Akademik Musa Əliyevin 110 illiyi qeyd olunacaq
Prezident İlham Əliyev Akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“2018-ci ilin aprel ayında görkəmli Azərbaycan alimi və tanınmış ictimai xadim, akademik Musa Mirzə oğlu Əliyevin anadan olmasının 110 illiyi tamam olur.
Azərbaycanda geologiya elminin inkişafına öz fundamental tədqiqatları ilə layiqli töhfələr vermiş Musa Əliyev, eyni zamanda, böyük elm təşkilatçısı olaraq təqdirəlayiq fəaliyyət göstərmiş, Elmlər Akademiyasının prezidenti kimi respublikada intellektual potensialın formalaşdırılması və elmin ən perspektivli sahələrinin təşkili istiqamətində mühüm nailiyyətlər əldə etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin elmi potensialının artırılması və milli sərvətə çevrilməsində, eləcə də yüksəkixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş akademik Musa Əliyevin anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Musa Əliyevin 110 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
1news.az