Səyyar ASAN xidmət bu gündən Ağstafa, Saatlı, Gədəbəy və Ələtdə | 1news.az | Xəbərlər
İqtisadiyyat

Səyyar ASAN xidmət bu gündən Ağstafa, Saatlı, Gədəbəy və Ələtdə

11:18 - 10 / 07 / 2017
Səyyar ASAN xidmət bu gündən Ağstafa, Saatlı, Gədəbəy və Ələtdə

Bu gündən başlayaraq Səyyar ASAN xidmət yeni məntəqələrdə vətəndaşlara xidmət göstərməyə başlayacaq.

Bu barədə 1news.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) məlumat veriblər.

Məlumata görə, Səyyar ASAN xidmət 10 – 29 iyul tarixində Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, 10 – 19 iyul  tarixində Qaradağ rayonunun Ələt qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Həmçinin, səyyar avtobuslar 29 iyun – 28 iyul Xaçmaz şəhərində, 29 iyun – 13 iyul Abşeron rayonunun Qobu qəsəbəsində, 7 – 31 iyul İsmayıllı və Lerik rayonlarında, səyyar “ASAN qatar” isə 5 – 19 iyul Balakən şəhərində vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Babək Cahandarov

Paylaş:
1387

Son xəbərlər

Bütün xəbərlər