AFFA danışılmış oyunlarla bağlı iclas keçirib
Bu gün AFFA-nın inzibati binasında birinci divizionda çıxış edən klubların nümayəndələri ilə görüş keçirilib.
1news.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, tədbridə AFFA-nın baş katibi Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov iştirak ediblər.
Baş katib çıxış edərək iştirakçıları salamlayıb və birinci divizionda ötən mövsüm danışılmış oyunlarla bağlı ortaya çıxmış problemləri xatırladıb, bir neçə klub, fubolçu, hakim və inzibati işçinin sanksiyaya məruz qaldığını deyib. AFFA-nın bu məsələyə çox həssas yanaşdığını qeyd edən Elxan Məmmədov danışılmış oyunlarla əlaqədar məsələlərin gələcəkdə də hər zaman diqqət mərkəzində saxlanılacağını vurğulayıb.
AFFA-nın Hüquq və Kadr Məsələləri Şöbəsinin əməkdaşı, UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılov xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsulları, FIFA və UEFA-nın, həmçinin AFFA-nın İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib.
AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının üzvü Vasib Əkbərov idman oyunlarının nəticəsinin manipulyasiyası ilə əlaqədar məsələlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsində xüsusi maddələrin olduğunu deyib, bu kimi neqativ hallarla əlaqədar müvafiq məlumatlar daxil olduqda cinayət işi açıla biləcəyini, prosesin hüquq-mühafizə orqanlarının nəzarətində olacağını qeyd edib.
1news.az