Bakıda Pakistanın milli bayramı qeyd edilib

Bakıda Pakistanın milli bayramı – Pakistan Günü münasibətilə rəsmi qəbul təşkil edilib.
1news.az xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, səfirlər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand çıxış edərək ölkəsinin müstəqillik illərinə keçdiyi yoldan danışıb. Azərbaycanla əlaqələrə toxunan səfir deyib ki, ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər mövcuddur:
"Rəsmi İslamabad Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olub. Ötən müddət ərzində ölkələrimiz arasında münasibətlər müxtəlif sahələrdə inkişaf edib. Bizim ticari, diplomatik, müdafiə, təhsil, enerji sahəsində çox yaxşı əlaqələrimiz var. Kəşmir məsələsində Azərbaycan Pakistanı dəstəklədiyi kimi biz də Dağlıq Qarabağ məsələsi ilə bağlı həmişə Azərbaycanın yanında olmaqda davam edəcəyik".
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan prezidenti və xalqı adından Pakistan xalqını və dövlətini təbrik edib. O, Pakistanın Azərbaycan üçün son dərəcə mühüm bir ölkə olduğunu deyib. Bildirib ki, bu gün iki ölkəni möhkəm siyasi tellər bağlayır: "Pakistan Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanı bir dövlət kimi tanımayıb. İki ölkə ən çətin, ağır günlərdə bir-birinin yanında olub. Bizim müxtəlif sahələrdə əlaqələrimiz yüksək səviyyədədir, iqtisadi sahədə də əlaqələrin inkişafı arzuolunandır. Hazırda ticarət dövriyyəsinin 10 milyon dollar civarındadır, iqtisadi əlaqələrin artırılması, ticarət dövriyyəsinin yüksəldilməsi üçün addımlar atılmalıdır. Bildiyimə görə, yaxın iki ay ərzində Pakistan-Azərbaycan arasında birbaşa reys açılacaq. Birbaşa reysin açılması bu sahədə əlaqələrin inkişafına öz təsirini göstərəcəyinə əminəm".
Nazir Kəşmir və Dağlıq Qarabağ məsələlərində hər iki ölkənin bir-birinə dəstəyini qeyd edib.
Pərvanə Sultanova