PA rəsmisi təcavüz qalmaqalından danışdı: Necə olur ki...

“Nəhayət ki, Qərbdə son vaxtlar çox geniş yayılmış, siyasi, əxlaq və kriminal məsələyə çevrilmiş bu prosesə məşhur aktrisa Katrin Denev və bir sıra tanınmış şəxslər münasibət bildirdilər. Bu məsələnin birmənalı qarşılana bilməyəcəyini hamı başa düşür”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov öz “facebook” səhifəsində yazıb.
O qeyd edib: “Amma 20-25 il bundan əvvəl guya ki, baş vermiş hadisənin indi iddia edilməsinin məqsədlərini bir tərəfə qoyub, bir suala ağlabatan cavab tapmaq maraqlı olardı. İnsan haqlarının və azadlıqlarının qorunduğu, tam təmin olunduğu dünyaya bəyan edilən ölkələrdə, necə olub ki, yüzlərlə tanınmış insanlar, hətta superulduzlar belə öz hüquqlarını o zaman, vaxtında müdafiə edə bilməyib və ya nə üçünsə etməyib və hadisədən 20-30 il keçməsini gözləyiblər. Maraqlıdır ki, kişilərlə bağlı oxşar proses də vüsət almağa başlayır. Məgər bütün bunlarla bağlı cəmiyyətə heç olmasa bir izahat verməyə ehtiyac yoxdurmu? Yoxsa, kim necə istəyir qəbul etsin, liberal-demokratik cəmiyyətdə nə istəsən edə bilərsən?
Xatırladaq ki, Hollivudun bir çox məşhur aktrisaları H. Vaynşteyn haqqında müsahibələr verib, rejissorun əməlləri tənqid olunub. Kino ulduzları vaxti ilə Harveyin onlara təcavüz etdiyini etiraf ediblər.
1news.az