“DəmirBank”da qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada ödənilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

“DəmirBank”da qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada ödənilir

21:15 - 01 / 02 / 2018
“DəmirBank”da qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada ödənilir

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "DəmirBank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsini ilk dəfə olaraq nağdsız qaydada həyata keçirir.

Əmanətlərin Sığortalanması Fondundan (ADIF) 1news.az-a verilən mlumata görə, bu gündən ləğv prosesində olan "DəmirBank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi prosesinə başlanılıb. Azərbaycan Respublikasının iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan "DəmirBank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada "Kapital Bank" ASC-nin adlı debet kartları və "Xəzri" sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir. Kompensasiyaların ödənilməsi "Kapital Bank" ASC-nin 26 filialında aparılır. Kompensasiyaların alınması üçün "Kapital Bank" ASC-nin müvafiq filiallarına müraciət edilərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanətçilərdən əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını və əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan çıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 2017-ci il 28 dekabr tarixli iclasının qərarına əsasən "DəmirBank" ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində "KapitalBank" ASC seçilib. Kompensasiyaların ödənilməsi üçün ərizə formalarını qorunan əmanətçilər fevralın 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16, ünvanında yerləşən ofislərindən, "Kapital Bank"ın filiallarından və ya ADIF-ın www.adif.az internet-saytından əldə edə bilərlər.

Xatırladaq ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli 49/1 saylı qərarı ilə "DəmirBank" ASC–yə bank fəaliyyəti üçün verilmiş lisenziya ötən il dekabrın 23-dən ləğv edilib.

1news.az

Paylaş:
570

Son xəbərlər

Bütün xəbərlər