Milli Məclis Seçki Məcəlləsinə dəyişiklikləri qəbul edib
Dekabrın 15-də Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib. Bildirib ki, 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının icrası ilə əlaqədar və qanunvericilik texnikası baxımından təkmilləşdirmək məqsədilə Seçki Məcəlləsinə dəyişikliklər təklif olunur. Ümumilikdə məcəlləyə 55 dəyişiklik təklif olunub.
Dəyişikliyə görə, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ var. Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Konstitusiyasının müvafiq maddəsində nəzərdə tutulmuş hallarda prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, habelə Konstitusiyasının müvafiq maddəsinə əsasən Prezidentin elan etdiyi halda növbədənkənar prezident seçkiləri keçirilir. Konstitusiyanın müvafiq maddəsində nəzərdə tutulmuş hallar növbəti prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar prezident seçkiləri təyin edilir.
Deputatlar təklif olunan dəyişikliklər barədə fikir və təkliflərini səsləndiriblər.
Sonra “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi qəbul edilib.
1news.az