Vitse-spiker jurnalistlərə səsələndi: “Eşitdiniz, hörmətli jurnalistlər?...”
Milli Məclisin bu gün keçirilən iclasında birinci vitse-spiker, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədri Ziyafət Əsgərov mətbuatın və QHT-lərin Silahlı Qüvvələr üzərində nəzarətinə, məhdudiyyətin aradan qaldırılmasına edilən etirazlara münasibət bildirib.
1news.az APA-ya istinadən xəbər verir ki, Z. Əsgərov deyib ki, mətbuatın ordudan yazmasına Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsi ilə lazımı şərait yaradılır və bundan artığını etmək düzgün deyil.
O, ABŞ-ın İraqdakı əməliyyatları zamanı yaranmış vəziyyəti nümunə gətirib: “ABŞ-ın İraqda müharibə zamanı etdiyi kimi, biz də deyək ki, ümumiyyətlə, ordudan yazmaq lazım deyil? Belə edək istəyirsiniz? İndi ABŞ kimi deyək ki, “gedin, işinizlə məşğul olun, biz müharibə aparırıq?”
Vitse-spiker zaldakı jurnalistlərə üzünü tutaraq, “Eşitdiniz, hörmətli jurnalistlər? Nə var, onu yazın!” söyləyib.
Z. Əsgərov bildirib ki, Azərbaycan Ordusu dünyanın ən demokratik ordularındandır: “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsində ordunun siyasi proseslərə müdaxilə imkanlarının olacağını əks etdirən müddəa barədə fikirlər də düz deyil. Silahlı Qüvvələr təkcə ordudan ibarət deyil, ordunun daxili siyasətə aidiyyəti yoxdur. Daxildəki hansısa məsələlərlə Daxili Qoşunlar məşğul olacaq, ordu yox”.
Z. Əsgərov Azərbaycan Ordusuna düşməni öz ərazimizdən qovmaqla yanaşı, işğalçı ölkə ərazisində təqib etməsi səlahiyyətinin verilməsin təklif edən deputat Tahir Kərimlinin fikirlərinə də reaksiya verib: “Tahir müəllim, o halda bu, işğal sayılacaq”.
1news.az