Əli Həsənov: Azərbaycana qarşı çirkin kampaniya aparanların məqsədləri ölkədəki sabitliyi pozmaqdır - YENİLƏNİB
“Dövlətlər yalnız ərazilərinə, siyasi quruluşuna görə deyil, həm də milli elitanın fəaliyyəti ilə ölçülür”.
1news.az xəbər verir ki, bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Bakıda "İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi" mövzusundakı tədbirdə çıxışı zamanı deyib.
O vurğulayıb ki, Azərbaycan heç bir dönəmdə, ən azından ümummilli lider Heydər Əliyev tərəfindən 6 avqust 1998-ci ildə KİV üzərindən bütün senzura və qadağalar ləğv olunduqdan sonra nə hər hansı media qurumunun fəaliyyətinə məhdudiyyət qoymayıb, nə yeni fenomen olan şəbəkə məhdudlaşdırma yolunu seçməyib, nə də ki, ölkəmizdə milli şəbəkələrin qurulmasına ciddi təşəbbüs göstərməyib:
“Qlobal informasiya və ünsiyyət şəbəkələrinə giriş bizim ölkədə sərbəstdir və bəzi milli dönüklərin okeanın o tayından verdikləri saxta proqnozlara baxmayaraq sərbəst də saxlanılacaqdır. Azərbaycan hakimiyyəti bəhs etdiyim dövrdə sosial şəbəkələrə cəmiyyətlə və dünya ilə asan təmas imkanlarından biri kimi yanaşıb və yanaşmaqda da davam edir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin özünün, müxtəlif dövlət qurumlarının, ayrı-ayrı vəzifəli şəxslərin rəsmi sosial profilləri fəaliyyət göstərir. Cənab Prezident dəfələrlə sosial şəbəkələrdə qaldırılan problemlərə reaksiya verib, internetə məlumat mənbələrindən biri kimi yanaşdığını bildirib. Təsadüfi deyil ki, bu gün Azərbaycanda “Facebook”, “Twitter”, “Youtube”, “Instaqram” və bu kimi sosial şəbəkələrdə istifadəçilərin sayı 3 milyona yaxınlaşıb. Cəmi 10 milyona yaxın əhalisi olan bir ölkə üçün bu, həqiqətən böyük göstəricidir. Azərbaycanda müasir rabitə və internet infrastrukturunun qurulması, tariflərin region ölkələrindəki qiymətlərlə uyğunlaşdırılması, hər kəsin bu sahədə sərbəst fəaliyyəti üçün şərait yaradılması, mövcud seqmentdə fikir plüralizminin təmin olunması ölkəmizdə sosial şəbəkələrin inkişafına müsbət təsir göstərən əsas amillərdir”.
Ə.Həsənov qeyd edib ki, Azərbaycan hakimiyyətinin sosial şəbəkələrə pozitiv münasibəti, bu seqmentdən geniş istifadə üçün yaratdığı hərtərəfli şərait qarşısında bəzi dairələrin mövcud imkanlardan sui-istifadə cəhdləri cəmiyyətimizi narahat etməyə də bilməz: “Müəyyən xarici qüvvələrin və daxili siyasi qrupların Azərbaycan hakimiyyətinə, bir çox hallarda isə bütövlükdə Azərbaycan dövlətinə qarşı davamlı olaraq iyrənc kampaniya aparması bunu açıq şəkildə göstərir. Ayrı-ayrı vaxtlarda təşkil olunan kampaniyaların təşkilatçıları və iştirakçıları ölkədəki dünyəvi rejimi, etnik-dini münasibətlər sistemini hədəf götürür, ölkəmizin adının belə “tarixi səhv” nəticəsində yarandığı barədə uydurmalar yayırlar. Məqsədyönlü şəkildə açılmış, fərqli radikal dini qrupların, separatçı dərnəklərin nəzarətində olan səhifələr ölkədəki tolerant mühiti, ən böyük qazancımız və inkişafımızın rəhni olan sabitliyi hədəfə alırlar. Sirr deyil ki, bu çevrələr, dərnəklər, qruplar bəzi qonşu dövlətlərin, xüsusən Ermənistanın məkrli mərkəzlərinin təsiri altındadır. Yenə də təəssüflə qeyd etməliyəm ki, 2015-ci ildən üzü bəri dövlət başçısının şəxsiyyətinə, ailə üzvlərinə, komandasına, vəzifəli şəxslərin ailə üzvlərinə qarşı aparılan çirkin kampaniya anti-Azərbaycan mərkəzlərin fəaliyyəti ilə sinxronluq təşkil edir”.
O əlavə edib ki, bu ardıcıllıq hətta böyük informasiya axınına çıxışı olmayan sıravi, amma diqqətli vətəndaşlarda belə koordinasiyalı fəaliyyət təəssüratı yaradır. İnformasiyalara çıxış olan dövlət adamları, ictimai xadimlər, media nümayəndələri üçün isə bu, sadəcə təəssürat deyil, real faktdır:
“Son zamanlar, xüsusən də Azərbaycanda növbəti prezident seçkiləri 11 aprelə təyin olunandan sonra bəhs olunan mərkəzlər məkrli “Azərbaycan layihəsi”ni dövriyyəyə buraxaraq, bu işə xarici ölkələrdə müxtəlif vasitələrlə öz təsirləri altında saxladıqları bəzi soydaşlarımızı qoşublar. Qısa zaman kəsiyində bu çirkin kampaniya ifrat həddə çatdığına görə, ölkənin informasiya siyasətinə, diaspor nümayəndələri ilə əlaqələrə məsul şəxs kimi mən mövcud durumun kəskinliyi barədə xüsusi bəyanatla çıxış etdim və ölkə ictimaiyyətini məlumatlandırdım.
Bu gün cəmiyyətimizdə gedən müzakirələri, o cümlədən “Amerikanın səsi” radiosunda əks olunmuş bəzi tənqidi statusları da mən öz Facebook səhifəmdə paylaşmaqla bizim hakimiyyətin sağlam polemikaya açıq olduğunu bir daha göstərdim. Müzakirələrə aparıcı KİV-lərin rəhbərləri, millət vəkilləri, yaradıcı ziyalılar, QHT təmsilçiləri, ölkənin gələcəyi sayılan gənc fəallar qoşularaq öz dövlətçi, azərbaycançı baxışlarını ortaya qoymaqdadırlar. Əlbəttə, hərə öz səviyyəsində, məxsusi tərbiyə və intellektinin imkan verdiyi çərçivədə, bu məsələyə münasibət bildirir, əks düşərgədə olanların ən sağlamları dialoq platformasının davamlı olmasının vacibliyini vurğulayırlar. Milli ziyalı elitasının reaksiyasını görən qaragüruhçu ünsürlər Prezidentin köməkçisi olaraq mənim üstümə tökülüblər, özümü və ailəmi bacardıqları kimi, malik olduqları tərbiyə çərçivəsində təhqir etdilər, ünvanıma hər cür çirkab yağdırdılar. Nə etməli ki, onların sırasında vaxtilə mənə minnətdarlıq ifadə edən, gəlişigözəl sözlər söyləyən insanlar da var. Bəziləri mənim çıxışımdan sonra, hətta “söyüş atəşləri”nə moratorium qoyduqlarını bildirdilər. Lakin əsas odur ki, bu günlərdə həm ölkə daxilində, həm də xaricdə hər kəs anladı ki, Azərbaycan cəmiyyətinin, xüsusən də ziyalı təbəqəsinin, milli elitanın dəstəkləmədiyi hər hansı bir fəaliyyət məğlubiyyətə məhkumdur”.
Prezidentin köməkçisi vurğulayıb ki, son günlərin müzakirələri həm də xaricdə oturub antiazərbaycan dairələrin aləti qismində çıxış edənlərin, söyüş makinasına yem olanların iç üzünü də açdı və cəmiyyətə tanıtdırdı:
“O da göründü ki, Azərbaycanın daxilində oturub çirkin söyüş müxalifətini dəstəkləyənlər, onların mənəviyyatsız əməllərini bəzi hakimiyyət dairələrinin adına yazaraq Prezidentin komandasında qarşıdurma yaratmaq istəyənlər daha ziyanlı mənəviyyat sahibidirlər. Bu müzakirələrdən sonra əvvəllər barışdırıcı kimi görünməyə çalışanların çıxışlarında, təhlillərində bir həqiqət etiraf olunmağa başlayıb - hədəf sadəcə Prezident və onun ailə üzvləri, komandası, o komanda üzvlərindən biri olan mən- Əli Həsənov deyil. Məqsəd Şərq mentalitetinin incəliyinə hesablanıb – hədəf birinci şəxsin və komandasının müsbət imicini zədələməklə, onlara qarşı kütləvi narazılıq ovqatı formalaşdırmaqla, komandadaxili qarşıdurma yaratmaqla ölkədəki mövcud sabitliyi pozmağa nail olmaqdır. Bu işin təşkilatçıları və icraçılarını Azərbaycanı suriyalaşdırmaq istəyən “virtual İŞİD” adlandırmaqda haqlı olduğum indi həmin qüvvələrin “ağsaqqalları” tərəfindən dolayısı ilə etiraf olunur. Əslində, bu, yeni plan da deyil. Hələ Dağlıq Qarabağ münaqişəsi yeni başlayanda erməni lobbisi öz mənfur arzusuna çatmaq üçün Bakını Beyruta, Azərbaycanı Livana çevirmək istəyirdi və bunu gizlətmirdi. Həmin qüvvələr və “sapı özümüzdən olan baltalar” 2003 və 2008-ci illərdə ciddi cəhdlə buna çalışdılar. Lakin, o dövrdə Prezident İlham Əliyevin xalqla birliyinə və dəmir iradəsinə çırpılaraq geri çəkildilər. Belələri 2013-cü ildə yeni bir məkrli plan quraraq, xarici dairələrin köməyi ilə “Milyarderlər İttifaqı” yaratdı və “aldanmış kəvakib”dən istifadə edərək hakimiyyəti ələ keçirməyə cəhd etdilər. Xoşbəxtlikdən hər dəfə də bu antimilli ünsürlər ölkə Prezidentinin dəmir iradəsi, onun sədaqətli silahdaşlarının yekdil mövqeyi və ən əsası, Azərbaycan xalqının keçilməz müqaviməti ilə üzləşərək necə gəlmişdilərsə, eləcə də rədd olub getdilər. Bu gün də onlar yatmayıb, sadəcə olaraq qəfil yaxalandıqları üçün hazırlıqsızdırlar. Odur ki, güman qalıb onların daimi bacardıqları işə - xəyanətə, hiyləyə və bir də söyüşə. Bu dəfə “livanlaşdırma” termini də dəyişib və “suriyalaşdırma” ilə əvəz olunub.
Buna görə də xalqımız və dövlətimizin firavan gələcəyi naminə fəaliyyət göstərən millət vəkillərimiz, siyasətçilərimiz, alimlərimiz, yazıçılarımız - bir sözlə, ziyalı adını daşıya biləcək hər kəs öz mövqeyini nümayiş etdirməli və biabırçı söyüş makinasını, təhqir qaragüruhunu dayandırmalıdır”.
Babək Cahandarov