Azərbaycan-Türkiyə-İran XİN rəhbərlərinin birgə Bəyannaməsi -TAM MƏTN   | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Türkiyə-İran XİN rəhbərlərinin birgə Bəyannaməsi -TAM MƏTN  

14:15 - 20 / 12 / 2017
Azərbaycan-Türkiyə-İran XİN rəhbərlərinin birgə Bəyannaməsi -TAM MƏTN   

Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün yekunlarına dair qəbul olunmuş Bakı Bəyannaməsinin mətni açıqlanıb.

 XİN-in mətbuat xidmətindən 1news.az-a daxil olan Bəyannamədə deyilir: "Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə 3 dövlətin xarici işlər nazirlərinin Beşinci Üçtərəfl Görüşü 20 dekabr 2017-ci il tarixində Bakı şəhərində keçirildi.

 Nazirlər,

Xarici işlər nazirlərinin bundan əvvəlki Üçtərəfli Görüşlərdə qəbul olunmuş Urmiya, Naxçıvan, Van və Ramsar Bəyannaməsindəki öhdəliklərini vurğuladılar;

 Regionda sülh, təhlükəsizlik, rifah və əməkdaşlığa xidmət edəcək dərin tarixi köklər, din və mədəni ortaqlıqlara əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı, habelə paylaşılan dəyərləri daha da gücləndirmək üçün öhdəliklərini bir daha təsdiq etdilər;

Xüsusilə iqtisadi tərəqqi və davamlı inkişafa töhfə verə biləcək sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün öhdəliklərini xüsusi qeyd etdilər;

Regionda sülh və təhlükəsizliyin gücləndirilməsi üçün ümumi maraqlarını xüsusi vurğuladılar və bu konteksdə suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına hörmət və bütün mübahisələrin sülh yolu ilə həlli daxil olmaqla beynəlxalq hüququn prinsipləri üzrə öhdəliklərini qeyd etdilər;

Bu xüsusda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münsqişəsinin yuxarıda qeyd olunan prinsiplər əsasında ən qısa müddətdə həllinin vacibliyini bir daha qeyd etdilər;

Müxtəlif səviyyə və platformalarda, habelə BMT, İƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimadın Yaradılması Konfransı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində regional və beynəlxalq sülh, təhlükəsizlik və stabilliyin gücləndirilməsi məqsədilə ümumi maraqlar kəsb edən regional və qlobal məsələlərə dair sıx məsləhətləşmələrin davam etdirilməsinə razılaşdılar;

Əl-Qüds Əl-Şəriflə əlaqədar 13 dekabr 2017-ci il tarixində İstanbulda keçirilmiş İƏT-in Fövqəladə Sammitinin bəyannaməsini və yekun kommunikesini alqışladılar;

İqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi, sərmayə və ticarətin təşviqi naminə mövcud potensialdan istifadə, o cümlədən enerji, nəqliyyat, bankçılıq, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahəsində birgə layihə və proqramların həyata keçirilməsi ilə əməkdaşlığın təşviqinə dəstək verilməsinə razılaşdılar;

Beynəlxalq tranzit dəhlizləri və coğrafi cəhətdən əlverişli yerləşən üç ölkənin tranzit potensialının artırılması, eləcə də beynəlxalq tranzit sisteminə inteqrasiya etmək üçün əhəmiyyətli addımların atılmasını xüsusi vurğulayaraq, nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması naminə yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd etdilər;

Sosial-iqtisadi inkişaf naminə Asiya və Avropa arasında rəqabətli tranzit nəqliyyatının kəmiyyət və keyfiyyətini artırmaq üçün strateji cəhətdən əhəmiyyətli olan genişmiqyaslı beynəlxalq nəqliyyat layihələrində üç ölkənin iştirakının vacibliyini xüsusi vurğulayaraq, “Şərq-Qərb”, “Cənub-Qərb”, “Şimal-Cənub” marşrutlarında üç ölkənin tranzit potensialdan istifadəyə əlverişli şərtlər yaradan Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsini alqışladılar, Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanması üçün lazımı addımların atılmasının vacibliyini qeyd etdilər;

Mülki aviasiya sahəsində yüksək potensiala nail olmaq üçün əməkdaşlığın gücləndirilməsi, eləcə də üç ölkənin coğrafi üstünlüklərindən daha da faydalanmağın əhəmiyyətini vurğuladılar;

Neft, qaz və neft-kimya sahəsində kommersiya əməkdaşlığının artırılmasına hazır olduqlarını ifadə etdilər;

Üç ölkənin bank şəbəkəsi arasında əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi, habelə beynəlxalq bankçılıq prosedurları, həmçinin, çirkli pulların yuyulması və terrorun maliyyələşdirilməsi üzrə təcrübə və informasiyanı paylaşmağa razılaşdılar;

Regionda rəqəmsal uçurumların aradan qaldırılması məqsədilə informasiya strukturunun yaradılması və idarə edilməsi üçün üç ölkə arasında davam edən əməkdaşlığın əhəmiyyətini vurğuladılar;

Qlobal və regional iqtisadi təşkilatlar çərçivəsində əməkdaşlığın zəruriliyini, bu təşkilatların diqqətini ticarət, nəqliyyat, turizm, kənd təsərrüfatı, kommunikasiya və enerji sahəsi kimi prioritet sahələrə cəlb edilməsi, eləcə də bu institutlar tərəfindən üç ölkənin ümumi marağında olan layihələrin həyata keçirilməsinin təşviq edilməsi və dəstək göstərilməsini qeyd etdilər;

2015-ci ilin sentyabr ayında BMT tərəfindən qəbul edilən 2030 dayanıqlı inkişaf gündəliyinin müvafiq məqsədlərinə nail olmaq naminə ətraf mühitin pozulmasının azaldılması və qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini xüsusi qeyd etdilər;

Beynəlxalq və ya regional təşkilatlarda üç ölkənin namizədliyinin müsbət mənada qiymətləndirilməsinə razılaşdılar və bu mənada EXPO 2025-in Azərbaycan Respublikasında keçirilməsi üçün Bakının namizədliyini alqışladılar;

Etnik, irqi, dini və etiqada əsaslanan dözümsüzlüyün və ayrı-seçkiliyin bütün formalarını pisləyərək, müxtəlif mədəniyyətlər, sivilizasiyalar və xalqlar arasında dözümlülüyün tərbiyə edilməsi, hörmət, dialoq və əməkdaşlığın əhəmiyyətini qeyd edərək, 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyətini xüsusi qeyd etdilər;

Terrorizm, separatizm və zorakı ekstremizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayət və narkotik vasitələrin və onların daşıyıcılarının, silahların qeyri-qanuni dövriyyəsi, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətkarlıq və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini qeyd etdilər; İran İslam Respublikasının təşəbbüsü ilə “Dünya ekstremizm və zorakı ekstremizmə qarşı” başlıqlı BMT Baş Assambleyasının A/RES/68/127 nömrəli qətnaməsini qeyd etdilər;

Öz ərazilərindən hər hansı bir insan və ya şəxsi qrupların istənilən nəticələr altında, bir-birinə qarşı istənilən təhlükə və fəaliyyətə qarşı istifadə etməsinə icazə verməyəcəklərini qətiyyətlə bəyan etdilər; separatizmə xarici dəstəyi kəskin şəkildə qınadılar;

Milli və beynəlxalq səviyyədə insan hüquqlarının təşviqi və müdafiəsi üzrə öhdəliklərini vurğuladılar və bəyan etdilər ki, dünyada bütün insanların hüquqlarının təşviq və müdafiəsinə əməkdaşlıq və dialoq vasitəsilə daha yaxşı nail olmaq olar;

Çoxtərəfli danışıqlar və diplomatiyanın uğurlarını əks etdirən Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) əhəmiyyətini vurğuladılar; etiraf etdilər ki, JCPOA-nın uğurla yerinə yetirilməsi JCPOA-da təmin olunan faydalardan tam yararlanmaq məqsədilə onlara icazə verilməsi üçün bütün iştirakçılar tərəfindən öhdəliklərin tam yerinə yetirilməsini tələb edir; BMT TŞ-nin 2231 (2015) saylı qətnaməsinin tərkib hissəsi olan Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən təsdiq edildiyi kimi İran İslam Respublikasının JCPOA-da öhdəliklərinə əməl etməsini nəzərə alaraq, bütün BMT üzvlərinə JCPOA-in həyata keçirilməsinə töhfə verəcəklərinə dair öhdəliklərini xatırlatdılar;

İslam Dünyasının qarşılaşdığı çağırışlara qarşı durmaq məqsədilə islam həmrəyliyinin təşviq edilməsinin əhəmiyyətini qeyd etdilər və islam qardaşlığının, anlayış və dözümlülüyün gücləndirilməsi üçün daha fəal və səmərəli əməkdaşlıq edilməsi niyyətini ifadə etdilər. Bu xüsusda, islam mədəniyyəti və dünyada mənəvi dəyərlərin təşviqi baxımından 2017-ci il 12-22 may tarixlərində Bakıda yüksək səviyyədə keçirilmiş 4-cü İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini qeyd etdilər.

Bundan əvvəlki görüşlərdə qəbul olunan qərarların, o cümlədən 2016-2018-ci illər üzrə Üçtərəfli Sahəvi Əməkdaşlıq Fəaliyyət Planının təqib edilməsinin əhəmiyyətini vurğuladılar;

Üçtərəfli formatda regional və qlobal məsələlərə dair əlaqələndirmə və əməkdaşlığın davam etdirilməsi üçün mütəmadi keçirilən görüşlərin əhəmiyyətini bir daha qeyd etdilər;

Növbəti görüşün Türkiyədə keçirilməsinə dair razılığa gəldilər".

Bəyannaməni Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, İranın  xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu imzalayıblar.

1news.az

12:54

Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, görüşün yekununda birgə Bəyannamə qəbul olunub.

1news.az

Paylaş:
677

Son xəbərlər

RİNN-in saytında COP 29-la bağlı bölmə yaradılıb04 / 11 / 2024, 17:52İstanbulda “Səninləyik, Türkiyə” kitabının təqdimatı keçirilib04 / 11 / 2024, 17:50İran Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək04 / 11 / 2024, 17:47Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi04 / 11 / 2024, 17:31Rəşad Məcid: “Yeni telekanalda yüksək səviyyəli komanda formalaşdırılıb”04 / 11 / 2024, 17:23Maya Sandu 55,41 faiz səslə qalib gəlib04 / 11 / 2024, 17:14Kapital Bank-ın dollar istiqrazlarına maraq böyükdür04 / 11 / 2024, 17:12ASCO yaxın 3 ildə 65 köhnə gəmini donanmasından çıxaracaq04 / 11 / 2024, 17:10AFFA rəsmisi UEFA Konfrans Liqasının oyununa təyinat alıb04 / 11 / 2024, 16:52Bakıda restoranda yanğın olub04 / 11 / 2024, 16:45Mastercard və ABB dayanıqlılıq hakatonuna başlayır04 / 11 / 2024, 16:24COP29 üçün Azərbaycana gələnlərə viza pulsuz veriləcək - RƏSMİ04 / 11 / 2024, 16:22ADY ötən ilin rekordunu təzələyir - 6,9 milyondan çox sərnişin daşınıb04 / 11 / 2024, 16:09Leysan yağacaq, çaylardan sel keçəcək - Növbəti iki günlə bağlı XƏBƏRDARLIQ04 / 11 / 2024, 15:52Xəzərdə Azərbaycan-İran birgə təlimi keçirilib - FOTO04 / 11 / 2024, 15:42Hərbi prokuror hərbi qulluqçularla görüşüb04 / 11 / 2024, 15:36İrandan Azərbaycana 16 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb04 / 11 / 2024, 15:19Dönərin bişirildikdən sonra yararlılıq müddəti 12 saata qədər müəyyən edilib04 / 11 / 2024, 14:24YPX avtomobilləri də texniki baxışdan keçirildi - VİDEO04 / 11 / 2024, 14:10Azərbaycan - Estoniya oyununun biletləri satışa çıxarıldı04 / 11 / 2024, 14:02
Bütün xəbərlər