Allama Siddiki: "Azərbaycanda səfirlik açmaq planımız var"
Banqladeşlə Azərbaycanın siyasi əlaqələrinin səviyyəsi çox yaxşıdır və ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur.
Bunu 1news.az-a müsahibəsində Banqladeşin Azərbaycandakı səfiri (iqamətgahı Türkiyə) Allama Siddiki deyib.
Lakin diplomat iki ölkənin iqtisadi sahədə əlaqələrinin mövcud potensiala cavab vermədiyini əlavə edib:
“Ticarət dövriyyəsinin həcmi yüksək səviyyədə deyil. Bunun üçün Azərbaycan və Banqladeşdən olan iş adamları, biznes icması birgə çalışmalıdır. Ölkələrimiz iki müxtəlif coğrafi mövqedə yerləşir. Biri Mərkəzi Asiyada, ikincisi isə Yaxın Şərqdə, Asiyanın cənubunda. Coğrafi məsafə də bu məsələdə öz sözünü deyir. Hazırda Azərbaycanın Hindistandakı səfirliyi Banqladeşi n Türkiyədəki səfirliyi iki ölkə arasında əlaqələrin inkişafı üçün fəal çalışırlar”.
Diplomat Azərbaycanda səfirlik açmaq məsələsinə də toxunub. Onun sözlərinə görə, Banqladeş hökumətinin belə bir planı mövcuddur:
“Biz Azərbaycanla dost ölkəyik, çox yaxşı əlaqələrimiz var. Beynəlxalq forumlar çərçivəsində də əməkdaşlıq edirik. Banqaldeş hökumətinin Azərbaycanda səfirlik açmaq niyyəti var və əminəm ki, yaxın gələcəkdə bu, baş verəcək. Düzdür, səfirlik açılması bir qədər vaxt ala bilər, lakin belə bir niyyət var”.
Diplomatın sözlərinə görə, Banqladeşin dünya ölkələrində səfirlikləri azdır. Belə ki, cəmi 60 ölkədə səfirlik və 12 konsulluq fəaliyyət göstərir.
Səfir əlavə edib ki, iki ölkənin Xarici İşlə Nazilikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi gündəmdədir:
“İki ölkə XİN-ləri arasında bununla bağlı saziş var. Siyasi məsləhətləşmələrin birincisi iki il əvvəl Bakıda keçirilib. Biz Azərbaycandan nümayəndə heyəti dəvət etmişik. Bu il ərzində növbəti məsləhətləşmələr Dəkkədə olacaq. Bundan əlavə, gələn il Banqladeş Bakıda Milli Gününü qeyd etməyə hazırlaşır”.
Banqladeş Azərbaycanda öz turizm imkanlarını da təbliğ etmək niyyətindədir. Bunun üçün isə gələn il Bakıda keçiriləcək növbəti turizm sərgisində iştirak etməyi planlaşdırır.
A. Siddiki Banqladeşin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini deyib. Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin qəbul edilmiş beynəlxalq qətnamələr əsasında sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.
Pərvanə Sultanova