18 il ərzində ölkəmin Mədəniyyət Nazirliyinə başçılıq edərkən, maliyyələşdirmənin kəskin çatışmamasına, çox vaxt tamamilə olmamasına baxmayaraq, hər halda elə fəaliyyət formaları tapa bilmişəm ki, heç bir mədəniyyət ocağının itirilməsinə yol verilməyib. Heç bir muzey, teatr, musiqi məktəbi, kitabxana bağlanmayıb. Üstəlik, mən 1994-2008-ci illərdə birinci baş direktoru olduğum Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) çərçivəsində, eləcə də 2002-2004-cü illərdə mədəniyyət nazirləri səviyyəsində Mədəni Əməkdaşlıq Şurasına başçılıq etdiyim MDB məkanında uğurlu beynəlxalq əməkdaşlıq formatları tapmağa nail olmuşam.

Sonra Azərbaycanın Rusiyadakı səfiri kimi, humanitar əməkdaşlıq məsələlərinə böyük diqqət yetirməyə davam etdim, MDB-nin iştirakçısı olan dövlətlərin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun sədri kimi, "mədəniyyət diplomatiyası" sahəsində bir sıra mühüm layihə və təşəbbüslərdə iştirak etdim. Məsələn, 2010-cu ildə maestro Spivakovun idarəçiliyi ilə MDB ölkələrinin Gənclər Simfonik Orkestrinin konsertlərini təşkil edə bildik. Konsertlərdə Azərbaycandan və Ermənistandan olan gənc musiqiçilər həm Bakıda, həm də Yerevanda birlikdə çıxış etdilər.

Beləliklə, mən böhran meneceri, habelə münaqişələr şəraitində humanitar təşəbbüslər irəli sürən və onları həyata keçirən şəxs kimi dəyərli təcrübə əldə etdim. Düşünürəm ki, təcrübə və vərdişlərin belə məcmusu məni UNESCO-ya faydalı ola biləcək namizəd saymağa imkan verir.

Şansa gəldikdə isə hər bir layiqli namizədin şansı var. Gəlin seçkiləri gözləyək.

- Sizcə, bu təşkilatın işində nəyi dəyişdirməyə ehtiyac var?

- UNESCO-nun öhdəsindən gəlməli olduğu əsas vəzifə maliyyələşdirmə qıtlığı şəraitində fəaliyyətinin səmərəliliyini artırmaqdır. Bu, çox mürəkkəb və kompleks vəzifədir. Təhsilə, elmə və mədəniyyətə cavabdeh olan bu iri beynəlxalq təşkilatın həyatına bəzi əməlli-başlı siyasiləşdirilmiş məsələlərin gətirilməsi bu vəzifənin həllini son dərəcə çətinləşdirir. Zənnimcə, biz ilk növbədə siyasi polemikadan maksimum uzaqlaşaraq, UNESCO-da humanitar gündəlik ruhunu tam bərpa etməyə çalışmalıyıq. Sırf siyasi məsələlərin müzakirəsi üçün başqa təsisatlar, ilk növbədə BMT-nin Təhlükəsizlik Şurası və Baş katibi var. UNESCO siyasi məsələlərə dair istiqamətverici göstərişləri onlardan almalıdır.

Bununla yanaşı, UNESCO onun mandatındakı prioritetlərə sadiq qalmalıdır. Yəqin ki, regional bürolar və nümayəndəliklər şəbəkəsinin optimallaşdırılması məsələsi də nəzərdən keçirilə bilərdi. Yəqin ki, bir çox hallarda bu və ya digər regionda öz fəallığını BMT klasterləri çərçivəsində kooperasiya etmək məqsədəuyğun olardı. Ancaq bununla belə, optimallaşdırma birdən-birə, vəsaitin sadəcə azaldılması və kəsilməsi yolu ilə aparılmamalıdır. Ölçülüb-biçilmiş yanaşma hazırlanmalıdır. Bunun üçün mən ilk mərhələdə konkret sahələrin mütəxəssislərini cəlb edərdim. Böyük təcrübəyə malik savadlı və nüfuzlu şəxslərin potensialından istifadə olunması da əhəmiyyətlidir. Beləliklə, birgə səylərimizlə ümumi tarazlı mənzərə yaradıb, qarşıya qoyulmuş vəzifələri qətiyyətlə həyata keçirməyə başlayardıq. Məncə, bu təşkilatın mədəniyyət gündəliyini qabardan inteklllektual qərargah və ekspert mərkəzi rolu oynamaq üçün zəruri səlahiyyətləri var.

- Azərbaycan ilə Rusiyanın hər hansı birgə mədəni layihəsi planlaşdırılırmı?

- Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələr heç vaxt qırılmayıb. Ümumi tariximizi, ölkələrimizi və xalqlarımızı birləşdirən bəşəri əlaqələrin yaxınlıq dərəcəsini nəzərə alsaq, başqa cür ola da bilməzdi. Amma şəksiz ki, dövlət səviyyəsində də bu əlaqələrin inkişaf etdirilməsi, daha da zənginləşdirilməsi istiqamətində iş gedir. Məsələn, Azərbaycan ilə Rusiyanin mədəniyyət nazirlikləri arasında üçillik dövr üçün əməkdaşlıq proqramı daim yenilənir. İndiki sənəd 2017-2019-cü illəri əhatə edir. Rusiyalı artistlər və kollektivlər Bakıda və Azərbaycanın regionlarında böyük uğurla çıxış edirlər. Məsələn, 2017-ci ildə Gəncəyə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı statusunun verilməsi münasibətilə Novruz bayramı günlərində təntənələr olub. İlin proqramı çərçivəsində maraqlı mədəniyyət tədbirləri keçirilib, yeniləri planlaşdırılır. Bir ay sonra Bakıda "Jara" musiqi festivalı strat götürür. Bu festival artıq ənənəyə çevrilib, həm tamaşaçılar, həm də burada həvəslə iştirak edən Rusiya estradasının ulduzları arasında böyük populyarlıq qazanıb.

Moskvanın və Rusiyanın digər şəhərlərinin aparıcı muzeylərində Azərbaycan rəssamlarının sərgiləri təşkil olunur, teatrlarımız qastrol səfərlərinə çıxır. Yəni Azərbaycanla Rusiyanın mədəni əməkdaşlıq yolunda sürətli ikitərəfli hərəkət müşahidə olunur. Məgər qonşular arasında başqa münasibətlər ola bilərdimi?

1news.az

Paylaş:
850

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər