Politoloq: Yerevan Fransa XİN-in Dağlıq Qarabağla bağlı bəyanatının mahiyyətini anlamaq niyyətində deyil

Fransa xarici işlər naziri Jan-İv Le Drian regionda olarkən Dağlıq Qarabağ tənzimlənməsndə çox aydın mesaj verdi: Status-kvo və güc qəbuledilməzdir. Praqmatik və kreativ yanaşma olmalıdır.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Fransa xarici işlər naziri Jan-İv Le Drianın Dağlıq Qarabağ tənzimlənməsi barədə verdiyi bəyanatla bağlı açıqlamanı şərh edərkən bildirib:
“Bu bəyanatla J.L.Drian Fransanın adından Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın mövqeyinin səhv olduğunu, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olmadığını Ermənistan rəhbərliyinin diqqətinə çatdırır. Bununla Fransa bacısı Ermənistana düzgün yol göstərir: İşğalçılıqdan mümkün qədər tez əl çək, praqmatik və kreativ ol.
Ermənistan rəhbərliyininin davranışı Fransanın Xarici İşlər Naziri Jan-İv Le Drianın Dağlıq Qarabağ tənzimlənməsi barədə verdiyi bu bəyanatın mahiyyətini anlamaq niyyətində olmadığını göstərir. İndiki fikir konyunkturasında status-kvonun qəbuledilməzliyi Azərbaycanın maraqlarına uyğun fikir kimi qəbul edilir. Ermənilər isə həmişə Azərbaycanın hərbi gücündən qorxublar və bunu kəlmə başı bütün beynəlxalq aləmə çatdırırlar.
Əslində L.Drianın qısa bəyanatının siyasi məzmunu da bundan ibarətdir; Əgər Ermənistan Azərbaycanın hərbi gücündən əziyyət çəkmək istəmirsə, o zaman status-kvonu dəyişməlidir. Status-kvonun dəyişməsinə uyğun olaraq Azərbaycanın hərbi gücündən müvafiq təhlükəsizlik təminatlarını alacaq. İşğalçı qoşunlarının Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın bütün ərazilərini tərk etdikdən sonra Azərbaycan Respublikası Ermənistan Respublikasına tam təhlükəsizlik təminatı verə bilər”.
Politoloqun fikrincə, ona görə Ermənistan rəhbərliyinin arabanı atdan qabağa bağlamasına ehtiyac yoxdur:
“Status-kvonu dəyişməyə başlayan kimi Azərbaycan tərəfdən adekvat cavablar alacaqdır. Bu məsələnin digər tərəfi daha vacibdir. Ermənistan ordusundakı ölümlərin böyük əksəriyyəti Azərbaycan ordusu ilə əlaqəli deyil. Kriminal razborkalar yuvasına çevrilmiş Ermənistan ordusunda sui-qəsdlərin, qeyri-nizamnamə rəftarı nəticəsində ölümlərin sayı xeyli artıb. Ermənistandakı sosial problemlər də ordunun şəxsi heyətinə təsir edir.
Erməni xalqı N.Paşinyanın inqilabından məyus olmağa başlayıb. Bu da yaxın gələcəkdə Ermənistan ordusunda qeyri-döyüş itkilərinin sayını artıracaq”.
M.Əhmədoğlunun sözlərinə görə, yeni xarici işlər naziri Z.Mnatsakanyanın indidən özünün yalançılığını və tərbiyəsizliyini nümayiş etdirməsinə ehtiyac yoxdur:
“Sülh prosesinə ən böyük təhlükəni Ermənistan ordusunun daxilində baş verənlər törədir. Z.Mnatsakanyan beynəlxalq aləmə hörmət edirsə, Azərbaycanın işğal olunmuş ərazilərindəki erməni ordusundakı ölümlərin statistikasının izahını versin. Fransa XİN rəhbərinin bəyanatının əsas səbəblərindən biri də Ermənistan ordusunun Azərbaycanın ərazisində olması və hərbçilərin bir-birini öldürməsidir”.
S.Xankişiyeva