Tramp Yaponiyaya səfər edib
ABŞ Prezidenti Donald Tramp və xanımı Melania Yaponiyaya səfər ediblər.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə,13 günlük səfər müddətində ABŞ Prezidenti beş ölkədə olacaq. Yaponiyadan başlayan səfər Koreya Respublikası, Çin və Vyetnamı da əhatə edərək Filippində başa çatacaq.
Təyyarədə jurnalistlərin suallarını cavablandıran ABŞ Prezidenti bildirib ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə yaşanan gərginlik ABŞ üçün olduğu qədər, dünya üçün də ciddi əhəmiyyət kəsb edir. D.Tramp Filippində qatılacağı Şərqi Asiya sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və digər dövlət başçıları ilə görüşlərinin nəzərdə tutulduğunu vurğulayıb.
Səfər çərçivəsində qatıldığı ilk tədbirdə, ABŞ-Yaponiya birgə hərbi bazasında D.Tramp KXDR ilə bağlı danışarkən Birləşmiş Ştatların və regiondakı müttəfiqlərin hərbi qüdrətinin və potensialının mövcud təhdidlərin qarşısının alınmasında kritik rol oynadığını bildirib.
ABŞ Prezidentinin səfərinin gündəliyində əsas məsələlər KXDR ilə gərginliyin həll olunması, tərəfdaş ölkələrlə qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılması və s. təşkil edir.
S.Xankişiyeva