Azərbaycanda Frankofoniya Həftələrinin bağlanış mərasimi olub

Azərbaycanda Frankofoniya Həftələrinin bağlanış mərasimi olub.
1news.az-a Fransa səfirliyindən verilən məlumata görə, mərasim qastronomiya və musiqi sədaları altında baş tutub.
Mərakeşdən gələn “Maalem Houssam Gania Band” ənənəvi musiqi qrupu bu münasibətlə səhnəyə çıxıb.
Frankofoniya Həftələri günlərində Belçika, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Moldaviya, Meksika, Rumıniya, İsveçrə və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi aprelin 1-dən 14-dək otuzdan çox tədbiri Azərbaycan ictimaiyyətinə təqdim edib : frankofon film festivalı, çoxsaylı sərgi, konfrans, Birinci Frankofon Universtet forumu, konsert və müsabiqələr fransız dilini, Frankofoniya coğrafiyasının müxtəlifliyini (https://www.francophonie.org/-84-Etats-et-gouvernements) və Frankofoniya Təşkilatının üzv dövlətlərinin paylaşdıqları dəyərləri (insan hüquqları, gender bərabərliyi, ifadə azadlığı) təşviq etmək üçün təşkil olundu.
Frankofoniya Həftələri Azərbaycan Fransız İnstitutu, Landmark otel, YARAT Müasir İncəsənət Mərkəzi, Cinema Plus, Bakı Frankofon Assosiasiyası, Art Council təşkilatı, Milli İncəsənət Muzeyi, Gəncə şəhəri, İsveçrə Turizm agentliyi və “Gənclik” şahmat klubunun dəstəyi ilə həyata keçirilib.
Frankofoniya Həftələri çərçivəsində, Azərbaycandakı Fransız İnstitutu və “Gənclik” şahmat klubu tərəfindən təşkil olunmuş şahmat turnirinin qalibi Uğur İlyaslı Fransaya səyahət qazanıb.
P.Sultanova