“İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin yubiley nəşri – 50-ci kitabı çapdan çıxıb | 1news.az | Xəbərlər
Siyasət

“İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin yubiley nəşri – 50-ci kitabı çapdan çıxıb

12:55 - 25 / 12 / 2017
“İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin yubiley nəşri – 50-ci kitabı çapdan çıxıb

2008-ci ilin dekabr ayından başlayaraq nəşr olunan “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyi dövlətimizin uğurlu daxili və xarici siyasətini, ölkəmizin sosial-iqtisadi həyatının müxtəlif sahələrini, beynəlxalq aləmdə mövqeyini, bir sözlə, ən yeni tariximizi əks etdirən və bununla da fəaliyyət istiqamətlərimizi müəyyənləşdirən dəyərli kitablardır.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu günlərdə çoxcildliyin yubiley nəşri - 50–ci kitabı çapdan çıxıb.

İnkişaf Prezidentin və xalqın məqsədidir

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyi müasir həyatımızın güzgüsü, vaxtaşırı müraciət etdiyimiz nəşrlərdir.

Çoxcildliyin ilk kitabında yer almış "Biz istəyirik ki, Azərbaycanın hər bir bölgəsi, lap ən balaca, kiçik kəndi, qəsəbəsi, rayonu da inkişaf etsin... Bizim məqsədimiz budur. Əminəm ki, bu, bütövlükdə Azərbaycan xalqının məqsədidir və amalıdır" fikirlərini İlham Əliyev 2003-cü il oktyabrın 11-də Siyəzəndə zavodun istifadəyə verilməsi mərasimində söyləmişdi. “İnkişaf - məqsədimizdir” ifadəsinə bu gün milli deyil, qlobal müstəvidən yanaşsaq, görərik ki, çağırışlarla dolu bugünkü dünyada özünə bu və ya digər dərəcədə yer tutmaq istəyən, müasir həyatla ayaqlaşmağa çalışan hər bir ölkə inkişafa can atır. Milli zəmində söylənilmiş bu fikir həm də qlobal məzmun daşıyaraq şüurları oyadır. "İlham Əliyev – İnkişaf məqsədimizdir" çoxcildliyinə daxil edilən materiallar dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən bütün tədbirlərin bir amala -ölkənin inkişafına xidmət etməsi barədə oxucuda dolğun təsəvvür yaradır.

İnkişafın Azərbaycan modelinin obyektiv mənzərəsi

Əgər 1997-2013-cü illərdə nəşr edilmiş “Heydər Əliyev. “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 46 kitabında yer alan materiallarda Azərbaycanın müstəqillik dövrünün ilk mərhələsi əks olunubsa, "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyində Ulu Öndərin müdrik siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi inkişafın Azərbaycan modelinin yeni mərhələdə obyektiv mənzərəsi canlanır. Doğrudur, yeni mərhələnin, eləcə də çoxcildliyiə daxil edilən materialların təhlili ayrıca bir tədqiqat mövzusudur. Lakin bu materiallar oxucuda dövlətimizin başçısının qlobal dünyanın müasir çağırışlarına uyğun, hətta bu çağırışları qabaqlayan düşünülmüş siyasəti, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq istiqamətində gördüyü böyük işlər barədə geniş təsəvvür yaradır. Belə ki, oxucu kitabda dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət, islahatların milli inkişaf modelinin uğurlu nəticələri ilə tanış ola bilir. Məsələn, yubiley nömrəsində yer alan materiallardan biri Prezident İlham Əliyevin regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda söylədiyi nitqdir. Dövlətimizin başçısı bu nitqində deyib: “Uğurlarımızın təməlində iqtisadi siyasət, islahatlar və bir də güclü nizam-intizam dayanır. ... Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir. Bununla bərabər, indi böhran içində çabalayan inkişaf etmiş ölkələrin təcrübəsini öyrənərək və görərək bir daha yəqin edirik ki, sırf bazar iqtisadiyyatı prinsipləri bəzi hallarda işləmir. Avropada biz nəyi görürük? Dövlət öz üzərinə böyük öhdəliklər götürür. Bankları, böyük müəssisələri müflisləşmədən xilas etmək üçün dövlət tərəfindən vəsait qoyulur. Biz bu siyasəti 2004-cü ildən başlamışıq. O vaxt daha çox beynəlxalq maliyyə qurumlarının kreditlərindən asılı idik. Bizə məsləhətlər, tövsiyələr verilirdi ki, dövlət bu işlərə qarışmasın, özəl sektor özü inkişaf etsin, dövlət kənarda dayansın. Necə ola bilər?! Bu bizim ölkəmizdir. İstər dövlət, istər özəl şirkət olsun, bu, Azərbaycan şirkətidir. Necə ola bilər ki, biz kömək etməyək?! Ona görə bizim dəstəyimiz vacibdir".

Çoxcildliyə daxil edilən materiallar, o cümlədən Azərbaycan Prezidentinin bölgələrə səfərləri, istehsal müəssisələrinin, təhsil, səhiyyə, nəqliyyat, turizm və digər infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərində iştirakı barədə informasiyalar, sosial-iqtisadi məsələlərlə bağlı tövsiyə, çıxış və nitqləri oxucuda inkişafa aparan yollar barədə əyani təsəvvür yaradır.

Cənubi Qafqaz reallıqları və Avropanın enerji təhlükəsizliyi

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyində yer alan materiallar sırasında dövlətimizin başçısının müxtəlif ölkələrə rəsmi və işgüzar səfərlərinə, eləcə də xarici dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycana gəlmiş rəhbərləri və vəzifəli şəxsləri ilə keçirdiyi görüşlərə dair informasiyalar, taleyüklü məqamlarda verdiyi bəyanatların, beynəlxalq konfranslarda söylədiyi nitqlərin mətnləri həm də Cənubi Qafqazdakı reallıqları əks etdirir. Prezident İlham Əliyevin bütün görüş və danışıqlarında Ermənistanın işğalçılıq siyasəti diqqətə çatdırılır, Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək göstərilməsi üçün dünya ictimaiyyətinə çağırışlar edilir. Oxucu bu kitablarda Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu, yeni neft strategiyasının uğurlu nəticələrini əks etdirən məlumatlarla da tanış olur.

Gənc nəslin vətənpərvərlik tərbiyəsinə töhfə

Yubiley kitabı Prezident İlham Əliyevin Bakıda xalq qəhrəmanı Koroğlunun abidəsinin açılışı mərasimində iştirakına dair materialla başlayır. Yəqin ki, bunun rəmzi mənası var. Dövlətimizin başçısı Azərbaycanın oğul və qızlarını hər zaman mərd və yenilməz görmək istəyir. Ümumiyyətlə, çoxcildliyə dövlətimizin başçısının xalqımızın qəhrəman övladlarının, tarixi şəxsiyyətlərinin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində gördüyü işlərə dair xeyli materiallar daxil edilib.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyində İlham Əliyevin Azərbaycanın Baş naziri olduğu dövrdən başlayaraq ölkəmizin inkişafı, beynəlxalq aləmdə sayılıb-seçilməsi istiqamətində atdığı inamlı addımları əks etdirən və xronoloji ardıcıllıqla yerləşdirilən materiallar - keçirdiyi görüşlər, iştirak etdiyi beynəlxalq konfranslarda söylədiyi nitqlər və çıxışlar, KİV-lərə müsahibələri, bəyanatları, məktubları oxucunun gözləri qarşısında dövlətimizin başçısının əzmkarlığını, hər kəsə örnək ola biləcək yorulmaz fəaliyyətini əks etdirir. Təbii ki, bütün bunlar gənclərin vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyətə malikdir.

Yubiley kitabı 2012-ci ilin fevral-aprel aylarını əhatə edir

Bu cilddə dövlətimizin başçısının Koreya Respublikasına işgüzar səfəri, Seulda Nüvə Təhlükəsizliyi Sammitində nitqi, Çexiyaya dövlət səfəri, həmçinin Polşa, Gürcüstan, Xorvatiya və Qırğız prezidentlərinin Azərbaycana səfərləri zamanı aparılan danışıqlar, enerji və qeyri-neft sektorunda əməkdaşlığa dair imzalanan müqavilələr, sazişlər barədə materiallar toplanılıb.

Yubiley nəşrinə Azərbaycan Prezidentinin Türkiyə, Latviya, Serbiya, Rumıniya, Pakistan, Argentina, Malayziya, Çili, Rusiya, Niderland, Fransa, Almaniya və digər dövlətlərin, Avropa İttifaqı, ATƏT, Dünya Gömrük Təşkilatı, Dünya Bankı və digər nüfuzlu qurumların ölkəmizə səfər etmiş yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallar da daxil edilib.

Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq tədbirlərin, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin "Beyin mərkəzləri"nin III Forumunun, II İqtisadi siyasət Forumunun, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının, XV Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçılarına müraciətləri, təbrikləri, məktubları, mədəniyyət və din xadimləri ilə görüşlərinə dair materiallar, kütləvi informasiya vasitələrinə, eləcə də Türkiyənin TRT televiziya kanalına müsahibəsi, mətbuata bəyanatları yer alıb.

Nəşrin bu cildində Azərbaycan Prezidentinin ölkəmizin cənub bölgəsinə - Astara, Masallı, Salyan, şimal-qərb bölgəsinə - Qazax, Ağstafa, Tovuz rayonlarına səfərlərinə, Bakıda aparılan abadlıq-quruculuq işləri ilə tanışlığına, bölgələrdə və paytaxtda müxtəlif infrastruktur obyektlərinin açılış mərasimlərində iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallarla, habelə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi nitqi ilə də tanış olmaq mümkündür.

Kitaba "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri də daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan "İlham Əliyev. İnkişaf məqsədimizdir" çoxcildliyinin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunur.

S.Xankişiyeva

Paylaş:
1149

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər