İlham Əliyev: Azərbaycan pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir
2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığa çox ciddi dövlət dəstəyi göstərilir və nəticələr də göz qabağındadır.
1news.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bərdədə pambıqçılığın inkişafına dair respublika müşavirəsində söyləyib.
Dövlət başçısı deyib ki, qısa müddət ərzində pambıqçılığın sürətli inkişafına nail ola bilmişik:
“Demək olar ki, biz pambıqçılığı Azərbaycanda bərpa edirik. 2016-cı ildə Sabirabad şəhərində, keçən il isə martın sonunda Saatlı şəhərində müşavirələr keçirilib. Bu müşavirələrdə verilən tapşırıqlar yerinə yetirilir. Biz bu tapşırıqların yerinə yetirilməsi nəticəsində gözəl nailiyyətlərə də çata bilmişik”.
Kənd təsərrüfatının inkişafında pambıqçılığın xüsusi əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev bildirib: “Son iki il ərzində pambıqçılığın bərpası istiqamətində görülən işlər bir daha onu göstərir ki, bu sahənin çox böyük gələcəyi var. Zəhmətkeşlər, fermerlər üçün bunun çox böyük gəliri var. Ölkə iqtisadiyyatı üçün də böyük faydası var”.
Prezident vurğulayıb ki, Azərbaycan pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir.
Dövlət başçısı pambıqçılığın ölkə iqtisadiyyatı üçün böyük faydasından danışıb. Qeyd edib ki, pambıqçılıq, ilk növbədə, məşğulluq, ölkəmizə valyuta gətirir, qeyri-neft sektorunu, qeyri-neft sənayesini inkişaf etdirir, yerli istehsala təkan verir, nəinki pambıqçılıq rayonlarında, digər rayonlarda da iş yerləri yaradır:
“Azərbaycan bu gün pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir. İnanmıram dünyada ikinci ölkə tapılsın ki, iki il ərzində pambıq tədarükünü altı dəfədən çox artıra bilsin. Biz bütün bunlara məqsədyönlü tədbirlər nəticəsində nail olmuşuq. Bir daha demək istəyirəm, əgər pambıqçılığa dövlət dəstəyi göstərilməsəydi, biz buna nail ola bilməzdik, 2015-ci ildə 35 min ton, bu il bəlkə də 20 min ton pambıq yığılardı-yığılmazdı, bu da bəlli deyil. Beləliklə, pambıqçılıq tamamilə məhv olub gedəcəkdi. Biz isə buna imkan vermədik. Pambıqçılığı qoruduq, bərpa etdik və bərpa edəcəyik.
Qeyd etməliyəm ki, növbəti illərdə bizim əsas vəzifəmiz məhsuldarlığı artırmaq olacaq. Çünki keçən ilin təcrübəsi göstərir ki, böyük irəliləyiş var. 2016-cı ildə təqribən 90 min tona yaxın pambıq yığılmışdır, keçən il 207 min ton. Baxmayaraq ki, böyük həcmdə məhsul götürmüşük, ancaq hektardan məhsuldarlıq lazımi səviyyədə deyil. Bərdə rayonunda çox yaxşı səviyyədədir, 26 sentnerdən çoxdur. Lakin bəzi rayonlarda çox aşağıdır. Bunun səbəbləri təhlil edilir və edilməlidir ki, buraxılan nöqsanlara gələcəkdə yol verilməsin, məhsuldarlıq daha da yüksək olsun”.
1news.az