Azərbaycan millisinin üzvləri polis tərəfindən saxlanılıb – FOTO – VİDEO
Velosiped idmanının şosse növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin “Synergy Baku” kontinental klubunun üzvləri bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
1news.az-ın Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, bu haqda Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev sosial şəbəkədə məlumat verib.
O bildirib ki, onları müşayiət edən avtomobil də daxil olmaqla velosipedçilərin hamısı Qala qəsəbəsində yerləşən 12 saylı cərimə meydançasına aparılıb:
“Məlumat üçün bildirmək istəyirəm ki, məşq prosesləri zamanı velosipedçilər və məşqçilər tərəfindən təhlükəsizlik qaydalarına hər zaman tam riayət olunur və mütləq şəkildə idmançıları federasiyanın avtomobilləri müşayiət edir. Bundan başqa, qrup şəklində məşqə çıxan velosipedçilər hər zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun bütün tələblərinə riayət edirlər.
Artıq bir neçə ildir ki, velosipedçilərimiz məşq prosesini məhz bu cür keçirlər və onların kütləvi şəkildə YPX tərəfindən cərimə meydançasına aparılması ilk dəfədir baş verir. Bilmirsən güləsən, yoxsa ağlayasan?”, – deyə P.Musayev yazıb.
S.Xankişiyeva