Bakıda beynəlxalq neft sammiti keçirilir
Bu gün Bakıda “Argus Media” beynəlxalq neft sammiti işinə başlayıb.
1news.az-ın məlumatına görə, iki gün davam edəcək tədbir Xəzər regionunda əsas görüşlərdən biri sayılır və beynəlxalq neft, nəqliyyat, ticarət şirkətlərinin, habelə nazirliklərin 250-dən çox rəhbər şəxsini bir araya gətirib.
Tədbirin iştirakçıları arasında energetika nazirinin müavini Natiq Abbasov, SOCAR prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz yer alıb.
İştirakçılar neft və neft məhsullarının, neft-kimya məhsullarının ixracı üçün logistik marşrutların inkişaf xüsusiyyətlərini, Xəzəryanı ölkələrin bazarlarında baş verən dəyişiklikləri nəzərdən keçirəcək, nəqliyyat infrastrukturunun genişləndirilməsi və müasirləşdirilməsi məsələlərini, eləcə də qaz layihələrinin inkişafı xüsusiyyətlərini müzakirə edəcəklər.
Sammitin sessiyalarında “Xəzər regionunun neft məhsulları bazarı”, Xəzər regionunda neft ixracının perspektiv istiqamətləri”, “Xəzər regionu ölkələrində neft və neft məhsulları bazarlarının inkişaf dinamikası”, “Xəzər regionunun nəqliyyat-logistika infrastrukturu”, “Azərbaycanda dəmiryol daşımalarının inkişaf meylləri”, “Qitələrarası dəmiryol dəhlizləri – Xəzər regionunda yeni imkanları”, “Xəzər regionunda maye yüklərin dəmiryol ilə daşınması” kimi mövzular müzakirə ediləcək. Həmçinin sammitdə “Azərbaycanın nəqliyyat infrastrukturunun vəziyyəti və inkişaf perspektivləri”, “Xəzər regionunda neft emalı”, “Xəzər regionunda mini neftayırma zavodlarının cari vəziyyəti və inkişaf perspektivləri”, “Xəzər regionunda dəniz daşımaları”, “Azərbaycanın Xəzər dəniz gəmiçiliyi idarəsinin neft və neft məhsullarını nəqletmə potensialı”, “Azərbaycanın kimya sənayesi: istehsal, daşıma, satış”, “Həmhüdud dövlətlərin neft-kimya bazarı”, “Xəzər regionunun qaz nəqletmə layihələri”, “Xəzər regionunun qaz dəhlizlərinin inkişafı – Cənub Qaz Dəhlizi” və digər mövzularda müzakirələr aparılacaq.
Babək Cahandarov