Goranboyda Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonunda Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.
Regionların inkişafı Dövlət proqramlarına uyğun olaraq, son illərdə yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər kənd yollarının yenidən qurulmasını da geniş əhatə edir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcminin ildən-ilə artması Azərbaycanda icra olunan sosial layihələrin davamlı xarakter aldığını aydın nümayiş etdirir. Hazırda respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə uyğun olaraq bu gün əsas diqqət kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər bir neçə mühüm məqamı özündə ehtiva edir. Belə layihələrdən biri də Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, uzunluğu 20 kilometr olan yolun hərəkət hissəsinin eni 6 metr təşkil edir. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolağından ibarətdir. Hərəkət zolağının eni isə 3 metrə bərabərdir.
Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun inşası Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı Sərəncama əsasən aparılıb. Yolun yenidən qurulması işləri 2018-ci ilin may ayında yekunlaşıb. İnşaat işləri zamanı bütün texniki tələblərə tam riayət olunub. Layihə çərçivəsində 300 poqonmetr müxtəlif diametrli dəmir-beton suötürücü borular, zəruri yerlərdə minə yaxın yol nişanı və göstərici lövhə quraşdırılıb, 50 kilometr uzunluğunda yol cizgi xətləri çəkilib. Bu yol 15 min nəfər əhalinin yaşadığı 15 məntəqəni birləşdirir. Avtomobil yolunun tikintisi əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bundan başqa, bu yolun inşası bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
1news.az