İlham Əliyev: Hərbi gücümüzdən istifadə edib ölkəmizin ərazi bütövlüyünü təmin etməliyik – YENİLƏNİB
Fevralın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçirilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdikləri qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söylədi.
Partiyanın sədri, Prezident İlham Əliyevin nitqi
- Hörmətli Yeni Azərbaycan Partiyasının üzvləri, əziz dostlar.
Bu gün partiyamızın qurultayı keçirilir. Qurultay ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisədir. Çünki Yeni Azərbaycan Partiyası ölkəmizdə aparıcı siyasi qüvvədir. Partiyamızın ideyaları, siyasəti xalq tərəfindən dəstəklənir. Partiyamızın sıraları genişlənir, 700 mindən çox üzvümüz var və çox sevindirici hal ondan ibarətdir ki, gənclər partiyaya üz tuturlar. Gənclərin axını partiyamızın gələcək inkişafı üçün də əsas şərtlərdən biridir.
Keçən ilin noyabrında biz partiyamızın 25 illik yubileyini qeyd etmişik. Bu 25 il ərzində partiyamız uğurlu və şərəfli yol keçmişdir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanmışdır və bu 25 il qələbələr salnaməsidir. 1992-ci ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan şəhərində keçirilmiş partiyamızın təsis konfransı tarixi hadisə idi və 25 ildən sonra biz bunu əyani şəkildə ölkəmizdə mövcud olan vəziyyətdə, əldə etdiyimiz uğurlarda görürük. O vaxt partiyamızın yaradılması dönüş nöqtəsi idi. Əgər o vaxt bu partiyamız yaradılmasaydı, bilmək olmazdı ölkə hansı istiqamətdə inkişaf edəcəkdi. Çünki o vaxt ölkəmizin qarşısında çox ciddi problemlər durmuşdu. Demək olar ki, Azərbaycan, onun gənc müstəqilliyi təhlükə altında idi. O vaxt hakimiyyəti 1992-ci ildə qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı. Azərbaycanda iqtisadi tənəzzül, sənayenin iflic vəziyyətə düşməsi, siyasi, iqtisadi, ondan sonra da hərbi böhran demək olar ki, müstəqilliyimizi şübhə altına alırdı. Belə bir vəziyyətdə Azərbaycan xalqı öz Liderinə üz tutdu və partiyamızın yaradılması, əlbəttə ki, burada həlledici rol oynamışdır. Onu da biz yaxşı xatırlayırıq və əlbəttə partiya üzvləri bunu bilir, Azərbaycan ictimaiyyəti də bilir ki, o vaxt hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş hakimiyyət imkan verməmişdi ki, partiyamızın qurultayı Bakıda keçirilsin. Fəallar, vətənpərvər insanlar Naxçıvana gəlmiş və Heydər Əliyevin sədrliyi ilə partiyamızın yaradılması haqqında bəyanat verilmişdir. Ondan bir neçə ay sonra xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi və ölkəmiz inkişaf yoluna qədəm qoydu. AXC-Müsavat cütlüyü tərəfindən başlanmış vətəndaş müharibəsi dayandırıldı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, qayda-qanun yaradıldı, milli vətəndaş həmrəyliyi üçün əsas yaradıldı, azərbaycançılıq ideologiyası bəyan edildi və bu gün də bizim əsas ideoloji dayağımızdır. Ölkə Konstitusiyası qəbul edildi, iqtisadiyyatda, siyasi sahədə ciddi islahatlara start verildi, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi və ölkə ilə bağlı həqiqətlər dünya birliyinə çatdırıldı. Bir sözlə, 1993-cü ildən başlayaraq Azərbaycan uğurlu inkişaf yolu ilə gedir və inkişaf üçün əsas şərt - sabitlik tam bərqərar olmuşdur. Çünki sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Məhz o illərdə - Ulu Öndər hakimiyyətə gələndən bir il sonra “Əsrin kontraktı” imzalanmışdır. Bu, bu gün də və gələcək illərdə də ölkə iqtisadiyyatı üçün müstəsna rol oynayan kontraktdır. Keçən ilin sentyabrında Ulu Öndərin adını daşıyan bu möhtəşəm Heydər Əliyev Mərkəzində kontraktın 2050-ci ilə qədər uzadılması haqqında qərar verildi. Görün, bu kontraktın nə qədər böyük əhəmiyyəti var ki, artıq yarım əsrdən çox müddətdə Azərbaycan xalqına xidmət edəcəkdir.
Azərbaycana investisiyalar qoyulmağa və ölkəmiz sürətlə inkişaf etməyə başlamışdır. 2003-cü ildən sonra da Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir.
2003-cü ildən bu günə qədər keçən dövr haqqında geniş danışmaq istəmirəm. Mən müntəzəm olaraq həm görülmüş işlərlə və həm də planlarla bağlı Azərbaycan ictimaiyyətinə məlumatlar verirəm. Sadəcə onu demək istəyirəm ki, bu illər Azərbaycanda sürətli inkişaf dövrü olmuşdur və Azərbaycan dünyada analoqu olmayan iqtisadi templərlə inkişaf etmişdir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilmişdir, 2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapmışdır.
Bu gün mən gələcək planlar, gələcəklə bağlı fikirlər haqqında öz sözlərimi sizinlə və Azərbaycan ictimaiyyəti ilə bölüşmək istəyirəm ki, biz Azərbaycanı gələcəkdə daha da güclü dövlətə çevirmək üçün hansı işləri görməliyik.
Daxili siyasətlə bağlı. Bizim son illər apardığımız siyasət özünü tam doğrultdu, Azərbaycanda sabitlik mövcuddur. Qeyd etdiyim kimi, sabitlik hər bir inkişafın əsas şərtidir. Biz görürük ki, son 5-6 il ərzində dünyanın müxtəlif yerlərində, bizim regionumuzda çox ciddi, narahatedici proseslər gedir. Qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, ölkələrin bir-birinin işinə kobudcasına qarışması, hərbi müdaxilələr - bütün bunlar bizim gözümüzün önündə baş verən məsələlərdir. Biz görürük və bütün bəşəriyyət əyani şəkildə görür ki, sabitlik pozulduqda heç bir inkişafdan söhbət gedə bilməz. Bu, xalqlara, ölkələrə böyük bəlalar, faciələr gətirir. Bu gün dağılmış vəziyyətdə olan və daxili inteqrasiyanı tamamilə itirən ölkələrin gələcək taleyi böyük sual altındadır. Ona görə həyat və yaxın tarixin mənzərəsi göstərir ki, sabitlik əsas amildir və sabitlik necə təmin edilməlidir? Ancaq düzgün siyasətlə. O siyasət ki, onun mərkəzində xalq dayanır, ölkə vətəndaşı dayanır. Biz məhz bu siyasəti aparırıq. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir, bu gün var və gündən-günə güclənir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir. Çünki bizim siyasətimiz ictimaiyyət tərəfindən dəstəklənir və ictimaiyyət də görür ki, bizim siyasətimiz real, konkret nəticələrə gətirib çıxarır.
Ölkəmizdə ictimai asayiş qorunur, kriminogen durum çox müsbətdir, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bunu Azərbaycan vətəndaşları yaxşı bilirlər, ölkəmizə gələn çoxsaylı turistlər görürlər. Təhlükəsizlik və sabitlik bizi fərqləndirən müsbət amillərdir.
Ölkəmizdə, eyni zamanda, bütün azadlıqlar təmin edilir və edilməlidir, bu da bizim siyasətimizdir. Gələcək illərdə də demokratik inkişafla bağlı yeni addımlar atılacaqdır, siyasi islahatlar davam etdiriləcəkdir. Son illər ərzində bu istiqamətdə gözəl nəticələr əldə edilib və bu, daimi prosesdir. Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik. Bu gün də vəziyyət çox yaxşıdır, müsbətdir. Bütün azadlıqlar - söz, mətbuat, sərbəst toplaşma azadlığı tam təmin edilir və ediləcəkdir. Bu, bizim prinsipial siyasətimizdir. Mən tam əminəm ki, əgər biz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək istəyiriksə, - biz bunu istəyirik, - mütləq siyasi və iqtisadi islahatlar paralel xətlə davam etdirilməlidir.
Azərbaycanda vicdan azadlığı tam təmin edilir və ediləcəkdir. Bundan sonra da Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkə kimi uğurla inkişaf edəcək. Bundan sonra da ölkəmizdə bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bu, bizim böyük sərvətimizdir. Bu, ölkəmizin uğurlu inkişafı üçün əsas şərtlərdən biridir, vətəndaş həmrəyliyi, vətəndaş sülhü üçün əsas şərtdir. Azərbaycanda heç vaxt milli və ya dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır, bundan sonra da olmayacaq. Bu, dövlət siyasətidir və bu siyasət Azərbaycan xalqı tərəfindən tam şəkildə dəstəklənir. Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri dəyərli vətəndaşlar kimi öz işi, əməyi ilə ümumi inkişafımıza böyük töhfələr verirlər.
Mən xüsusilə bu məsələyə toxundum. Bu, bizim üçün adi haldır. Multikulturalizm bizim üçün həyat tərzidir. Ancaq yenə də əgər biz ətrafda gedən hadisələrə, Avropada, Yaxın Şərqdə, digər bölgələrdə ayrı-seçkiliyə, ksenofobiyaya rəvac verən, güclənən amillərə nəzər salsaq görərik ki, bizim bu sahədəki siyasətimiz təkcə ölkə daxili üçün deyil, dünya üçün də çox önəmlidir. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınır. Təsadüfi deyil ki, məhz bizim təşəbbüsümüzlə Azərbaycanda bu mövzu ilə bağlı bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Bu il 10 illiyini qeyd edəcəyimiz “Bakı Prosesi” bu gün BMT tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Onun da təşəbbüskarı biz olmuşuq. Avropa məkanını müsəlman aləmi ilə yaxınlaşdırmaq istəyimiz böyük nəticə verməsə də, hər halda müsbət tendensiyalara təkan verir. Biz öz siyasətimizi bu istiqamətdə davam etdirəcəyik. Yenə də deyirəm, ölkə daxilində hər hansı bir əlavə addımların atılmasına ehtiyac yoxdur. Ancaq biz bu şərəfli missiyanı beynəlxalq miqyasda davam etdirəcəyik.
Bizim xarici siyasətimizlə bağlı apardığımız xətt özünü tam doğrultdu. Azərbaycan bu gün beynəlxalq birlik tərəfindən çox böyük rəğbətə layiq olan ölkə kimi tanınır. Bizim dostlarımızın sayı artır, bizi dəstəkləyən ölkələrin sayı artır. Təkcə bir misalı gətirmək kifayətdir ki, biz bunu sübut edək, o da 155 ölkənin bizim namizədliyimizi BMT Təhlükəsizlik Şurasına üzv kimi dəstəkləməsidir. Bu, beynəlxalq aləmin mütləq əksəriyyətidir. Bu dəstəyi biz öz siyasətimizlə qazanmışıq. O siyasət ki, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Bu iki vacib prinsip həmişə bizim üçün əsas olub. Biz bu prinsiplərə sadiqik. Bu prinsiplər bütövlükdə beynəlxalq münasibətlərin tənzimlənməsində də üstünlük təşkil etməlidir.
Biz bundan sonra da beynəlxalq arenadakı rolumuzu fəal aparacağıq. Bizim bütün ölkələrlə qarşılıqlı hörmət və biri-birinin işinə qarışmamaq şərti ilə münasibətlərimiz qurulub. Bu münasibətləri biz möhkəmləndirəcəyik. Qonşu dövlətlərlə əlaqələrimiz daha da yüksək pilləyə qalxacaqdır. Mən buna əminəm. Çünki hazırda başladığımız və davam etdirdiyimiz iqtisadi və digər layihələr bunu deməyə əsas verir.
Müsəlman aləmində Azərbaycan çox böyük dəstəyə malik olan bir ölkədir. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədaləti əks etdirən qətnamələr qəbul etmişdir. Baxmayaraq, müsəlman aləmində əfsuslar olsun ki, birlikdən danışmaq mümkün deyil, ancaq biz öz səylərimizlə bu birliyə aparan yolda çox fəal iş görürük. İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, “İslam Həmrəyliyi İli” elan edilməsi müsəlman aləmində çox yüksək qiymətləndirilib. Bu gün hesab edirəm ki, müsəlman aləmində Azərbaycan müəyyən dərəcədə barışdırıcı, əlaqələndirici missiyanı uğurla icra edir. Biz bundan sonra da çalışmalıyıq ki, həmrəyliyi möhkəmləndirək, xoşagəlməz tendensiyalar səngisin.
Eyni zamanda, Avropa ölkələri ilə bizim yaxın münasibətlərimiz var. Keçən il Avropa İttifaqı ilə yeni saziş üzərində danışıqlar başlamışdır. Avropa İttifaqına üzv ölkələr bizim əsas ticarət tərəfdaşlarımızdır, əsas investorlardır. Əlbəttə ki, bizim siyasi, iqtisadi, enerji sahələrində əlaqələrimiz çox yüksək səviyyədədir. Bizim üçün də bu əməkdaşlıq çox önəmlidir. Çünki Azərbaycan müasirliyə gedən yoldadır. Biz inkişaf etməliyik, biz ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməliyik. Biz çox möhkəm milli köklər üzərində dayanmışıq və bu, bizim üçün əsasdır. Eyni zamanda, biz həmişə dünyaya açıq olmalıyıq və ən qabaqcıl texnologiyaları ölkəmizə gətirməliyik.
İndi hamı bilir ki, Azərbaycan prinsipial mövqedədir, müstəqil siyasət aparır. O siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir, o siyasət ki, bir çox tərəfdaşlar üçün də əlavə imkanlar yaradır. Beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimizi uğurla davam etdirəcəyik. Bütün mötəbər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi dəstəkləyir. BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı – bütün bu aparıcı təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər. Beləliklə, münaqişənin həlli üçün siyasi əsaslar da qoyulub. Hüquqi əsaslar onsuz da var. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə bu qondarma qurumu tanımayıb və əminəm ki, heç vaxt tanımayacaq. Tarixi əsaslar da bizim mövqeyimizi gücləndirir. Çünki Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Beynəlxalq təşkilatların qərar və qətnamələri həm hüquqi, həm siyasi əsasları möhkəmləndirir. Münaqişənin həlli ilə bağlı bizim mövqeyimiz üstünlük təşkil edir, xüsusilə indiki şəraitdə. Dünyanın müxtəlif yerlərində, eyni zamanda, Avropada separatizm meyilləri artır. Avropa da görür ki, separatizm nə dərəcədə təhlükəli meyildir. Biz isə təcavüzkar separatizmlə üzləşmişik. Ona görə bütövlükdə münaqişələrlə bağlı dünyada gedən proseslər, yanaşma bizim mövqeyimizi daha da möhkəmləndirir. Təsadüfi deyil ki, keçən ilin noyabrında Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvəsində qəbul edilmiş qətnamə Şərq Tərəfdaşlığına üzv ölkələrin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini birmənalı şəkildə dəstəkləmişdir. Deyə bilərəm ki, ilk dəfə olaraq, bax, bu formada qətnamə qəbul edilmişdir. Bu, Ermənistan üçün növbəti zərbə, onların növbəti məğlubiyyəti idi və bizim növbəti qələbəmiz idi. Əslində bu, haqq-ədalətin növbəti qələbəsi idi. Ona görə bu müsbət meyillər güclənəcək. Biz, sadəcə olaraq, bundan sonra da öz siyasətimizi aparmalıyıq, aparacağıq. Ermənistanı daha da sıxışdırmalıyıq, sıxışdıracağıq və öz həqiqətlərimizi dünya birliyinə çatdırmalıyıq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Biz, sadəcə olaraq, öz səylərimizi daha da artırmalıyıq və artırırıq. Əminəm ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədalətli həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.
Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.
O ki qaldı, Ermənistana, indi hər kəs görür ki, bu ölkə öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrilib. Biz onları demək olar ki, bütün beynəlxalq layihələrdən təcrid etmişik, bütün enerji və nəqliyyat xətləri onlardan yan keçir və bunu biz etmişik. Baxmayaraq ki, bu, o qədər də asan məsələ deyildi. Əfsuslar olsun ki, dünyadakı ermənipərəst qüvvələr, erməni lobbisi və erməni pullarına satılmış bəzi siyasətçilər daim çalışırlar ki, Ermənistanı da bizim təşəbbüsçüsü olduğumuz layihələrin tərkibinə daxil etsinlər. Biz həmişə buna çox ciddi etiraz etmişik, təşəbbüsümüzlə həyata keçirilən layihələr Ermənistanı tamamilə kənarda qoymuşdur. Həm Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars layihələri onlardan yan keçmişdir. Bizim siyasətimizə görə, Şimal-Cənub Nəqliyyat Dəhlizi də onlardan yan keçəcəkdir. Biz bunu gizlətmirik. Baxmayaraq, bəziləri çalışırlar bizi ittiham etsinlər ki, biz onları təcriddə saxlayırıq. Bəli, saxlayırıq və saxlayacağıq. O vaxta qədər ki, torpaqlarımız işğaldan azad olunsun. Bu siyasət öz nəticələrini verməkdədir. İndi heç kim Ermənistana sərmayə qoymur. Çünki, birincisi, orada hakimiyyəti zəbt etmiş kriminal, korrupsioner, qaniçən rejim imkan vermir ki, sərmayə qoyulsun, əvvəllər qoyulan və ianə şəklində verilən bütün pullar rejim tərəfindən oğurlanmışdır. Digər tərəfdən, bazarın məhdudluğu və azalan bazar imkan vermir ki, ciddi investor oraya gəlsin və ixrac imkanları da çox məhduddur. Çünki ixrac üçün yollar olmalıdır, yollar olsa da, yenə də tam investisiya cəlb edilməsi üçün şərait yaratmır. Əlbəttə ki, bunu böyük dərəcədə edən məhz biz olmuşuq və bu siyasəti davam etdirəcəyik. Onların özlərinin son statistik məlumatlarına görə, keçən il ölkəni 40 mindən çox insan həmişəlik tərk edib və bu tendensiya hər il gedir və gedəcəkdir. Beləliklə, orada demoqrafik böhran yaşanır. Bizim səylərimiz nəticəsində Ermənistan siyasi, iqtisadi, enerji, nəqliyyat dalanına çevrilib və əlbəttə ki, bu ölkənin gələcək inkişafı çox qaranlıqdır. Biz isə öz siyasətimizi davam etdirəcəyik və bütün imkanlardan, artan gücümüzdən, iqtisadi potensialımızdan, siyasi imkanlarımızdan, hərbi gücümüzdən istifadə edib məsələni həll etməliyik ki, ölkəmizin ərazi bütövlüyü təmin olunsun. Əlbəttə, hərbi sahədə apardığımız siyasət özünü tam doğrultdu. Biz bu siyasəti uzun illərdir ki, aparırıq. Bu məsələ ilə də bağlı bəzən bizə iradlar ünvanlanır ki, nə üçün Azərbaycan silahlanır, nə üçün hərbi quruculuğuna, ordu quruculuğuna vəsait ayırır. Biz isə Ermənistandan fərqli olaraq bu işləri öz imkanlarımız daxilində, öz vəsaitimiz hesabına, öz hesabımıza görürük. Həyat göstərdi ki, biz nə qədər düzgün siyasət aparırıq. Onu da qeyd etməliyəm ki, dünyanın aparıcı ölkələri də daim silahlanırlar və bu proses bir çox ölkələr üçün də xasdır. Biz isə son illər ərzində güclü ordu yaratmışıq. İndi bütün beynəlxalq reytinqlər də ordumuzun gücünü əks etdirir. Bu güc bizə imkan verir ki, istənilən vəzifəni icra edək. 2016-cı ilin aprel döyüşləri bunu əyani şəkildə düşmənə və bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu nəyə qadirdir. Döyüş meydanında bizim şanlı tarixi qələbəmiz əlbəttə ki, məsələnin ədalətli həlli üçün də yeni imkanlar yaradır və yaradacaqdır. Növbəti illərdə hərbi potensialın gücləndirilməsi üçün, ordu quruculuğu üçün nə lazımdırsa, o da ediləcək. Bizim güclü iqtisadi imkanlarımız var. Gündən-günə artan maliyyə resurslarımız, ilk növbədə, ölkə qarşısında duran əsas vəzifələrin həllinə yönələcək və ordu quruculuğu bu məsələdə prioritetdir.
Məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması və mənzillərlə, evlərlə təmin edilməsi istiqamətində bundan sonra da uğurlu siyasət aparılacaq. Bu günə qədər 270 minə yaxın köçkün evlərlə təmin edilib. Bu il 20 minə yaxın, bəlkə də bundan da çox köçkünü biz yeni evlərlə təmin edəcəyik. Bu siyasət davam etdiriləcək. Torpaqlarımız işğaldan azad olunandan sonra biz erməni vəhşiləri tərəfindən dağıdılmış bütün şəhərləri, kəndləri yenidən quracağıq. Cocuq Mərcanlı kəndinin timsalında bütün dünya görür ki, biz buna qadirik, bunu qısa müddət ərzində edə bilərik. Bir daha bütün dünya əyani şəkildə görür ki, Azərbaycan xalqı, köçkünlər bir amalla yaşayırlar - tezliklə öz doğma torpaqlarına qayıtmaq arzuları ilə. Hətta köçkün şəraitində doğulmuş, heç vaxt öz torpağını görməmiş uşaqlar, gənclər də bu arzu ilə yaşayırlar. Bu gün onların bir hissəsi artıq Cocuq Mərcanlıda, öz dədə-baba torpağında məskunlaşıb. Bu da Azərbaycan xalqının yenilməz ruhunu bir daha bütün dünyaya göstərir.
Bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımızı gücləndirməliyik. Növbəti illərdə bu istiqamətdə əlavə addımlar atılacaq. Deyə bilərəm ki, son iki il ərzində çox ciddi iqtisadi islahatlar aparılmışdır. Əvvəlki illərdə də aparılmışdır. Ancaq son iki il ərzində daha fəal və daha səmərəli islahatlar aparılmışdır. Bu islahatlar imkan verdi ki, biz ağır vəziyyətdən, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində yaranmış vəziyyətdən çıxa bilək və çıxmışıq da. Bu gün ölkə iqtisadiyyatı öz templərini artırır. Növbəti illərdə islahatlar mütləq davam etdiriləcəkdir. İndi bəzi suallar səslənir və hətta beynəlxalq ekspertlər maraqlanırlar ki, indi neftin qiyməti bir qədər qalxıbdır, bəs bu, apardığımız islahatlara təsir edəcək, ya etməyəcək? Bəlkə siz indi islahatları o qədər fəallıqla aparmayacaqsınız. Qətiyyən belə deyil. Mən bir daha demək istəyirəm ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük. Neft sektoru, sadəcə olaraq, bizə əlavə maliyyə resursu yaradacaq ki, bu da öz növbəsində, bizim siyasi resurslarımızı da gücləndirir. Bu da təbiidir. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu amillər - qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək. Ona görə iqtisadiyyatın şaxələndirilməsi, mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, maliyyə, fiskal siyasətində ən qabaqcıl texnologiyalardan istifadə etməyimiz inkişafımız üçün əsas amillər olacaqdır. Deyə bilərəm ki, bu siyasət artıq öz nəticəsini vermişdir. Keçən ilin iqtisadi göstəriciləri göstərdi və sübut etdi ki, biz düzgün yoldayıq. İqtisadiyyatın qeyri-neft sektoru 2,7 faiz, sənayedə qeyri-neft sektorunun artımı 3,7 faiz, kənd təsərrüfatı 4,1 faiz, valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır. Bu ilin yanvar ayının nəticələri də mənə məruzə edildi. Bu barədə də demək istəyirəm. Bu, göstərir ki, mən əvvəlki aylarda dediyim kimi, 2018-ci il sürətli inkişaf ili olacaqdır. Beləliklə, yanvar ayında Azərbaycanda ümumi daxili məhsul 2 faiz, qeyri-neft iqtisadiyyatımız təxminən 4 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. İnflyasiya birinci ayda 5,5 faizdir, əhalinin pul gəlirləri 11 faizdən çoxdur. Yəni, əhalinin gəlirləri inflyasiyanı iki dəfə üstələyir. Bu ilin yanvar ayında bizim valyuta ehtiyatlarımız 2 milyard dollar artıb və bu gün valyuta ehtiyatlarımız 44 milyard dollar səviyyəsindədir. Bu, hələ ilin əvvəlidir. Mən əminəm ki, 2018-ci il sürətli inkişaf ili olacaq və ondan sonrakı bütün illərə çox güclü təkan verəcək. Kənd təsərrüfatında, sənaye sahəsində indi həyata keçirilən layihələr tezliklə, bir-iki il ərzində öz bəhrəsini verəcəkdir.
Biz indi nəhəng enerji layihələrini icra edirik. Bu da qarşıda duran əsas vəzifələrdən biridir. Biz Cənub Qaz Dəhlizini vaxtında təhvil verməliyik, bunu edəcəyik. Bütün maliyyə resursları təmin edilib, həm Azərbaycan, həm beynəlxalq banklar tərəfindən. Müəyyən yubanmalar olmuşdur, onlar da aradan götürüldü. Çünki Cənub Qaz Dəhlizi həm bizim üçün, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bir layihədir. Azərbaycan öz liderlik missiyasını uğurla icra edir. Biz bu tarixi layihəni - 7 ölkəni, qitələri birləşdirən, 3500 kilometr məsafəsi olan və dənizin altından, dağların başından keçən qaz kəmərini uğurla həyata keçiririk. “Şahdəniz-2” layihəsindən yaxın zamanlarda ilk qaz çıxarılacaq. Onu da deməliyəm ki, Cənub Qaz Dəhlizi, yəni, qaz kəməri artıq qazla təmin edilir. Bu, tarixi layihədir və ölkəmizin uğurlu, dayanıqlı inkişafı üçün əsas resurs bazasıdır.
Qeyd etdiyim kimi, “Azəri-Çıraq” yatağı ilə bağlı kontraktın uzadılması haqqında da tarixi qərar qəbul edilib. Ona görə bundan sonra da neft-qaz sektorunda Azərbaycan uğurla inkişaf edəcək. Ancaq yenə də deyirəm, gələcək fəaliyyətimiz üçün bu, bizdə bir rahatlıq hissi yaratmamalıdır. Biz fəal işləməliyik, qeyd etdiyim kimi, bu, sadəcə olaraq, bizim üçün əlavə maliyyə və siyasi resursdur.
Bu gün biz beynəlxalq arenada bütün məsələlərlə bağlı öz sözümüzü deyirik. Nəyə görə? Əlbəttə ki, güclü siyasi iradəyə görə, cəsarətli siyasətə görə, amma, eyni zamanda, maliyyə imkanlarımıza görə. Əgər bu imkanlar olmasaydı, əgər biz bəzi ölkələr kimi, xarici donorlardan asılı olsaydıq, əgər biz yoxsul, səfil Ermənistan kimi ona-buna dilənsəydik, onda əlbəttə ki, biz müstəqil siyasət aparmaq imkanında olmaya bilərdik, yaxud da ki, bu imkanlar məhdud ola bilərdi. Ona görə iqtisadi güc, maliyyə resurslarımız siyasi müstəqilliyimizi də möhkəmləndirir.
Növbəti illərdə önəmli, tarixi nəqliyyat layihələrini yenə də icra etməklə Azərbaycan - açıq dənizlərə çıxışı olmayan bir ölkə Avrasiyada nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. Biz siyasətimiz, qətiyyətimiz, düzgün xarici siyasətimiz nəticəsində bunu da edəcəyik. Çünki xarici siyasət, ilk növbədə, daxili problemlərin həllinə yönəlib. Xarici siyasət daxili siyasətin davamıdır. Biz uğurlu xarici siyasəti təkcə ona görə aparmırıq ki, dünyada bizə olan rəğbət artsın. Bu, real işlərə çevrilir. Uğurlu xarici siyasət bu beynəlxalq layihələri də həll etməyə şərait yaradır. Çünki tranzit ölkə olmaq üçün sən mütləq qonşularla işləməlisən. Qonşular olmadan heç bir ölkə tranzit ölkə ola bilməz. Bütün bunlar bir-birinə bağlı olan məsələlərdir. Bizim gələcək inkişafımızla bağlı çox aydın təsəvvürümüz, proqramlarımız var - bütün sahələrdə, ictimai xidmət sahələrində, korrupsiya, rüşvətxorluğa qarşı mübarizə sahəsində, haqq-ədalətin bərqərar olması sahəsində, bütün istiqamətlər üzrə. Sadəcə olaraq, bir çıxışda bütün istiqamətlər haqqında geniş danışmaq mümkün deyil. Ancaq mən əminəm ki, Azərbaycan növbəti illərdə öz uğurlu, dinamik inkişaf tempini nəinki saxlayacaq, onu daha da möhkəmləndirəcək.
Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin də banisi ulu öndər Heydər Əliyevdir. Məhz onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu.
1993-cü ilə qədər bizim müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı. Xarici ölkələr, onların Azərbaycandakı nümayəndələri burada hakimiyyətə göstərişlər, təlimatlar verirdi. Əlbəttə ki, bu, tariximizin bəlkə də ən biabırçı səhifələrindən biridir. O ağır vəziyyətdə məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, - o vaxt bizim hələ ordumuz, iqtisadiyyatımız, pulumuz yox idi, - onun dəmir iradəsi, xalqın ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıbdır. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik.
X X X
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli ƏHMƏDOV dedi:
-Hörmətli qurultay nümayəndələri.
Möhtərəm Prezidentimizin proqram xarakterli, geniş, ətraflı, gələcəyə ünvanlanmış çıxışından sonra hesab edirəm ki, qurultay nümayəndələrinin gündəliyimizin mühüm məsələsi ilə əlaqədar çıxışlara başlamaları üçün əsas yaranır. Buyurun, Yeni Azərbaycan Partiyasının VI qurultayı tərəfindən qarşıdan gələn prezident seçkilərində partiyanın namizədinin irəli sürülməsi ilə əlaqədar təkliflərinizi bildirin.
X X X
İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin sakini Oqtay HƏZİYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli sədr.
Hörmətli qurultay iştirakçıları.
Sizi ölkəmizdə olan bir milyondan çox qaçqın və məcburi köçkünlər adından səmimi salamlayıram, qurultayın işinə uğurlar diləyirəm.
Mənim doğulduğum kəndin adı və hətta mənim adım cənab Prezidentin apardığı siyasət nəticəsində artıq bütün dünyada tanınır. Çünki Cocuq Mərcanlı işğal olunmuş ərazilərdən ilk azad edilən və bərpa olunan kənddir. Kəndimiz Ulu Öndərin rəhbərliyi ilə 1994-cü ildə azad olunsa da, burada yaşamaq mümkün deyildi. 2016-cı ilin aprel döyüşlərində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Lələtəpə yüksəkliyi azad olundu. Sonra dövlətimizin başçısının rəhbərliyi ilə qısa müddətdə kəndimizdə Şuşa məscidinin bənzəri olan gözəl məscid və 150 ev tikilib təhvil verildi.
Mən ailə üzvlərimlə birlikdə cəmi 5 ay köçkün həyatı yaşamışam. Ancaq köçkünlük həyatı ilə barışmayıb öz doğma kəndimə qayıdıb, 23 il atəş altında yaşamışam. Bütün çətinliklərə baxmayaraq, mən ailəmlə birlikdə torpağa bağlanıb əkinçiliklə, heyvandarlıqla məşğul olub, təsərrüfat qurub, onu inkişaf etdirib ailəmi dolandırmışam. Əziyyətim də yerdə qalmayıb. Qurduğum təsərrüfatda bu gün 700 baş xırdabuynuzlu, 70 baş iribuynuzlu mal-qara, arı təsərrüfatı var.
Cənab Prezident, mənə hədiyyə etdiyiniz 70 hektar torpaqda taxıl, çuğundur əkmişəm, 2 hektarda tut bağı salmışam. Lazım olan kənd təsərrüfatı texnikalarını almışam. Mən bu işlərə kənd sakinlərini də cəlb etmişəm.
Cənab Prezident, çox sağ olun ki, Siz kənd adamlarını torpağa qaytardınız. İnanıram ki, yeni texnologiyalar nəticəsində məhsuldarlıq 1970-ci illərdəkindən də yüksək olacaq. Biz torpaq adamıyıq, həmişə çörəyimiz torpaqdan çıxıb. Mən ətrafımda olan bütün insanlara həmişə deyirəm ki, torpağı sevin, onun dəyərini, qədrini bilin.
Cənab Prezident, Siz 2017-ci il iyunun 14-də Cocuq Mərcanlı kəndinin açılışı zamanı mənim ailəmə dördotaqlı mənzil hədiyyə etdiniz və birinci dərəcəli “Əmək” ordenini ilk dəfə mənə verdiniz. Kəndimizi bərpa etdiyinizə görə bütün Cocuq Mərcanlı sakinləri və cəbrayıllılar adından Sizə dərin təşəkkürümü bildirirəm. Sizə cansağlığı arzulayıram.
Hörmətli qurultay iştirakçıları, dövlətimizin başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident, partiyamızın sədr müavini hörmətli Mehriban xanım Əliyevanın biz məcburi köçkünlərə diqqət və qayğısını xüsusi qeyd etmək istəyirəm. İnşa edilən müasir qəsəbələrin və mənzillə təmin olunan qaçqın və məcburi köçkünlərin 95 faizi son 14 ilin payına düşür. Beləliklə, bu gün ölkəmizdə nə çadır şəhərciyi, nə fin qəsəbəsi, nə də dəmir yolu vaqonlarında yaşayan yoxdur.
Dörd qəzalı binada yaşayan 935 ailə hörmətli Mehriban xanımın tapşırığı ilə cəmi üç-dörd ay ərzində yeni mənzillərə köçürüldü. Dünyanın hansı ölkəsində qaçqın-köçkünə belə münasibət var? Heç birində. Əksinə, başqalarına nağıl danışan dövlətlər onlara pənah gətirən qaçqınlara arxa çevirir, onları insan yerinə belə qoymurlar.
Biz məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğıya görə, cənab Prezident, Sizə və Birinci vitse-prezident, partiyamızın sədr müavini hörmətli Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm.
Cənab Prezident, bütün xalqımız kimi, biz məcburi köçkünlər də həmişə Sizinlə bir olmuşuq, bu gün də birik və sabah da Sizinlə bir olacağıq.
Hörmətli qurultay iştirakçıları, mən qarşıdakı prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürürəm.
X X X
Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda QULİYEVA çıxış edərək dedi:
-Hörmətli Prezident.
Yeni Azərbaycan Partiyası xalqımızın və müstəqil dövlətçiliyimizin taleyində mühüm rola malikdir. Bu gün partiyamızın səmərəli fəaliyyətinin nəticəsidir ki, ölkəmiz sabitlik və inkişaf dövrünü yaşayır. Partiyanın Azərbaycanın müstəqillik tarixində ən böyük missiyası onun ölkəmizin ağır və faciəli günlərində “Heydər-xalq, xalq-Heydər” birliyinin təzahürünə çevrilməsidir.
Cənab Prezident, Sizin də dediyiniz kimi, “Yeni Azərbaycan Partiyasının gücü, ilk növbədə, onun əvəzsiz lideri Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir”.
2005-ci il mart ayının 26-da Yeni Azərbaycan Partiyasının III qurultayında yekdilliklə partiyanın sədri seçilən cənab İlham Əliyev bu gün Ulu Öndərimizin quruculuq və inkişaf xəttinin layiqli davamçısıdır. Xalqımız prezident seçkilərində partiyanın lideri cənab İlham Əliyevi dəstəkləməklə, Azərbaycanda Heydər Əliyev yoluna özünün dərin inamını ifadə edib. Bu gün bu yolun hörmətli Prezidentimiz tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan müharibə şəraitində yaşamasına baxmayaraq, sabitlik və inkişafın, vətəndaş həmrəyliyinin təmin olunduğu güclü dövlətə çevrilib.
Naxçıvan Muxtar Respublikası da ölkə Prezidentinin rəhbərliyi altında böyük bir inkişaf yolu keçib, 2003-2017-ci illərdə ümumi daxili məhsul 17 dəfə, sənaye məhsulunun həcmi 55 dəfə, əsas kapitala yönəldilən investisiyalar 16 dəfə artıb. 71 mindən çox yeni iş yeri açılıb ki, onun da 77 faizi daimi iş yerləridir. Əldə olunmuş nəticələr əhalinin rifah halını yaxşılaşdırıb, məskunlaşma səviyyəsinə müsbət təsir göstərib, əhalinin sayı artaraq 453 min nəfərə çatıb.
Ölkə rəhbərinin muxtar respublikaya son 14 il ərzində etdiyi səfərlər zamanı 90-a yaxın müxtəlif təyinatlı obyektin istifadəyə verilməsi bu qədim diyarın inkişafına və müdafiəsinə göstərilən diqqət və qayğının ifadəsidir. Bu qayğının nəticəsidir ki, yeni bir rayon – Kəngərli rayonu yaradılıb, nümunəvi rayon mərkəzi formalaşdırılıb. Bu gün muxtar respublikada 372 növdə məhsul istehsal olunur və 344 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Uzun illər fasilədən sonra blokada şəraitində yaşayan muxtar respublikaya hörmətli Prezidentimizin səyi və iştirakı ilə 2005-ci ildə təbii qazın verilməsi bərpa olunub.
Elektrik enerjisi ilə fasiləsiz təchizatı təmin etmək üçün ən müasir dörd yeni su elektrik stansiyası, bir Günəş elektrik stansiyası tikilərək istifadəyə verilib. Görülmüş tədbirlər nəticəsində muxtar respublikanın enerji təhlükəsizliyi tam təmin olunub.
Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatı da ötən dövrdə böyük inkişaf yolu keçib. Əgər 2003-cü ildə muxtar respublikada partiya üzvlərinin sayı 30 min nəfər idisə, hazırda bu göstərici 54 min nəfərdir.
Azərbaycanın və onun ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasının inkişafına göstərdiyiniz diqqət və qayğıya görə, cənab Prezident, Sizə muxtar respublika əhalisi adından minnətdarlıq edirik.
Ölkəmizdə Yeni Azərbaycan Partiyasına və onun qüdrətli liderinə böyük inam vardır. Azərbaycan xalqı qarşıdan gələn prezident seçkilərində yekdilliklə öz taleyini yenidən Yeni Azərbaycan Partiyasının liderinə həvalə edəcək. Ötən 15 il aydın şəkildə göstərdi ki, cənab İlham Əliyev Ulu Öndərimizin müstəqillik yolunu davam etdirərək Azərbaycanı dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirib. Məhz buna görə də möhtərəm İlham Əliyevin namizədliyinin irəli sürülməsi təkcə bizim - Yeni Azərbaycan Partiyasının üzvlərinin deyil, bütövlükdə Azərbaycan xalqının seçimidir.
Muxtar respublikanın əhalisi və Yeni Azərbaycan Partiyasının 54 min nəfərlik üzvü adından 2018-ci ilin aprel ayında keçiriləcək prezident seçkilərində partiyamızın Sədri cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyini irəli sürür, dəstəkləyir və müdafiə edirik.
Möhtərəm Prezident, Sizi əmin edirik ki, Azərbaycanın müstəqilliyi və tərəqqisi naminə həyata keçirdiyiniz qətiyyətli mübarizədə Naxçıvan Muxtar Respublikası daim Sizinlədir. Əvvəlki illərdə olduğu kimi, bu il keçiriləcək prezident seçkilərində də Naxçıvan Sizə - ulu öndər Heydər Əliyevin layiqli davamçısına səs verəcək.
X X X
Milli Məclisin deputatı Rəşad MAHMUDOV çıxış edərək dedi:
-Möhtərəm Prezident.
Hörmətli qurultay iştirakçıları.
Mən çıxışıma başlamazdan əvvəl, həqiqətən bu gün bir Azərbaycan vətəndaşı olaraq, belə bir mötəbər məkanda, belə bir tarixi qurultayda çıxış etdiyimə görə bütün tariximizin qarşısında baş əymək istəyirəm. Allah dövlətimizi - Azərbaycanımızı bu günə gətirən və bu yolda əziyyət çəkən hər kəsə yar olsun.
Möhtərəm Prezident, hörmətli Mehriban xanım, dəyərli qurultay iştirakçıları.
O xalq, o cəmiyyət xoşbəxtdir ki, onun idarəçiliyi dincliyə, əmin-amanlığa söykənir. O xalq xoşbəxtdir ki, onun dincliyi, əmin-amanlığı, rifahı, bir sözlə, bütün taleyi onu idarə edən nəhəng şəxsiyyətlərin, müdriklərin, dərin zəka sahiblərinin çiynindədir. Tarixi təcrübə göstərir ki, xalq hər zaman bu ağır yükü daşımağa qadir olan belə yüksək ləyaqətli tarixi şəxsiyyətlərini, liderlərini dəstəkləyir, onların ardınca gedir, onlara inanır və arxalanır. Biz fəxr edirik ki, dünyanın son yüzilliyinin ən nüfuzlu tarixi şəxsiyyətləri və liderləri sırasında yer tutanlardan biri də bizim Azərbaycanımızın, partiyamızın qurucusu ulu öndərimiz Heydər Əliyevdir. Bugünkü dincliyimizin, əmin-amanlığımızın, bütün sahələrdə dinamik inkişafımızın möhkəm təməli məhz onun adı ilə bağlıdır. Bir də ona görə qürur duyuruq ki, Ulu Öndərin qurucusu olduğu müasir Azərbaycanı yüksək ləyaqətlə idarə edən möhtərəm Prezidentimiz İlham Əliyev var.
Möhtərəm Prezident, əlbəttə ki, bu gün Yeni Azərbaycan Partiyası olaraq gələcək düşüncələr, arzular, gələcək planlar, dövlətimiz barədə danışarkən, düşünürəm ki, bir vətəndaş, bir deputat olaraq, hər bir insanın gələcək ümidlərini, arzularını ortaya qoyması üçün öz keçmişini və bu gününü doğru dəyərləndirə bilməsi lazımdır. Son on beş ildə keçdiyimiz yola ötəri nəzər salsaq, nələri görə bilərik: Müstəqilliyimiz daha da möhkəmləndi, Azərbaycan dünya birliyində sivil, modern dövlət kimi, həm də yeni və özəl dəyərlərlə tanınmağa başladı və tanındı. Onun həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri bütün sahələrdə inkişaf dinamizmi, sözün əsl mənasında, qibtə doğurur. Bu gün Azərbaycan yalnız neft ölkəsi kimi deyil, həm də yeni mədəni mənəvi dəyərləri ilə tanınır. Bu gün Azərbaycan multikultural ölkə, idman və turizm ölkəsi kimi tanınır. Bu gün Azərbaycan yeni iqtisadi və sosial çağırışların, nüfuzlu beynəlxalq qurumların tədbirlərinin keçirilməsi üçün əsas məkan kimi tanınır. Azərbaycan dünyaya özünü demokratik ənənələrə sadiq, eyni zamanda, hüquqi və sosial dövlət kimi təqdim edirsə, deməli qarşıya qoyulan vəzifələr, qəbul edilən dövlət proqramları öz bəhrəsini verir. Artıq Azərbaycan iri və mürəkkəb infrastruktur layihələrinin reallaşdırılmasında böyük təcrübəsi olan bir dövlət kimi nüfuz sahibidir. Bu gün Azərbaycanın səsi beynəlxalq təşkilatların kürsülərindən daha gur eşidilir. Dövlətimizin başçısı cənab İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, inkişafın Azərbaycan modelinin mövcudluğu ölkəmizin ən böyük uğurudur, dünyaya nümunədir. Bəli, Azərbaycan bu gün öz tarixinin ən güclü, ən qüdrətli dövrünü yaşayır. Respublikamızın bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirir. Bütün təzyiqlərə baxmayaraq, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində işlərin davam etdirilməsi, iri enerji layihələrinin, qlobal əhəmiyyətli iqtisadi zonaların yaradılması, “ASAN xidmət” kimi Azərbaycan brendinin dünyaya təqdim edilməsi məhz, cənab Prezidentimiz, Sizin əzminiz, iradəniz sayəsində həyata keçirilib.
Hörmətli qurultay iştirakçıları, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu günədək minlərlə azərbaycanlı gənc xarici ölkələrin ali məktəblərində təhsil alıb və hazırda elmin, mədəniyyətin, iqtisadi və siyasi həyatımızın müxtəlif sahələrində uğurla çalışmaqdadır. Bu da insan kapitalına verilən dəyərin ən gözəl nümunələrindən biridir. Bu, əsl dövlət xadiminin strateji düşüncə məhsuludur.
Möhtərəm Prezidentimiz, bu imkanlarla Azərbaycan gəncliyinin gözünü dünya elminə və mədəniyyətlərinə açdığınıza görə Sizə təşəkkürümüzü bildiririk. Mən Milli Məclisin deputatı olmaqla yanaşı, həm də uzun illərdir səhiyyə sahəsində fəaliyyət göstərirəm. Son on beş ildə ölkəmizdə səhiyyənin inkişafı hamının gözü qabağındadır. Bu gün yaxın keçmişdə xəyala belə gətirə bilmədiyimiz müasir tibb ocaqlarımız var. Ölkəmizdə yüksək texnologiyaya əsaslanan əməliyyatların keçirilməsi qürurvericidir. Bununla yanaşı, icbari tibbi sığortanın pilot layihəsinin başlanması, səhiyyədə Dövlət proqramının uğurla icrası, ölkədə yeni farmaseptik zavodların inşası, gələcək nəsillərin sağlamlığına zəmanət verən Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətə başlaması, əlbəttə ki, dövlətin vətəndaşının sağlamlığına göstərdiyi diqqətin bariz nümunəsidir. Gələcəyimiz olan körpələrimizin ən ağır xəstəlikləri zamanı daim onların yanında olan Mehriban xanıma bu gün bütün o xəstə uşaqlar adından, onların valideynlərinin adından həm təşəkkürümüzü bildirmək istəyirik, həm də on illərdir ən çətin günlərində onlara yardım etdiyinizə görə şəxsən bir həkim olaraq qarşınızda baş əyirəm.
Sənətimlə əlaqədar inandığım bir həqiqət var. Dünyamızı sülhlə yanaşı, sevgi, mərhəmət, xeyirxahlıq, elm və düşüncə xilas edə bilər. Amma Silahlı Qüvvələrimiz bizim güvənc yerimiz, qürur mənbəyimizdir. Sizin diqqət və qayğınız sayəsində bu gün Azərbaycan Ordusu dünyanın ən qüdrətli orduları sırasındadır. Aprel hadisələrində Azərbaycan xalqı da, dünya da bu həqiqətin şahidi oldu. Bu gün ordumuzun qarşısında duran əsas vəzifə torpaqlarımızın düşmən əsarətindən azad edilməsidir və qüdrətli ordumuzun bu işin öhdəsindən məharətlə gələcəyinə xalqımızın heç bir şübhəsi yoxdur.
Möhtərəm Ali Baş Komandan, qüdrətli ordu qurduğunuza, dövlətimizin və vətəndaşlarımızın müdafiəsini gücləndirdiyinizə görə Sizə bütün xalqımız adından, bütün insanlar adından təşəkkür edirəm.
Deputatı olduğum Astara rayonunun bir çox ucqar dağ kəndlərinə elektrik enerjisinin və qazın verilməsi, insanların xəyala belə gətirə bilmədikləri uzaq dağ kəndlərinə asfalt örtüklü yolların çəkilməsi, məktəblər, uşaq bağçaları, xəstəxanalar, yeni emal müəssisələri, iş yerlərinin açılması - bütün bunlar Sizin rəhbərliyiniz dövründə mümkün olub və bu, ölkəmizin bütün rayon və şəhərlərinə xasdır. Cənub regionunun turizm potensialının genişləndirilməsi üçün dəmir yolu xəttinin dəniz kənarından götürülərək yerinin dəyişdirilməsi barədə verdiyiniz tapşırıqlar, 2018-ci ildə Bakı-Astara magistral yolunun istifadəyə verilməsi hər bir Azərbaycan vətəndaşının ürəyincədir və bu, regionun gələcək inkişafında yeni perspektivlərin başlanğıcıdır.
Möhtərəm Prezident, hörmətli qurultay iştirakçıları.
Əlbəttə ki, Ulu Öndərimizin Azərbaycan xalqına miras qoyduğu bu gözəl dövlətin, onun yaratdığı Yeni Azərbaycan Partiyasının yüz minlərlə üzvündən biri kimi, həm deputat, həm də bir həkim kimi tez-tez insanlarla təmasda oluram. Xüsusilə xarici ölkələrdə olanda Azərbaycanda gedən quruculuq işləri, inkişaf barədə müxtəlif səviyyələrdə xoş sözlər eşidəndə bu ölkənin vətəndaşı olduğuma görə qürur duyuram. Doğrudan da, Azərbaycan inkişafın dinamikasına görə dünyada lider ölkələrdən sayılır, regionun güc mərkəzi və əsas söz sahibidir, Avropanın yeni enerji təhlükəsizliyi siyasətinin başlıca təminatçılarındandır. Düşünürəm ki, bütün bu faktlar Sizin fəaliyyətinizin sadəcə kiçik bir hissəsidir. Əgər mənə desəydilər ki, Azərbaycanı təsvir et, bir həkim, bir insan kimi bir söz tapa bilirəm: Azərbaycan öz rəhbərinə və dövlətinə güvənən xalqın vətənidir. Milli maraqlarımızı qorumaq yolunda bəzən əsassız təzyiqlərlə üzləşməyinizə baxmayaraq, yolunuzdan dönmədən, ardıcıl, qətiyyətli və dürüst addımlarınızı və siyasətinizi bütün Azərbaycan xalqı dəstəkləyir.
Hörmətli qurultay iştirakçıları, bu qurultayda iştirak edən nümayəndələr adından, Yeni Azərbaycan Partiyasının yeddi yüz minlik üzvü, seçicilərim və Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən həmkarlarım adından Azərbaycanın gələcəyi naminə Yeni Azərbaycan Partiyasının sədri hörmətli İlham Heydər oğlu Əliyevin prezident seçkilərində namizədliyini irəli sürürəm. İnanıram ki, bu, Azərbaycan xalqı tərəfindən birmənalı şəkildə qarşılanacaq.
Möhtərəm Prezident, hörmətli Mehriban xanım.
Partiya tərəfindən mənə verilmiş səlahiyyətlərdən əlavə, bir ürək həkimi kimi peşəmin də mənə verdiyi imtiyazlardan istifadə edərək bir həqiqəti diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycanda bir çox insanın ürəyinə yaxınlaşmaq imkanım olduğuna görə Sizə əminliklə bir həqiqəti bildirmək istəyirəm. Biləsiniz ki, Azərbaycan xalqı Sizi ürəkdən sevir. Azərbaycan xalqının ürəyi Sizinlə döyünür.
Sağ olun.
X X X
Gəncə şəhərindən olan iş adamı Elnur CAMALXANOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli qurultay nümayəndələri.
Bu ali kürsüdən Sizləri sahibkarlar və gəncəlilər adından salamlamaq mənim üçün şərəfli, eyni zamanda, qürurverici bir haldır.
Hələ ötən əsrin sonunda ümummilli lider Heydər Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyasının möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən çağdaş dövrün tələblərinə uyğun uğurla davam etdirilməsi Azərbaycanı sürətli iqtisadi artımına görə dünyanın lider ölkələrindən birinə çevirməklə yanaşı, özəl sektorun respublika iqtisadiyyatında təkanverici qüvvə kimi formalaşmasını təmin edib. Ölkəmizdə şəffaf biznes və sağlam rəqabət mühitində bazar infrastrukturunun və sahibkarlığın inkişafının dəstəklənməsi bizə əlavə stimul verib, yeni imkanlar açıb.
Heç kimə sirr deyil ki, qlobal maliyyə böhranının neqativ təsirləri ölkəmizdən də yan keçməyib. Neft gəlirlərinin 2-3 dəfəyədək aşağı düşməsi maliyyə imkanlarımızı qismən məhdudlaşdırsa da, cənab Prezident, məhz Sizin siyasi iradəniz nəticəsində dövlətimiz qlobal şoklara məruz qalmayıb. Məhz bu vəziyyətdə iqtisadiyyatımızın onurğa sütunu sayılan kiçik və orta sahibkarlıq özünün yüksək inkişaf mərhələsinə qədəm qoyub. Vergi güzəştlərinin tətbiq edilməsi, imzaladığınız müxtəlif fərman və sərəncamlar biz sahibkarlara yeni imkanlar açmaqla yanaşı, həm də üzərimizə ciddi məsuliyyət qoyur. “Made in Azerbaijan” brendinin formalaşması və xarici bazarlarda təşviq olunması üçün biz sahibkarlar da əməli tədbirlər həyata keçiririk. Bütün sahibkarlar tam məsuliyyətləri ilə anlayırlar ki, qlobal böhran şəraitində ölkəyə əlavə valyuta axınının cəlb olunmasında yaxından iştirak etməlidirlər. Bunun üçün idxalı əvəzləyən və ixracyönümlü məhsulların istehsalının təmin olunması qarşımızda əsas vəzifə kimi dayanır. Əvvəl xarici bazarlara çıxış imkanlarımız məhdud idisə, artıq bu problem aradan qaldırılıb. “Azexport” portalının və bir sıra ölkələrdə ticarət evlərinin yaradılması biz sahibkarların üzünə yeni qapılar açıb desək, yanılmarıq. İnvestisiyaların Təşviqi Sənədinin alınması ilə bağlı Fərman yerli və xarici sərmayədarlar üçün də böyük bir fürsət olub. Təbii ki, bütün bunlar qeyri-neft sektorunun ümumi daxili məhsulda payını artırmaqla yanaşı, yeni iş yerlərinin açılmasına da münbit şərait yaradıb.
Cənab Prezident, ölkəmizdə Sahibkarlar Gününün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli Sərəncamınız bizi çox sevindirdi. Hər il aprelin 25-də Sahibkarlar Gününü böyük fəxrlə qeyd edirik. Artıq bizim də öz günümüz var. Bu, sahibkarların respublikamızın sosial-iqtisadi tərəqqisində, həmçinin məşğulluğun təmin olunmasında fəal iştirakına yüksək səviyyədə verdiyiniz önəmin növbəti ifadəsidir, bizi çox ruhlandırır və yeni-yeni ideyalara yönləndirir. Sizin imzaladığınız Fərmanla Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması isə sahibkarların maliyyə resurslarına çıxış imkanlarının daha da artırılmasına yeni təkan verib. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir. Bu, tərəqqi prosesində özəl sektorun payını və rolunu davamlı şəkildə artırır. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunmasında sahibkarlara böyük imkanlar yaradır. Artıq biz sahibkarlara daha yaxşı işləmək və yeni nailiyyətlər əldə etmək qalıb.
Cənab Prezident, sahibkarlıq fəaliyyəti ilə bağlı imzaladığınız fərman və sərəncamlar Gəncədə də sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaradıb. Sizin Gəncə və gəncəlilərə olan diqqət və qayğınız sayəsində Gəncə şəhəri öz qədimliyini və tarixiliyini saxlamaqla gəncləşir, müasirləşir və gündən-günə gözəlləşir. Bunun nəticəsidir ki, 2017-ci ildə Gəncə şəhərinə ümumi dəyəri 338 milyon 700 min manat investisiya qoyulub. Əminliklə qeyd etmək istəyirəm ki, 2018-ci ildə bu rəqəmin 1,8 dəfə artması gözlənilir.
Ölkəmizdə özəl sektora göstərilən dövlət qayğısından bəhrələnən 14 sahibkarlıq subyekti tərəfindən 20-yə yaxın xarici ölkəyə 183 milyondan çox rəqabətqabiliyyətli məhsul ixrac olunub və özəl sektorun ümumi daxili məhsuldakı payı artaraq 81 faizə çatıb.
Möhtərəm cənab Prezident, biz bu gün gələcəyə ümidlə baxırıq. Sizin tövsiyə və tapşırıqlarınıza əsasən Azərbaycan sahibkarları beynəlxalq standartlara uyğun məhsullar istehsal edə bilir. Sizin beynəlxalq aləmdə nüfuzunuz sayəsində dünya biznes mühitində Azərbaycan iş adamlarına böyük inam və etimad göstərirlər. Yürütdüyünüz sülhsevər siyasətiniz nəticəsində heç bir ölkə ilə işgüzar münasibətdə siyasi əngəllə qarşılaşmırıq. Ardıcıl siyasi əlaqələrin mövcudluğundan biz də uğurla istifadə edirik. Biz bunun davamlı olmasını istəyirik, Sizinlə irəliləmək istəyirik.
Hamıya məlumdur ki, iqtisadi tərəqqi, azad sahibkarlıq, sərbəst sərmayə qoyuluşu üçün ən başlıca amil ictimai-siyasi sabitlikdir. Cənab Prezidentimizin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə xalq-iqtidar vəhdəti, ictimai-siyasi sabitlik, maliyyə sabitliyi tam bərqərar olub. Belə şərait iş adamları, sahibkarlar üçün tam əlverişli mühit yaradıb. Odur ki, indi Azərbaycanda biz iş adamlarının hərtərəfli fəaliyyətinə böyük imkanlar vardır.
Cənab Prezident, bizim üçün yaradılmış bu şəraitə görə iş adamları adından Sizə dərin minnətdarlığımı bildirirəm. Biz müstəqil, suveren, iqtisadiyyatı həmişə güclü olan Azərbaycan görmək istəyirik. Bəllidir ki, ölkənin iqtisadi qüdrətinin artması üzləşdiyimiz Qarabağ probleminin həllinə də çox ciddi və həlledici təsir göstərir. Ona görə də bütün sahibkarlar, o cümlədən partiyamızın Gəncədəki çoxminli üzvləri bu işə öz töhfəsini verməyə çalışır.
2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyamızın sədri İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə növbəti dəfə namizədliyinin irəli sürülməsini təklif edirəm. Sizi və qurultay iştirakçılarını əmin edirəm ki, biz sahibkarlar aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyəcək və yekdilliklə Sizə səs verəcəyik. Yalnız Sizin rəhbərliyiniz altında ölkəmiz öz uğurlarının davamlılığını təmin edə bilər.
Çıxışımı Ulu Öndərin dərin fəlsəfi fikirlərini özündə ehtiva edən bir cümləsi ilə bitirmək istəyirəm: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”. Qurultayımız mübarək.
Yaşasın Müstəqil Azərbaycan!
Yaşasın xalqımızı daim yüksəlişlərə aparan Prezidentimiz cənab İlham Əliyev!
X X X
Qusar şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Neva ABDURAHMANOVA çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli qurultay iştirakçıları.
Xanımlar və cənablar.
Bu gün Sizin qarşınızda danışmaq mənim uçun olduqca qürurvericidir.
Cənab Prezident, icazə verin, Sizi bütün qusarlılar adından salamlayım və qurultayın işinə uğurlar arzu edim.
Bu gün Yeni Azərbaycan Partiyasının siyasi xəttini özünə mənəvi dəyər sayan hər bir sadə Azərbaycan vətəndaşı üçün böyük bir bayramdır. Çünki Partiyamız yarandığı gündən, sadəcə olaraq, öz həyatını deyil, bütövlükdə xalqın həyatını yaşayıb, onunla birgə inkişaf edib. Yeni Azərbaycan Partiyasının bütün uğurları Azərbaycan xalqının, Azərbaycan dövlətinin uğurlarıdır. Bu partiya ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsındə bir mayak olmuş, respublikamızın inkişafı və tərəqqisi məhz bu siyasi dinamika ilə güclənmişdir.
Cənab Prezident, dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidi ilə siyasi hakimiyyətə qayıtmasından öncəki Azərbaycanın düşdüyü vəziyyətdən danışarkən yaşadığım doğma Qusar rayonunun o zamankı ağır həyatı gözümüzün önündə canlanır. Həmin dövrdə siyasi səriştəsizlik, rəhbərlikdəki təcrübəsizlik, hərc-mərclik bizi ağır nəticələrə gətirib çıxarmışdı. İnsanlar çaşqınlıq içərisində idi. Siyasi və iqtisadi böhranla üzləşən xalqımız maddi və mənəvi çətinliklər yaşayırdı. 1993-сü ildən yenidən respublikaya rəhbərlik etməyə başlayan Heydər Əliyev həm xarici, həm də daxili təxribatları, münaqişələri aradan qaldıraraq ölkədə sabitlik yaratdı. Həyata keçirdiyi qəti tədbirlərlə dahi siyasi xadim insanların gələcəyə inamını bərpa etdi, multikultural və tolerant ənənələrə sadiq qalaraq bütün xalqları vahid bir məfkurədə, azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi.
Cənab Prezident, biz çox sevinirik ki, Ulu Öndərin əsasını qoyduğu bu siyasi və iqtisadi islahatlar Sizin tərəfinizdən daha müasir və yenilikçi prinsiplərlə davam etdirilir. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, inkişafdan kənarda qalsın.
Bu gün respublikamızın hər bir bölgəsinin sürətli inkişafı Sizin gərgin əməyinizin nəticəsidir. Sizin yorulmaz fəaliyyətiniz sayəsində doğma Azərbaycanımızın hər bir bölgəsi gündən-günə yeniləşərək simasını dəyişir. Çox sevinirik ki, Vətənimizin bir parçası olan Qusar da yeniləşən rayonların sırasındadır. Uzun illər ərzində həsrətində olduğumuz arzularımız Sizin sayənizdə gerçəkləşir. Qusar bu gün yüksək qayğınız sayəsində ən gözəl illərini yaşayır, inkişaf edir, abad bir diyara, böyük turizm mərkəzinə çevrilir. Məhz Sizin təşəbbüsünüz və qətiyyətiniz sayəsində tikilərək ərsəyə gətirilən “Şahdağ” qış-yay turizm kompleksi Qusarı bütün dünyaya tanıtdı. Vaxtilə kiçik bir əyalət şəhəri olan Qusar bu gün “Şahdağ” qış-yay turizm kompleksi sayəsində yüz minlərlə turisti qəbul etmək iqtidarındadır. Məhz Sizin diqqət və qayğınız Qusara yeni ab-hava, yeni nəfəs gətirdi. Vaxtilə ən elementar infrastruktur inkanlarından məhrum olan, lakin bu gün nəhəng turizm kompleksinin tikildiyi dağlara dəmir yolu xəttinin çəkilməsi təşəbbüsü biz qusarlılar tərəfindən sonsuz rəğbət və sevinclə qarşılanıb. İnanırıq ki, Sizin qətiyyətiniz sayəsində yaxın gələcəkdə bu layihə də gerçəkləşəcəkdir. Şübhəsiz ki, belə nəhəng nəqliyyat infrastrukturunun yaradılması Qusarın gələcək inkişafına böyük təkan verəcəkdir. Bütün bunları bizə Siz bəxş etmisiniz, cənab Prezident.
Cənab Prezident, biz Azərbaycan qadınları, anaları olaraq Sizin ailə-qadın problemlərinin həlli istiqamətində gördüyünüz işlərə böyük önəm veririk. Bu gün Azərbaycanda qadınların ictimai həyatda özlərini təsdiq etmələri üçün mükəmməl qanunvericilik bazası yaradılıb. Bu gün Azərbaycan qadınları ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini ürəkdən dəstəkləyir, ona qəlbən inanırlar. Xeyriyyəçilik, humanistlik və digər yüksək insani keyfiyyətləri sayəsində ümumxalq məhəbbəti qazanmış Mehriban xanım Əliyeva son illərdə hüquqi və siyasi müstəvidə böyük uğurlara imza ataraq Azərbaycanı dünyəvi və İslam dəyərlərinə sadiq bir ölkə kimi yüksək səviyyədə təmsil edir.
Möhtərəm Prezident, bu gün hər bir Azərbaycan qadını kimi, biz qusarlı qadınları da narahat edən ən başlıca məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Hər birimizə məlumdur ki, Siz ölkəyə rəhbərlik etdiyiniz ilk gündən başlayaraq bu günədək işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad edilməsi, tarixi ədalətsizliyin aradan qaldırılması, hər zaman münaqişənin danışıqlar masası arxasında həlli üçün məqsədyönlü siyasət həyata keçirmiş, dövlət maraqlarımıza, ərazi suverenliyimizə zidd olmayan sülhə hazır olduğunuzu bəyan etmisiniz. Təbii ki, Sizin ötən illər ərzində fasiləsiz olaraq Azərbaycan həqiqətlərini dünyaya sübut etmək istiqamətindəki uğurlu fəaliyyətiniz bu gün öz bəhrəsini verməkdədir.
Bununla belə, Sizi əmin edirik ki, sülh danışıqları bir nəticə verməyəcəyi halda qusarlı gənclər hər zaman olduğu kimi, əldə silah Vətən torpaqlarının azad edilməsi uğrunda mübarizənin ön cərgəsində olacaqlar.
Cənab Prezident, inam böyük qüvvədir və insanı qələbəyə doğru aparan mühüm amildir. Bu inam isə xalqımızın ürəyində artıq möhkəm yer tutub. Qarşıdan hər birimizin həyatında mühüm hadisə olan prezident seçkiləri gəlir. Biz qusarlılar bu seçkilərdə yeganə namizəd olaraq Sizi görürük və xalqımızın yeganə layiqli namizədi kimi yekdilliklə dəstəkləyirik. Sizi əmin edirik ki, qazandığınız və layiq olduğunuz ümumxalq məhəbbəti qarşıdan gələn prezident seçkilərində də Sizin əzəmətli qələbənizi təmin edəcəkdir.
Möhtərəm cənab Prezident, bir daha Sizi əmin etmək istəyirəm ki, ölkəmizin şimal qapısı olan Qusarın əhalisi həmişə Sizinlədir. Biz qusarlılar doğma Azərbaycanımızın inkişafı və itirilmiş torpaqlarımızın geri qaytarılması naminə həyata keçirdiyiniz işlərdə Sizin ən yaxın yardımçınız olacaq və ətrafınızda daha sıx birləşəcəyik.
Çıxışımın sonunda Yeni Azərbaycan Partiyası Qadınlar Şurası və bütün qusarlılar adından Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyini irəli sürür və yekdilliklə müdafiə olunmasına çağırıram.
Eşq olsun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə! Yaşasın müstəqil Azərbaycan Respublikası! Çox sağ olun.
X X X
ADA Universitetinin tələbəsi Emil ASLANLI çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli qurultay nümayəndələri.
Yeni Azərbaycan Partiyasının VI qurultayında sizin qarşınızda bu şərəfli kürsüdə çıxış etməkdən böyük qürur hissi keçirirəm.
Bu gün Azərbaycan xalqının həyatında əlamətdar və tarixi bir gündür. Biz burada, ölkəmizdə aprelin 11-də keçiriləcək prezident seçkilərində, cənab Prezident, Sizin namizədliyinizin irəli sürülməsinin şahidi olmaqla, tariximizə yeni bir səhifə yazırıq. Bu gün Azərbaycan gəncliyi üçün də çox sevindirici və əlamətdar bir gündür. Mən də bir gənc kimi, bu tarixi günə şahidlik etdiyim üçün özümü çox xoşbəxt hiss edirəm.
Möhtərəm Prezidentimiz, cənab Sədr, şübhəsiz ki, bu namizədlik qurultay nümayəndələri tərəfindən yekdilliklə dəstəklənəcək. Çünki bu, xalqımızın, xüsusilə də Azərbaycan gənclərinin 2003-cü ildən dəyişməz seçimidir və Azərbaycan gəncliyi bir daha gələcəyə inamla və İlhamla getmək istəyir. Bu mənada əminik ki, aprelin 11-də Azərbaycan xalqı bir daha tərəqqiyə, sabitliyə və inkişafa səs verəcək. Ona görə bu, cəmiyyətimizin sosial sifarişi olmaqla, zamanın zərurətdən doğan tələbdir. Bu seçim təkcə bizim ölkəmiz üçün deyil, bütövlükdə regionumuzun gələcəyi üçün çox əhəmiyyətlidir. Ötən dövr ərzində respublikamızda bütün sahələrdə qazanılan misilsiz nailiyyətlər Sizin imzanızla gerçəkləşib. Ölkəmizdə uğurlu sosial-iqtisadi inkişafın nəticəsidir ki, son illərdə əhalinin sayı durmadan artır. Əslində bu, dayanıqlı inkişafın göstəricisi olmaqla, ölkəmizdə demoqrafik təhlükəsizliyin yüksək səviyyədə qorunmasına sübutdur.
Sizin rəhbərliyinizlə ölkəmizdə gənclərin inkişafı üçün mühüm məsələlərdən biri olan təhsilimiz də böyük inkişaf yolu keçir. Respublikamızda beynəlxalq standartlara cavab verən müxtəlif təhsil ocaqları yaradılır, gənclərimiz dünyanın nüfuzlu universitetləri ilə rəqabətə girə bilən universitetlərdə təhsilini davam etdirir. Mən də fəxr edirəm ki, dünyanın tanınmış təhsil ocaqlarından heç də fərqlənməyən ADA kimi Universitetdə təhsil alıram. Bütün sahələrdə, xüsusilə təhsilimizdə inkişaf məhz Sizin xidmətiniz və ölkəmizin gələcəyi olan gəncliyə diqqətinizdir.
Fürsətdən istifadə edərək, qeyd etmək istəyirəm ki, Sizin və Heydər Əliyev Fondunun prezidenti möhtərəm Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın dəstəyi ilə şərəfli tarixi keçmişimizin, milli mənəvi dəyərlərimizin qorunmasında və dünyaya çatdırılmasında həyata keçirilən möhtəşəm layihələri Azərbaycan gəncləri çox yüksək dəyərləndirirlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli şəkildə qeyd edilməsi ilə bağlı Sərəncam imzalamaqla qəhrəman xalqımızın tarixi nailiyyətlərinə, Milli Ordumuza, bayrağımıza, bütövlükdə dövlət atributlarına böyük qiymət verdiniz. Tarixi keçmişimizin nüfuzunu və şöhrətini daha da yüksəltdiniz. Bu gün Sizin gərgin əməyinizə, uzaqgörən diplomatiyanıza, qətiyyətli siyasətinizə və xalqımıza olan sonsuz məhəbbətinizə görədir ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan qüdrətli müasir müstəqil dövlətimiz dünya birliyində ləyaqətlə təmsil olunur. Sizin uca kürsülərdə - BMT-də, NATO-da, Davosda, Avropa Şurasında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı cəsarətli çıxışlarınızı dinlədikcə Sizinlə bir daha fəxr edirik. Siz bizim liderimizsiniz və ölkə gəncliyi üçün örnəksiniz.
Bu gün Sizin məqsədyönlü və uğurlu siyasətinizin nəticəsi olaraq, rəhbərlik etdiyiniz Yeni Azərbaycan Partiyası ətrafında 700 mindən çox ölkə vətəndaşı sıx birləşib. Xalqımız ölkəmizin gələcəyini məhz müasir Azərbaycan dövlətinin qurucusu olan ulu öndər Heydər Əliyevin dühası ilə yaranan partiyanın iqtidarında görür. Mən də bir Azərbaycan gənci kimi iftixar hissi ilə bildirirəm ki, bu gün ölkəmizin ən aparıcı gəncləri ümumxalq partiyasına çevrilmiş YAP-ın sıralarındadır. Heç də sirr deyil ki, bu gün partiya üzvlərinin 40 faizindən çoxu Azərbaycan gəncləridir.
Gənclərimizin sürətlə bu partiyaya qoşulmasına səbəb isə Sizin gənclərə olan etimadınız, diqqətiniz və ehtiramınızdır. Uğurla həyata keçirdiyiniz gənclər siyasəti sayəsində ölkəmizdə istedadlı, savadlı, bacarıqlı, vətənpərvər gənclər ordusu formalaşıb. Bu, o gənclərdir ki, ulu öndər Heydər Əliyev siyasətinə sadiqdirlər, bu, o gənclərdir ki, Ali Baş Komandanın bir əmri ilə öz qanları bahasına aprel zəfərini bizə yaşatdılar. Bu, o gənclikdir ki, Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla, işğalçı və cinayətkar Ermənistanı ifşa edirlər, bu, o gənclərdir ki, üçrəngli bayrağımızı dünyanın ən mötəbər arenalarında, Olimpiya Oyunlarında, ölkəmizdə keçirilmiş birinci Avropa Oyunlarında, IV İslam Həmrəylik Oyunlarında ucalarda dalğalandırdılar.
Cənab Prezident, Siz hər çıxışınızda Azərbaycan gənclərinin yanında olduğunuzu deməklə, ölkəmizin həyatında gənclərin danılmaz rolunun və iştirakının əhəmiyyətini, onların potensialından istifadə etməyin vacibliyini cəmiyyətin diqqətinə çatdırırsınız. Bütün bunlara görə, Sizə çox minnətdarıq. Biz, Nəsimi rayon təşkilatının 10 mindən çox gənci də bütün Azərbaycan gəncləri kimi Sizin getdiyiniz bu çətin və şərəfli yolda daim yanınızda olacağımıza söz verir və hər zaman Sizin etimadınızı doğrultmağa çalışacağımızı bildirmək istəyirik. Biz gənclər söz veririk ki, hər zaman Heydər Əliyev yoluna, onun siyasətinə sadiq qalaraq, Sizin bizim üçün yaratdığınız bu şanslardan istifadə edib, Vətənimizin çiçəklənməsində əlimizdən gələni əsirgəməyəcəyik.
Hörmətli qurultay nümayəndələri, belə bir gündə, bu ali məclisdə sizə Azərbaycan gəncliyinin cənab Prezidentə olan inamını, ehtiramını və sonsuz sevgisini ifadə etmək istərdim.
Lakin çox təəssüf ki, respublikamızda məkrli niyyətlərini həyata keçirmək istəyən bəzi ermənipərəst xarici dairələr və təşkilatlar ölkəmizin bu uğurlu inkişafına və beynəlxalq aləmdəki imicinə kölgə salmağa cəhd edirlər. Nə qədər acı olsa da, ölkəmizdəki bir qrup antimilli siyasətbazlar uzun illərdir ki, bu məkrli planların alətinə çevriliblər. Bu möhtəşəm kürsüdən Azərbaycan gəncləri adından onlara səslənirəm: Sizin bütün oyunlarınız elə ölkəmizin sərhədlərindən kənarda iflasa uğrayacaq. Çünki Azərbaycan xalqı öz gələcəyini və öz gəncliyini Azərbaycanda alternativi olmayan İlham Əliyev siyasətində görür.
Yaşasın müstəqil Azərbaycan! Yaşasın cənab Prezident İlham Əliyev! Yaşasın Yeni Azərbaycan Partiyası!
X X X
Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli ƏHMƏDOV dedi:
-Hörmətli sədr.
Hörmətli qurultay nümayəndələri.
Altı nəfər partiyamızın sədrinin proqram xarakterli çıxışı ətrafında diskussiyada iştirak etdi və qarşıdan gələn növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinin irəli sürülməsi haqqında təkliflərini bildirdi. Bütün çıxışlarda Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsi haqqında təklif səsləndirildi. Hesab edirəm ki, bununla biz çıxışlara son qoya bilərik.
Növbəti məsələmiz Yeni Azərbaycan Partiyasının VI qurultayının aprelin 11-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərarının qəbul edilməsi ilə əlaqədardır.
İcazə verin, qurultayın qərar layihəsini təqdim edim.
X X X
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin 2018-ci il aprelin 11-də növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə Yeni Azərbaycan Partiyasının VI qurultayının qərarı:
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən keçən müddət müasir tariximizə ölkənin iqtisadi, sosial, siyasi və mədəni inkişafının dönüş nöqtəsi kimi daxil olub. Bu illər ərzində uğurla həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyat üç dəfədən çox artıb, Azərbaycan dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatı kimi tanınıb, özünün nadir iqtisadi inkişaf modelini təqdim edib.
Ölkənin iqtisadi potensialı əsaslı şəkildə artırılıb, maliyyə imkanlarımız tarixi maksimuma çatdırılıb. Azərbaycan bölgənin ən qüdrətli iqtisadiyyatına çevrilib, Cənubi Qafqazın və ətrafın coğrafiyasını dəyişdirməyə qadir olan möhtəşəm layihələrin təşəbbüskarı missiyasını qətiyyətlə öz üzərinə götürüb. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan regional iqtisadiyyatın lokomotivinə çevrilib, Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi özünü təqdim edib, beynəlxalq Şərq-Qərb, Şimal-Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirməkdədir. Bütün bunların nəticəsində təbii olaraq Azərbaycanın regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti xeyli yüksəlib.
Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət sayəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib. Hər şeydən əvvəl yoxsulluq həddinin 50 faizdən 5 faizə endirilməsi, başqa sözlə, təxminən 10 dəfə azaldılması, 1 milyon 900 min yeni iş yerinin yaradılması nəticəsində işsizlik səviyyəsinin təxminən 5 faizə endirilməsi kimi tarixi nailiyyətlər qeyd olunmalıdır. Bu müddət ərzində maaşlar orta hesabla 5 dəfə, pensiyalar 8 dəfə, əhalinin real gəlirləri orta hesabla 2,6 dəfə artıb.
Sosial infrastrukturun yenilənməsi sahəsində əldə olunan nailiyyətlər, sözün həqiqi mənasında, möcüzə sayıla bilər. 2003-2017-ci illərdə 3100 məktəb tikilib və ya əsaslı surətdə təmir olunub, 642 xəstəxana qurulub istifadəyə verilib, 43 müasir idman kompleksi yaradılıb.
Məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 92 qəsəbə və yaşayış kompleksi, 48,3 min mənzil və ya fərdi ev tikilib istifadəyə verilib, 245 min məcburi köçkün müasir mənzillərlə təmin olunub.
Ölkənin siması köklü surətdə yenilənib, modernləşmə Azərbaycanın müasir tarixinin fərqləndirici xüsusiyyətinə çevrilib. Bakı dünyanın ən gözəl şəhərlərindən biri kimi şöhrət qazanıb, bölgələrdə həyatın keyfiyyəti köklü surətdə dəyişdirilib. Əzəmətli infrastruktur layihələrin miqyası inşa olunan 12,3 min kilometr müasir yollarda, 443 körpü və yol qovşağında, qazlaşdırmanın 93 faizə çatdırılmasında, əhalinin içməli su ilə təminatının 67 faizə yüksəlməsində ifadə olunur.
Hərtərəfli siyasi islahatlar ölkənin siyasi sisteminin təkmilləşməsini və müasir standartlara uyğunlaşmasını əsaslı surətdə təmin edib. İnsan hüquq və azadlıqları, o cümlədən siyasi azadlıqlar, söz və mətbuat azadlığı tam təmin edilib, idarəetmənin optimallaşdırılması və səmərəliliyinin artırılması sahəsində ciddi addımlar atılıb.
2016-cı ildə keçirilən referenduma əsasən baş tutan Konstitusiya islahatları, vitse-prezident institutunun yaradılması siyasi islahatların dərinləşməsi istiqamətində ən uğurlu addımlardan sayıla bilər. Bu islahatların nəticəsində Azərbaycan dövlətinin daha qüdrətli və möhtəşəm görkəm alması haqlı olaraq xalqın qürur və iftixar mənbəyinə çevrilib. 2012-ci ildə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, mötəbər beynəlxalq təşkilatlarda Azərbaycanın layiqincə təmsil olunması, tam müstəqil xarici və daxili siyasət yürütməsi dövlətimizin qüdrətinin və müstəqilliyinin ən bariz ifadələridir. Bu qüdrətin digər bir ifadəsi isə ordumuzun döyüş qabiliyyətinin heç zaman olmadığı qədər yüksəlməsi hesab edilməlidir. 2016-cı ilin aprel döyüşlərində düşmənə endirilən sarsıdıcı zərbə, düşmən işğalından azad olunaraq yenidən qurulan Cocuq Mərcanlı qəhrəman Azərbaycan Ordusunun döyüş şücaətinin unudulmaz səhifələri, Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrikliyinin parlaq nümunəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı tam, bitkin, sistemli xarakter daşıyaraq əsl mənada intibah kimi müasir həyatımıza və tariximizə daxil olub. Bütün sahələrdə olduğu kimi, elm, mədəniyyət, idman sahələrində də əzəmətli layihələr həyata keçirilib və keçirilməkdədir. Azərbaycanın “Eurovision” mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına, bir sıra mötəbər beynəlxalq təşəbbüslərə və tədbirlərə ev sahibliyi etməsi Azərbaycan intibahının miqyasının və beynəlxalq etiraf dərəcəsinin aydın göstəricisidir.
Yeni Azərbaycan Partiyasının VI qurultayı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını, dövlətçilik ənənələrinin və demokratik təsisatlarının gücləndirilməsini, ölkənin beynəlxalq nüfuzunun və müdafiə qabiliyyətinin ciddi şəkildə möhkəmləndirilməsini, habelə Prezident İlham Əliyevin şəxsində Azərbaycanın inkişaf perspektivlərinə etibarlı təminatı nəzərə alaraq və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54-cü maddəsinə istinad edərək qərara alır:
İlham Heydər oğlu Əliyev 2018-ci il aprel ayının 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizəd irəli sürülsün.
X X X
Əli ƏHMƏDOV: Hörmətli qurultay iştirakçıları, sizin hərarətli və sürəkli alqışlarınız əslində qurultayın səsləndirilən qərarının birmənalı şəkildə dəstəklənməsidir. Amma, eyni zamanda, mən prosedur qaydalarına görə qurultayın qərarını səsə qoymalıyam.
Kim Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərində namizədliyini dəstəkləyirsə, xahiş edirəm, səs versin.
Əleyhinə olan, bitərəf qalan, yoxdur.
Beləliklə, Yeni Azərbaycan Partiyasının VI qurultayının İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərarı yekdilliklə qəbul olunur. Xeyirli olsun! Uğurlu olsun!
Cənab Prezident, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının VI qurultayının qəbul etdiyi bu qərarı ürəkdən dəstəkləyəcək. Buna qətiyyətlə inanırıq. Eyni zamanda, ona da inanırıq ki, aprel ayının 11-də hər bir seçicimiz böyük həvəslə, ürəkdən səsvermə məntəqəsinə gəlib Sizə səs verəcək və Sizə səs verməklə növbəti 7 il ərzində Azərbaycanın inkişafına, tərəqqisinə, yüksəlişinə, sabitliyinə, əmin-amanlığına səs vermiş olacaqlar.
Cənab Prezident, Siz buna layiqsiniz. Azərbaycan xalqı Azərbaycanın bu gününü, sabahını, gələcəyini Sizinlə, Sizin həyata keçirdiyiniz siyasətlə bir yerdə görür. Alternativ yoxdur və hesab edirəm ki, biz bu gündən artıq aprel ayının 11-də bizi gözləyən qələbə münasibətilə Sizi və bütün partiya üzvlərini, bütün xalqımızı təbrik edə bilərik. Sağ olun cənab Prezident.
X X X
Prezident İlham ƏLİYEV: Hörmətli qurultay nümayəndələri, mənə göstərilən böyük dəstəyə görə sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Sizi və bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, əgər prezident seçkilərində Azərbaycan xalqı mənə yenidən yüksək etimad göstərərsə, doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm. Sağ olun.
X X X
Yeni Azərbaycan Partiyasının VI qurultayı dövlət himninin səslənməsi ilə başa çatdı.
1news.az