İsrail Qəzza zolağı ilə sərhədi bağlayıb “Həmas”-ın mövqelərini bombaladı
İsrail hökuməti Qəzza zolağı ilə sərhəddə iki sərhəd buraxılış məntəqəsini bağlayıb.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “The Times of Israel” məlumat yayıb. Buna səbəb kimi son günlər Qəzza zolağından İsrail ərazisinin raketlərdən atəşə tutulması göstərilir.
Məlumata əsasən, “Erez” və “Kərəm Şalom” sərhəd keçidləri humanitar hallar istisna olmaqla, insanların və malların buraxılması üçün bağlanıb. Keçidlərin nə vaxt açılacağı barədə məlum verilmir.
Bu arada İsrail hərbçiləri raket atəşinə cavab olaraq Qəzza zolağını bombalayıb.
İsrail ordusunun mətbuat xidmətindən verilən məlumata görə, hərbi aviasiya “Həmas” hərəkatına məxsus üç obyektə zərbələr endirib.
“Obyektlərdən təlim mərkəzləri və silah-sursat anbarları kimi istifadə olunub”- deyə, məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən axşam İsrail hərbçiləri Qəzza zolağından atılan iki raketi vurub, daha bir raket sərhədyanı boş əraziyə düşüb.
1news.az