Bu ölkədə nikahdan kənar münasibət rəsmən yasaqlandı
Şərqi Afrika ölkəsi olan Burundidə nikahdan kənar əlaqələr qadağan edilib, sevgililərə isə ilin sonuna kimi evlənmək üçün möhlət verilib.
1news.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yerli mediaya istinadla yazıb.
Məlumata görə, may ayında ölkə prezidenti Pierre Nkurunziza nikahdan kənar əlaqələrin qadağan edilməsini nəzərdə tutan qanun imzalayıb. Hazırda nikahdan kənar münasibətdə olan cütlüklərə ilin sonuna qədər kilsə və ya rəsmi nikahla münasibətlərini rəsmiləşdirmək üçün möhlət verilib.
Yeni qanun həm cəmiyyətdə mənəvi dəyərlərin qorunması, həm də qadınların və uşaqların şikayətlərinin aradan qaldırılması məqsədini daşıyır. Burundidə qeyri rəsmi nikahdan doğulan uşaqların sayı yüksəkdir və bu cür uşaqlar mirasdan yararlana bilmirlər, qadınların da hər hansı hüquqi statusu yoxdur.
Ölkədə bir qrup isə bu təcrübənin cəmiyyətin inancına, mədəniyyətinə və ənənəsinə zidd olduğunu iddia edir.
1news.az