Ombudsman 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat verib | 1news.az | Xəbərlər
Siyasət

Ombudsman 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat verib

17:01 - 12 / 01 / 2018
Ombudsman 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat verib

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat verib.

Ombudsman Aparatından 1news.az-a  verilən məlumata görə, bəyanatda deyilir:

"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilmiş, hərbi gəmilərlə gətirilmiş desant qrupları, tanklar və digər ağır hərbi texnikadan istifadə etməklə dinc əhalini atəşə məruz qoymuş, bununla da beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı, insanlıq əleyhinə qatı cinayət törədilmişdir.

Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdir. Hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılmış, nəticədə tibb işçiləri şəhid olmuş, yaralanmışlar. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülmüşdür. Hücum zamanı qadağan edilmiş silah və sursatdan istifadə olunmuş, ölçüyəgəlməz dağıntılar törədilmişdir. Hadisə ilə bağlı məlumatın əhalidən gizlədilməsi məqsədilə Respublika televiziyasının enerji bloku partladılmışdır.

O dövrdə bu qanlı hadisələrlə bağlı Azərbaycan xalqı adından Ulu öndər Heydər Əliyev sərt bəyanat verərək 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etmişdir.

Bu qanlı hadisələr xalqımızın iradəsini qıra bilməmiş və azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası ilə nəticələnmişdir. Prezident Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirmiş və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilmişdir. 20 Yanvar tarixi respublikamızda hər il Ümumxalq Hüzn günü kimi qeyd olunur və şəhidlər ehtiramla yad edilir.

Faciə zamanı qətlə yetirilmiş, müxtəlif millətlərdən olan Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar Şəhidi” fəxri adı verilmiş, habelə “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə dövlət tərəfindən müavinət, şəhid ailələrinə isə Prezident təqaüdü verilir.

Hər il olduğu kimi, bu il də həmin qanlı hadisələrin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə müvafiq Sərəncamla “20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilmiş və icra olunur.

Dinc əhalinin qırılmasına səbəb olan bu dəhşətli faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulsa da, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar hadisələrinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, qanlı aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb.

Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Belə ki, beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.

O dövrdə Sovet dövlətinin rəhbərliyi beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, həmin cinayətlə Ermənistana dəstək vermiş, nəticədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş vermiş, respublikamızın torpaqlarının 20 faizi zəbt edilmiş, Ermənistan ərazisindən, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovulmuş, bu hadisələr kütləvi şəkildə dinc əhalinin fundamental hüquqlarının pozulması ilə nəticələnmiş və indiyədək bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır.

Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə mütəmadi olaraq səylər göstərir, təşəbbüslər irəli sürür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini dəfələrlə və qətiyyətlə nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Baş Məclisinin tribunalarından bəyan etmişdir.

Yuxarıda qeyd olunan faktlar göstərir ki, 28 il əvvəl törədilmiş 20 yanvar hadisələri beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər, eyni zamanda bu qətliamın icrasına əmr verənlərin və törədənlərin, ən əvvəl isə o vaxtki sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar mövcuddur.

Beynəlxalq qurumlar və dünya ictimaiyyəti Azərbaycan xalqının haqlı tələblərini dəstəkləməklə bu qanlı aksiyaya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymət verilməli və cinayətkarlar layiqincə cəzalandırılmalıdır".

1news.az   

 

Paylaş:
757

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər