Antalyada Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşü keçirilir
Bu gün Antalyada Türkiyə, Rusiya və İran xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Cavad Zərifin görüşü keçirilir.
1news.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, xarici işlər nazirlərinin görüşü Suriya böhranının tənzimlənməsi və noyabrın 22-də Soçidə keçiriləcək Türkiyə-Rusiya-İran sammitinə həsr olunub.
Üç ölkənin xarici işlər nazirləri bu formatda ilk dəfə ötən ilin dekabrında Moskvada görüşüb və Suriya böhranının tənzimlənməsi üzrə prosesin canlandırılması barədə razılığa gəliblər. Bir ay sonra isə Qazaxıstanın paytaxtında Astana formatı start götürüb.
Bu formatın iştirakçıları qarant ölkələr qismində Türkiyə, Rusiya və İran, digər tərəfdən Suriya hökuməti və silahlı müxalifətdir. Doqquz ay ərzində Astana danışıqlarının 7 raundu keçirilib, nəticədə Suriyanın cənub-qərbində, Şərqi Qutada, Hums şəhərində və İdlib vilayətində təhlükəsiz zonaların yaradılması barədə qərar verilib.
S.Xankişiyeva