Azərbaycan düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv edən PUA-ların ilkin sınaqlarına başlayıb
Azərbaycan düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv edən pilotsuz uçuş aparatlarının (PUA) ilkin sınaqlarına başlayıb.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Nazir qeyd edib ki, artıq kumilyativ başlıqlı pilotsuz uçuş aparatlarının ilkin sınaqlarına başlanılıb:
"Bu, düşmənin həm canlı qüvvəsini, həm də hərbi texnikasını məhvetmə qabiliyyətinə malik olacaq, yəni özü müəyyənləşdirib, özü də məhv edəcək. Həmçinin, bir sıra ölkələrlə elektro-impulslu silahların yaradılması istiqamətində danışıqlar aparılır. Artıq bu işlərin icrasına başlamışıq”.
İsrail şirkəti ilə birgə müəssisənin yaradıldığını deyən Y.Camalov bildirib ki, Azərbaycan müxtəlif təyinatlı pilotsuz uçuş aparatları istehsal edir: "Türkiyənin “Aselsan” şirkəti ilə bir neçə istiqamətdə danışıqlar aparırıq. Artıq “Alov” zavodunda servis xidmətinin yaradılması ilə bağlı qərar qəbul edilib. 2018-ci ildə Türkiyənin bir sıra şirkətləri ilə və digər ölkələrin müvafiq qurumları ilə layihələr həyata keçirmək niyyətindəyik".
Nazir qeyd edib ki, bu layihələr sırasında 23 millimetrlik snayper tüfəngini yaradıb silahlanmaya daxil etmək var: "Bundan əlavə, düşmənin pilotsuz uçuş aparatlarının endirmək üçün cihazların hazırlanması istiqamətində işlər gedir. Eyni zamanda, idarə olunmayan aviasiya bombalarının idarə olunan variantına gətirilməsi ilə bağlı layihələr də həyata keçiriləcək".
S.Xankişiyeva