Putin Krımı Rusiya ilə birləşdirən körpünü açıb
Bu gün Krım yarımadasını Rusiyanın Krasnodar diyarı ilə birləşdirən körpünün avtomobillər üçün nəzərdə tutulan hissəsi açılıb.
1news.az APA-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Kerç boğazı üzərindən keçməklə çəkilən körpünün təntənəli açılış mərasimində iştirak edib.
V. Putin körpünün davamlılığını yoxlamaq üçün körpüdən keçən “KamAZ” markalı 10 yük maşınından ibarət karvanda ilk “KamAZ”-ın sükanı arxasında əyləşib.
Maşın karvanı 19 km uzunluqdakı körpünü 16 dəqiqəyə keçib. Bu, hazırda Avropada ən uzun körpüdür. Bundan əvvəl Avropada ən uzun körpü Vasko da Qamanı Portuqaliya paytaxtı ilə birləşdirən 17,2 m uzunluqdakı körpü olub. Körpüdən sutkada 40 min avtomobil, 47 qatar keçə, ildə isə 14 milyon sərnişin və 13 milyon ton yük daşına bilər. Ancaq körpüdə qatarların hərəkətinə 2019-cu ildə icazə veriləcək.
Qeyd edək ki, Rusiya prezidenti V. Putin 2014-cü ilin aprelində Kerç körfəzi üzərindən keçməklə Krımı Rusiyanın Krasnodar diyarı ilə birləşdirəcək körpünün tikintisi ilə bağlı sərəncam verib. Körpünün tikintisinə 2016-cı ilin fevralında başlanıb.
Xatırladaq ki, Ukraynanın ərazisinə daxil olan Krım yarımadasında 2014-cü il fevralın 27-28-də üzərində fərqlənmə nişanları olmayan hərbi geyimli şəxslər mülki obyektləri nəzarət altına alıb və yarımadada yerləşən Ukrayna hərbi hissələrini təcrid ediblər. Martın 1-də Rusiya Federasiya Şurası Ukrayna ərazisində “həmvətənlərin müdafiəsi” məqsədilə Rusiya Silahlı Qüvvələrinin istifadə edilməsinə sanksiya verib. Həmin il martın 16-da yarımadada “referendum” təşkil edilib və “referendum”un nəticələrinə əsasən, Krımın Rusiyanın tərkibinə daxil olduğu elan edilib. Rusiyanın Krımı ilhaq etməsi dünya birliyi tərəfindən qınanıb, sanksiyaların tətbiqinə səbəb olub.
1news.az