L’Opinione: “Expo-2025” sərgisi ilə bağlı Bakıda böyük işlər görülür
İtaliyanın nüfuzlu “L’Opinione” qəzetində Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun tədqiqatçısı Domeniko Letisiyanın müəllifi olduğu “Azərbaycanın Expo-2025 üçün baxışı” sərlövhəli məqalə dərc edilib.
1news.az-ın verdiyi xəbərə görə, məqalədə müəllif beynəlxalq sərgilərin bəşəriyyətin inkişafında əhəmiyyətini qeyd edir, onların 160 ildən artıq müddətdə dünyada təhsilin, innovasiyanın və əməkdaşlığın təşviqinə böyük töhfə verdiklərini və ölkələrin bu sərgilər vasitəsilə öz mədəniyyətlərini, bacarıqlarını, memarlıq və texnoloji üstünlüklərini nümayiş etdirmək imkanı qazandıqlarını bildirir.
Müəllif beynəlxalq sərgilərin hazırda hər hansı bir ölkənin XX əsrdə milli nüfuz elementi hesab olunan sənaye uğurlarını göstərən imkan deyil, daha çox dövrümüzün ən vacib beynəlxalq xarakterli məsələlərinin müzakirə edildiyi qlobal platforma olduğunu yazır. Vurğulayır ki, “Expo-2025”-ə ev sahibliyi üçün paytaxt Bakı şəhərinin namizədliyini irəli sürmüş Azərbaycan da bu mövqedən çıxış edir və bu sərgiyə “İnsan kapitalını inkişaf etdirmək, daha yaxşı gələcək qurmaq” şüarı ilə gedir.
Müəllif insan kapitalı dedikdə birgə potensial, həmçinin istedad, fərasət, yaradıcılıq, bilik və təcrübənin birlikdə cəminin nəzərdə tutulduğunu qeyd edərək, “Expo-2025”-in Bakıda keçiriləcəyi təqdirdə insana xas sərhədsiz bilik və bacarıqların kəşfi və onların sivil cəmiyyətin rifahı üçün daha yaxşı tətbiqi yollarının təhlili baxımından əlverişli imkan olacağını diqqətə çatdırır.
Məqalədə “Expo-2025” sərgisi ilə bağlı Bakı şəhərində böyük miqyaslı işlərin görüldüyü bildirilir, həmçinin sərginin Bakının infrastrukturunu daha da inkişaf etdirəcəyi vurğulanır. Qeyd olunur ki, ölkəmizin sərgi ilə bağlı irəli sürdüyü məqsədləri üç kateqoriyada - istedad, həyatilik və müvəffəqiyyət kimi cəmləşdirmək olar və bunlar BMT-nin bir sıra davamlı inkişaf məqsədləri ilə eynilik təşkil edir.
Müəllif “Bakı EXPO-2025” üçün ayrılması nəzərdə tutulan sahə haqqında da məlumat verərək, sərgi ilə bağlı ölkəmizin müvafiq qurumları tərəfindən Bakı şəhərində innovativ və möhtəşəm parkın salınmasının nəzərdə tutulduğunu diqqətə çatdırır.
S.Xankişiyeva