Azərbaycan və İran Dəmir Yolları arasında Anlaşma Memorandumu təsdiq edilib
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “İran İslam Respublikasının Dəmir Yolları” arasında dəmir yollarının inkişafına dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “İran İslam Respublikasının Dəmir Yolları” arasında dəmir yollarının inkişafına dair 2017-ci il martın 5-də Tehran şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərsin”.
1news.az