Xilasedicilər üçün “ağıllı gödəkcə” hazırlanıb
“Nokia” şirkəti Koreya Respublikasının “Kolon” geyim şirkəti ilə birgə İspaniyanın Barselona şəhərində mobil sənayenin ən böyük sərgisi olan “Mobile World Congress 2018”də xilasedicilər və polislər üçün hazırladığı “ağıllı gödəkcə”ni təqdim edib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “CHASE Life Tech FR” zahirən polis və yanğınsöndürənlərin parlaq gödəkcələrinə bənzəyir. Əsas fərq onun ürək döyüntüsünün tezliyini və bədən temperaturunu qeydə alan modulyar sensorlar, GPS və akselerometrlə təchiz edilməsindədir. Onların əvəzinə konkret vəziyyətdə lazım olacaq sensorlar (məsələn, dəm qazı sensorları) quraşdırmaq mümkündür.
Gödəkcə vasitəsilə əldə olunan məlumatlar baza stansiyasına ötürülür ki, burada idarəetmə bloku onları real vaxt rejimində təhlil edir. Bu, xüsusilə polis və ya yanğınsöndürənin qəza vəziyyətində əlaqə qura bilməməsi zamanı kömək edə bilər.
Gözəl dizayna malik olan “CHASE Life Tech FR” gödəkcəsi hər kəs tərəfindən qəbul edilən dünya brendlərindən heç də geri qalmır. Bundan başqa, gödəkcənin hissələri müəyyən praktik funksiyaları yerinə yetirir. Məsələn, parça keçiricilik qabiliyyətinə malikdir, GORE-TEX materialından hazırlanmış 3M-detallar isə yağış və qar suyunu keçirmir. Bütün sensorları çıxarmaq mümkündür ki, bu da gödəkcəni asanlıqla yumağa imkan verir. “Nokia” və “Kolon” şirkətləri adi vətəndaşlar üçün də belə gödəkcələr hazırlamağı planlaşdırır.
1news.az