Gülsüm ana Ümidini itirdi - FOTO
Türkiyənin Antalya şəhərində 2008-ci ildə keçirdiyi qəzadan sonra iflic olan və kimliyi hələ də müəyyənləşməyən Ümid adlandırılan gənc dünyasını dəyişib.
1news.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ümidi ana kimi himayəsinə götürən Gülsüm Kabadayı məlumat verib.
Onun sözlərinə görə, Ümid 10 günə yaxın xəstəxanada yatıb, son üç gündə isə vəziyyəti daha da ağırlaşıb. O, süni tənəffüs cihazına qoşulub, böyrək çatışmazlığından və bir sıra digər orqanlarında yaranmış ciddi problemlərdən əziyyət çəkib. Ümid bu gün səhərə yaxın vəfat edib.
G.Kabaday çox üzüldüyünü, Ümidə öz oğlu kimi baxdığını və əlindən gələni etdiyini bildirib: “Təəssüf ki, onun həyataını qurtara bilmədik”.
Gəncin yaşadığı Korkuteli kəndində dəfn olunacağı gözlənilir.
Qeyd edək ki, G. Kabadayı 2008-ci ilin avqustunda Akdeniz Universiteti Xəstəxanasında ağır yol qəzası keçirən naməlum gənclə qarşılaşıb və təxminən 2 ay xəstəxanada könüllü olaraq ona baxıb. Ümid adı verdiyi gənci sonra evinə aparıb və ölən gününə kimi ona doğma anası kimi baxıb.