İlham Əliyev: Enerji və nəqliyyat layihələri geniş əməkdaşlıq üçün yeni imkanlar açır
Yaxın günlərdə Cənub Qaz Dəhlizinin əsas layihələri artıq başa çatmış olacaq. Bu, enerji təhlükəsizliyi məsələlərinə Azərbaycanın növbəti töhfəsidir. Bu nəhəng enerji layihəsi geniş beynəlxalq əməkdaşlıq məsələlərinin həllinə də öz müsbət təsirini göstərib. Hazırda bizim regionumuzda enerji sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxır”.
1news.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Serbiya prezidenti Aleksandr Vuçiçlə görüşdən sonra mətbuata bəyanatında deyib.
“Ötən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə bağlı Bakıda mərasim keçirilmişdir. Bu yol da çox böyük əhəmiyyətə malikdir. Bu yolun fəaliyyətə başlaması nəticəsində Asiya ilə Avropa Azərbaycan və digər ölkələr üzərindən bir-biri ilə bağlanır. Bu, Asiyadan Avropaya və əks istiqamətə ən qısa yoldur. Yüklər artıq bu yol vasitəsilə daşınır və yüklərin həcmi getdikcə daha da artacaq.
Əlbəttə ki, biz Serbiyanı bu dəmir yolunun fəal iştirakçısı kimi görürük. Hesab edirəm, bizim müvafiq qurumlarımız bu məsələ ilə bağlı artıq danışıqlara başlaya bilərlər ki, biz yükdaşımalarını artıra bilək. Beləliklə, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri geniş əməkdaşlıq üçün yeni imkanlar açır. Bu, turizmin inkişafına təkan verəcək, qarşılıqlı ticarət dövriyyəsini artıracaq və beləliklə, bölgəmizdə, Avrasiya məkanında sabitliyi möhkəmləndirəcək, təhlükəsizliyi təmin edəcəkdir”.
1news.az