Universal tərcüməçi istifadəyə veriləcək
“Star Trek” elmi-fantastik filmindəki universal tərcüməçi tezliklə reallığa çevrilə bilər. Çinin axtarış nəhəngi olan “Baidu” şirkətinin proqramçıları səyahətçilərin Asiya ölkələri və ingilis dilində danışan ölkələrdə həyatını asanlaşdıran qurğu üzərində işə başlayıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, qurğunun iş prinsipi "Ulduz yolu" serialının personajları tərəfindən istifadə edilən analoji qurğunun işini xatırladır.
Smartfonlar üçün universal tərcüməçi proqramlar oxşar funksiyalara malikdir, amma “Baidu” şirkətinin yeniliyi telefonun batareyasının şarjını tam işlətməyəcək. Bundan başqa, “Baidu”nun tərcüməçisi “Wi-Fi” paylaya biləcək, çünki internetə qoşulma imkanı ilə təchiz ediləcək. Tərcüməçi qurğunun çəkisi təxminən 150 qram təşkil edir.
“Baidu” şirkəti tərcüməçi qurğunu yalnız satmağı deyil, həm də kirayə verməyi planlaşdırır. Həmin qurğunun satış və icarəsi əvvəlcə Çində başlanacaq, amma sonra “Baidu” yapon bazarını da fəth etməyə hazırlaşır. Dəstəklənən dillərin sayı hələ ki məlum deyil.
S.Xankişiyeva