Xalq Bank rəhbərliyində dəyişiklik baş verib
Ölkənin ən böyük özəl banklarından biri, bank sektorunun liderlərindən olan Xalq Bank ASC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib.
Bankın uğurları üçün uzunmüddətli qüsursuz və peşəkar fəaliyyətləri nəzərə alınaraq Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Xalq Bank ASC-nin İdarə Heyəti sədrinin müavinləri Xəzər Bağırlı və Yaşar Nağıyev bankın Müşahidə Şurasının üzvləri seçiliblər. Yeni vəzifədə X.Bağırlı və Y.Nağıyev son zamanlar ölkənin bank sektorunda artan rəqabətlilik və dəyişən iqtisadi tələblər şəraitində səylərini bankın strateji inkişafı ilə bağlı məsələlərin həllinə yönəldəcəklər.
Bankın idarə edilməsində ardıcıllıq ənənəsinə sadiq qalaraq, gənc idarəçilərin potensial imkanlarından daha səmərəli istifadə etmək məqsədi ilə bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə Kredit idarəsinin rəisi Kamran Məcidov, sədrin müavinləri vəzifələrinə Biznesin inkişafı idarəsinin rəisi Nigar Biləndərli, Xəzinədarlıq idarəsinin rəisi Natella Şahverdiyeva və “Mərkəz” filialının direktoru Elnur Məmmədli təyin ediliblər. Bundan əlavə, Hüquq idarəsinin rəisi Röyam Hüseynzadə, Filiallarla iş idarəsinin rəisi Kərim Quliyev, Hesablaşmalar idarəsinin rəisi Nazim İbrahimov və Risklərin idarə edilməsi idarəsinin rəisi Nəbi Nəbiyev İdarə Heyətinin üzvləri seçiliblər.
İdarəçi Heyətinin yenilənməsi daim dəyişən bazar şəraitində qarşıda duran məsələlərin daha səmərəli həlli, əməliyyat idarəetməsinin təkmilləşdirilməsi və daha yüksək nailiyyətlərin əldə olunması üçün müsbət zəmin yaradılmasına xidmət edir.
Reklam hüququnda