Riyaz Sarıkahya: 14 ildir Kərkükü kürdlər idarə edir, qoy 14 il də turkmanlar etsin, nə olacaq ki?! | 1news.az | Xəbərlər
Siyasət

Riyaz Sarıkahya: 14 ildir Kərkükü kürdlər idarə edir, qoy 14 il də turkmanlar etsin, nə olacaq ki?!

12:46 - 21 / 12 / 2017
Riyaz  Sarıkahya: 14 ildir Kərkükü kürdlər idarə edir, qoy 14 il də turkmanlar etsin, nə olacaq ki?!

Hazırda İraqa turkmanların altı siyasi partiyası fəaliyyət göstərir. Bu partiyalardan biri Kərkükdə və bütün turkmanlar arasında böyük nüfuza sahib olan Turkmaneli Partiyasıdır. İraqa səfər zamanı həmin partiyanın sədri, İraq parlamentinin sabiq üzvü Riyaz  Sarıkahya ilə görüşüb, turkmanların, Kərkükün gələcəyi, kürd problemi, ölkənin İŞİD-dən sonrakı durumu ilə bağlı ətraflı söhbət etdik:

- Turkmanların çətinlikləri yeni ortaya çıxmayıb, İraq dövləti yarandığı gündən xalqımız bu sıxıntıların içindədir. Həmişə haqsızlızla üz-üzə qalmışıq. Xüsusilə də Səddam Hüseynin zamanında türkmənlərə münasibət sərt olub. Açıq-aşkar turkmanların ərəbləşdirilməsi siyasəti yürüdülüb. Hətta iş o yerə çatıb ki, bir çox turkman özü ərizə yazaraq ərəb olmaq istəyib. Səddamın dövründə çox sayda turkman siyasətçi və ziyalı edam olunub, həbs edilərək zindanlara atılıb. O, türk millətinə qarşı aşkar düşmənçilik edib. Əslində tək turkmanlar yox, İraqdakı bütün şiələr, eləcə də kürdlər Səddamdan sərt münasibət görüb. Amma o, devrildikdən sonra bizdən başqa hamı hüquqlarını əldə edə bilib.
Amerika bölgəmizə yerləşəndən sonra yerli idarəetməni turkmanlara deyil, kürdlərə, daha dəqiq desək, iki kürd partiyasına verdi. Onlar da öz növbələrində bölgəni kürdləşdirmək üçün turkmanların hüquqlarını tapdadılar. Son dörd il ərzində Kərkükün milliyətcə kürd olan valisi Nəcməddin Kərim də çox radikal və millətçi siyasət yürütdü, bölgəmizdə, belə demək mümkündürsə, silahlı dəstələr yaratdı. O, Kərkükdə hər şeyi kürdlər üçün etdi, turkmanları bacardıqca idarəetmə işlərindən kənarda saxladı. Özbaşınalığı o həddə çatdı ki, altı ay əvvəl Kərkük və çevrəsindəki bütün dövlət qurumlarının üzərinə kürd bayrağı asdırdı. Bununla da bölgədə gərginlik son həddə yüksəldi və İraq mərkəzi hökuməti hərəkətə keçdi: İraq parlamentində müzakirələrə başlanıldı, federal məhkəmələrə şikayət edildi və sair. Bundan sonra Bağdad qərar verdi ki, Kərkükdə qaldırılan kürd bayraqlarının heç bir qanuni istinadı yoxdur və endirilməli, yerinə İraqın dövlət bayraqları asılmalıdır. Ardıyla da Nəcməddin Kərim vali vəzifəsindən çıxarıldı. Bölgəmizdə dövlətçiliyin bərpası yönündə görülən bütün bu işlərdə isə biz türkmənlərin çox ciddi rolu olub.

- Kürdüstanda keçirilən məlum referendumla bağlı turkmanların mövqeyi necə oldu, partiya rəhbərləri və siyasətçilər olaraq nələr etdiniz?

- Təbii ki, etirazımızı bildirdik, Kərkükün referendum bölgəsinə aid edilməsi ilə razılaşmadıq, İraqın ərazi bütövlüyünü dəstəklədik və mərkəzi hökumətin tərəfində dayandıq. Türkiyə və İran da bu məsələdə bizi dəstəklədi, BMT nümayəndəliyi də turkmanların mövqeyini alqışladı. Ümumilikdə yanaşsaq, İsrail istisna olmaqla dünyanın bütün dövlətləri Kürdüstanda keçirilən referenduma qarşı çıxdılar.
Kürdlər hökumətin verdiyi qərar və təlimatları görməməzliyə vururdular. Elə buna görə də, hökumət Kərkükə ordu yeritməyə məcbur oldu...

- İndi ölkə xaricindən baxanda “Haşdi Şabi”nin rolu daha qabarıq görünür...

- Kərkükün azad olunmasında ordu ilə yanaşı federal polis və dediyiniz “Haşdi Şabi” birlikdə çalışıb. Onu da deyim ki, bu gün bölgəmizdə yerləşən “Haşdi Şabi” birliklərində turkman döyüşçülər çoxluq təşkil edir. Onlar birlikdə kürd separatçılarını bölgəmizdən vurub çıxardılar. Amma təəssüf ki, Kərkükdə və çevrəsində gərginlik hələ tam aradan qalxmayıb.

- Ordu Kərkükə daxil olarkən çox sayda kürd şəhəri tərk edib. Səbəb nə idi?

- Gedənlərin əksəriyyəti bölücülüyü dəstəkləyənlərdir və onları da kimsə evlərindən çıxmağa məcbur etməyib. Buna baxmayaraq, xarici kluarlarda belə bir rəy formalaşıb ki, guya ordu onları zorla sürgün edib, əslində isə, bayaq dediyim kimi, özləri gediblər.

- Bəs Kərkükün gələcək vəziyyətini becə görürsünüz?

- Məncə əvvəlki vəziyyət bir daha təkrarlanmayacaq və hətta ordu bölgəmizi tərk etsə belə, peşmərgə buralara qayıtmayacaq. Çünki kürd hərəkatının öz içində parçalanma baş verir. Bərzaninin partiyası Tələbaninin partiyasını xəyanətdə günahlandırır. Referendumdan sonra kürdlər siyasi arenada çox şeyi itirdilər. Bu yandan da İraq xalqları kürd partiyalarına qarşı müəyyən mövqe tutublar.

- Kürdlər ancaq Kərkükdən çıxıb, yoxsa başqa yerlərdən də?

- Tuzhurmatuda yaşayan kürdlər tutduqları yanlış mövqe üzündən İraq ordusu gələr-gəlməz Kürdüstana köçüblər. Sonra da BMT və digər qurumlara şikayət ediblər ki, guya onları qovublar. Hansı ki, burada köçürülmədən söhbət gedə bilməz, hərbi toqquşma baş verib və onlar ərazidən köç ediblər. Amma biz deyirik ki, keçmişdə baş verənlərə rəğmən problemlər siyasi yolla çözülsün və bu müstəvidə bəzi keçici modellər təklif edirik.

- Hansı modellərdən söhbət gedir?

- Beşi şiə, dördü sünni olmaqla doqquz nəfərlik Turkman Əlaqələndirmə Qrupu yaradılıb ki, məhz həmin qrup bizi istər İraq hökumətində, istərsə də BMT və digər beynəlxalq müstəvilərdə təmsil edir. Həmin qrup təklif irəli sürüb ki, Kərkükdə idarəetmə sistemi 32 faiz prinsipi ilə turkman, ərəb və kürdlər arasında bölünsün, 4 faiz də xristianlara verilsin. Bu təklifdə valinin bir müddət turkmanlar arasından seçilməsi tələbi var. Əgər bu model keçməzsə, o zaman Kərkükün baş nazirin təyin edəcəyi üç vali yardımçısı tərəfindən idarə edilməsini istəyirik. Amma dediyim bu model irəlidəki beş ay üçün qüvvədə olacaq. Onsuz da beş aydan sonra yeni seçkilər keçiriləcək.

- Bəs kürdlərin buna münasibəti necədir?

- Bərzani qrupu deyir ki, ordu orada olduğu müddətdə Kərkükə gəlməyəcəklər. Tələbaninin tərəfdarları isə deyir ki, ordu olsa da, gələ bilərlər, özü də əliyalın – silahsız. Amma bir şərtlə ki, vali kürd olsun, məclis sədri turkman, vali müavini isə ərəb, qalan qurumlar da 32 faiz nisbətində bərabər bölünsün. Hələlik, tərəflər arasında danışıqlar gedir. Bu günlərdə prezident və iki müavini birlikdə Kərkükə üz tutaraq tərəfləri razılığa gəlməyə çağırıblar. Hətta təklif olunur ki, baş nazirlə BMT-nin İraq bürosunun rəhbəri ilə birlikdə Kərkükdəki tərəfləri bir araya gətirsin və razılaşma imzalansın.

- Valinin turkmanlar arasından seçilməsi isrardır, yoxsa güzəştə yer var?

- Yox, israr edirik, amma qarşı tərəf də israrlıdır. Məlumunuz olsun ki, İraqda kürdlərin dörd valisi var, qalanları da ərəblərdir. Yalnız turkman vali yoxdur. Ona görə də turkman şəhəri olan Kərkükdə bu vəzifə bizə çox görülməməlidir. 14 ildir Kərkükü kürdlər idarə edir, qoy 14 il də turkmanlar etsin, nə olacaq ki? Bunlar tərəflər arasında müzakirə edilə bilən məsələlərdir.
Vali icraedici hakimiyyət olduğu üçün səlahiyyətləri daha geniş və nəzərəçarpandır. Məclis isə sırf tövsiyyəverici orqandır deyə, bir o qədər təsirli deyil. Həm də ki, sağlam idarəetmə sistemi mövcud olan yerlərdə bir-birinin işinə nəzarət mexanizmi mövcud olur. Bunu Kərkük üçün demək, hələ çox tezdir.
Qeyd edim ki, Kərkükdə polisin 80 fazii kürd və ərəblərdir. Qanuna görə, polisin siyasi partiyaların qərargahlarına girməsi yolverilməzdir, amma bu kağız üzərində qalıb. Bizdə polis, necə deyərlər, mafiyalaşmış vəziyyətdədir, özləri vaxtaşırı millətə zərər verməkdədirlər. Amma siz deyən kimi, rəisi turkman seçilərsə, polis də daha az ziyanlı olar. Çünki biz polisdən də çox zərər görmüşük.



- Ordu və “Haşdi Şabi” şəhərdədir, bu insanların təhlükəsizliyinə tam təminat verir?

- Təhlükəsizliyin təmin olunması turkmanların narahatlığını aradan qaldırıb. Amma bu şəhər daxilində belədir. Kərkükün ətraf kənd və qəsəbələrində isə vəziyyət bir az qarışıqdır. Hər gün adam oğurluğu, güllə ilə vurulma halları yaşanır, Tuzhurmatu hətta top atəşinə məruz qalır. Bunu edənlər yalnız İŞİD terrorçuları deyil, PKK silahlıları, İŞİD-dən ayrılmış aşırı islamçılar, kürd partiyalarındakı bölücü qruplar birlikdə hərəkət edir. Bölgədə gərginlik davam etdikcə sakitliyimiz olmayacaq. Amma yenə də ümid edirik ki, hər şey yaxşı qurtaracaq. Biz türkmən olaraq kürdləri öz qardaşlarımız bilirik, mədəniyyət, sosial yaşam ortaqlığımız mövcuddur, xalqlarımızı bir çox hallarda qohumluq bağları birləşdirir. Bizim işimiz ancaq bölücü kürd partiyaları ilədir ki, inşallah, onlar da bu fəaliyyətlərindən vaz keçərlər, oturub birlikdə bölgəmizin sağlam gələcəyi üçün birlikdə planlar cızarıq.

- O da bəllidir ki, Kərkük Türkiyə-İran-İraq üçlüyünün birgə səyi nəticəsində qurtulub. Bu üçlük gələcəkdə təhlükəsizliyə təminat verirmi?

- Oktyabrın 29-da Türkiyədə prezident Ərdoğanla görüşdə dedim ki, Kərkük üç dövlətin səyi nəticəsində rahat nəfəs aldı. Amma bu üç ölkənin ittifaqı nə qədər davam edəcək? Ona görə də bizi gücləndirin ki, ittifaq dağıldığı halda ayaqda dayana bilək.
İndi  Mosul və Təlafər bölgəsində vəziyyət doğrudan da çox ağırdır. Təlafərdə yaşayış evlərinin 20 faizi yerlə bir edilib, məktəblər, xəstəxanalar dağıdılıb, yandırılıb. Təlafər ətrafında yerləşən Ayaziyyədə isə evlərin 80 faizi məhv edilib. Bu gün Bağdad, Nəcəf, Kərbəla, Duhok, hətta Türkiyədə ümumilikdə 150 minədək təlafərli qaçqın məskunlaşıb. Müharibədən əvvəl 400 mindən çox insanın yaşadığı Təlafər Türkməneli bölgəsində ən iri rayonudur. Bölgə İŞİD-dən geri alınsa da, insanlar ev-eşiklərinə geri qayıda bilmirlər. Çünki həm evlər dağıdılıb, həm elektrik, içməli su qıtlığı yaşanır, məktəblər, xəstəxanalar partladılıb, həm də çox yerlər, evlər belə minalanıb. Adamlar evlərinə girə bilmirlər, qapını açmaq istəyir, bomba partlayır. Təəssüf ki, minaların zərərsizləşdirilməsi və dağıntıların aradan qaldırılması prosesi çox ləng gedir. Bu da türkmənlərin geri dönüşünü ləngidir. Əlbəttə, biz bu vəziyyətdən narahatıq. Artıq 4 ildir başqa yerlərdə məskunlaşan qaçqınlar bir-iki ilə də evlərinə qaytarılmasa, bir daha dönməyəcəklər. Çünki onlar məskunlaşdıqları yerlərdə ev tikir, iş-güc sahibi olurlar.
Minaların təmizlənməsi üçün mütləq xaricdən yardım göstərilməsi lazımdır. Türkiyə zaman-zaman İraq turkmanlarının vəziyyəti ilə maraqlanır, Azərbaycandan da eyni münasibəti gözləyirik. İraq turkmanları Azərbaycanın bir parçasıdır. Bu gün Azərbaycan türkcəsi yalnız Azərbaycan dövlətində, İran Azərbaycanında deyil, həm də İraqda yaşamaqdadır.

- Türkmən siyasi partiyaları beş aydan sonra keçiriləcək seçkiyə vahid komanda şəklində gedə bilərlərmi?

- Tuzhurmatu və Təlafərdə seçkiyə fərqli partiyalar şəklində qatılmaq səmərəli ola bilər, çünki oralarda tamam başqa şərait hakimdir. Kərkükdə isə turkman partiyaların mübarizəyə ittifaq şəklində girməsi, məncə də, çox vacibdir. Hazırda bizim Kərkükdən iki millət vəkilimiz var, amma ittifaq şəklində qatılsaq seçkiyə, əminəm ki, dörd mandat qazana bilərik.
İraqda indi altı turkman partiyası var. Çalışıb turkman partiyalarının hamısını gücləndirməliyik. Çünki bu altı partiyadan yalnız ikisinin – Turkmaneli Partiyası və İraq Turkman Cəbhəsinin ölkənin digər yerlərində büroları fəaliyyət göstərir. Turkmən Cəbhəsinin binaları bizimkindən daha çoxdur, amma layihə və proqramlara gəldikdə, biz türkmən partiyaları arasında birinciyik. Hətta digər partiyalar bizim proqramlardan bəhrələnir. Ona görə də bəzən bizim partiyanı Turkman İdeya Partiyası da adlandırırlar. Turkmaneli Partiyası türkmən milli hərəkatının mərkəzi hesab olunur. Şəxsən mən artıq 24 ildir partiya sədri olaraq fəaliyyət göstərirəm ki, bu qədər siyasi iş təcrübəsi olan ikinci türkmən lider yoxdur.

- Turkman siyasi hərəkatını gücləndirmək üçün nələri təklif edirsiniz?

- Öncə Turkman Məclisi yaradılmalıdır – bu milli hərəkatın inkişafı üçün çox vacibdir. Sonra, hər bir partiyanı gücləndirmək lazımdır. Hesab edirəm ki, hər partiyanın ən azı 30 ofisi olmalıdır. Hansı ki, əksər partiyalarımız, məsələn, “Qərar” (“Karar”), “Ədalət” və s.  partiyalarımız bir binada oturub, fəaliyyət göstərir. Turkmən mətbuatı genişlənməlidir. Cəmi iki telekanalımız var, onlar da peşəkar deyillər.

- Turkmən torpaqlarının federal bölgəyə çevrilməsi, yəni Kürdüstanda olduğu kimi, muxtariyyət əldə etməsi mümkündürmü?

- Məncə bu, çox yaxında baş verəcək. Öncə çalışırıq ki, ayrı-ayrılıqda Təlafərlə Tuzhurmatuya vilayət statusu verilsin. Daha sonra iki vilayətin əsasında Turkmanelinə muxtariyyət alaq. Eyni zamanda, Kərkük və Mosulun da statusu müəyyənləşməlidir. Yaddan çıxarmayaq ki, Mosulun Türkiyə üçün əhəmiyyəti Şimali Kiprdən daha böyükdür. Bu səbəbdən də türk milləti olaraq birləşib, bir araya gəlməyimiz lazımdır. Demirəm ərazilərimiz bir-birinə qatılmalıdır, yox, Avropa Birliyində olduğu kimi, əməkdaşlıq etməliyik. Məsələn, Türkiyə-Azərbaycan və ya Azərbaycan-Türkmənistan kimi. Bu mənim şəxsi görüşümdür və inşallah, biz görməsək də, gələcək nəsillər mütləq türk birliyinin yarandığını görəcəklər.

Pərvanə Sultanova

Bakı-Kərkük-Bakı

Paylaş:
1007

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər