Robert Prosineçki: “Azərbaycan yığmasında qalmayacam”
“Almaniyadan yeni gəldim. Zaqrebə çatmaq üçün 12 saat yol qət etmişəm”.
1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə səfər matçının ardından ölkəsi Xorvatiyaya gedən Prosineçki index.hr saytına açıqlama verib.
Sloveniyadan təklif alıb-almaması məsələsinə aydınlıq gətirən təcrübəli çalışdırıcı yayılan məlumatı təkzib edib: “Sloveniya ilə bağlı məlumatı bu gün öz qəzetlərimizdə oxumuşam. Yəqin ki, onlar mənimlə danışıq aparmaq istəsələr, zəng vurub, Sloveniyada çalışmağımı təklif edərlər. Ancaq hələlik heç kim zəng etməyib. Ola bilsin sabah bu baş verdi. Bu səbəbdən əlavə nəsə demək istəmirəm”.
Prosineçki AFFA ilə bu ilin sonuna qədər olan müqavilə müddətini uzatmayacağını da əlavə edib: “Bir dəfə demişəm ki, yeni təkliflər üzərində çalışacam. Vəziyyətə aydınlıq gətirmək üçün bir neçə gündən sonra Azərbaycana qayıdacam. Ancaq çox güman ki, Azərbaycan yığmasında qalmayacam”.
Babək Cahandarov