Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının İpək yolu ilə kəsişmə qurğusunun və 4,95 kilometrlik hissəsinin açılışı olub
İyunun 5-də Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılışı olub.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Bu gün dünyada su ehtiyatlarının rolu və əhəmiyyəti getdikcə artır. Bu məsələ ərzaq təhlükəsizliyinin təmin edilməsində özünü daha qabarıq büruzə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə bu istiqamətdə çox mühüm layihələr icra olunub, böyük uğurlar qazanılıb. Bu gün Azərbaycanda bu sahədə mövcud problemləri həll etmək və qarşıda duran strateji məqsədə çatmaq üçün elmi əsaslara söykənən təhlil aparılaraq mühüm tədbirlər həyata keçirilir. Son illərdə ən böyük layihələrdən olan, strateji əhəmiyyəti və kapital qoyuluşu ilə seçilən Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisi başa çatdırılıb. Bununla da minlərlə hektar torpaq sahəsinin suvarılmasına şərait yaranıb. Digər tərəfdən, bu, kənd təsərrüfatının inkişafına, yeni iş yerlərinin yaradılmasına imkan verib. Bütün bunlar sübut edir ki, ölkədə kənd təsərrüfatı istehsalının artırılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında böyük rolu olan mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması və onların istismarının yaxşılaşdırılması, bu sahənin müasir tələblər səviyyəsində daha da inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Məhz dövlətimizin başçısının diqqəti və qayğısı sayəsində bu cür mühüm strateji əhəmiyyət kəsb edən layihələr reallığa çevrilib. Şəmkirçay su anbarı və Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı kompleks layihəsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına Şəmkirçay su anbarı və Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı kompleks layihəsi barədə məlumat verdi. Bildirildi ki, ötən əsrin 80-ci illərində inşa edilmiş bu suvarma kanalının birinci növbəsinin davamı olaraq uzunluğu 27,95 kilometr olan ikinci növbəsinin tikintisinə 2015-ci ildə başlanılıb. Bu kanalın tikintisi ilə su mənbəyi işğal zonasında qalmış Goranboy rayonunun 8293 hektarı yeni suvarılacaq torpaq olmaqla, ümumilikdə 26584 hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək. Qeyd edək ki, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yoluna qədər 8,55 kilometrlik birinci mərhələsinin tikintisi 2017-ci ildə başa çatdırılıb, Prezident İlham Əliyev Samux və Goranboy rayonlarının 941 hektarı yeni suvarılacaq torpaqlar olmaqla, 8938 hektar torpaq sahəsinə suvarma suyunun verilməsi mərasimində iştirak edib. Dövlətimizin başçısının həmin mərasimdə verdiyi tapşırıqların icrasına uyğun olaraq 2017-ci ildə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu və ikinci dərəcəli avtomobil yolu ilə kəsişməsində keçid qurğularının, eləcə də kanalın tikintisi işləri davam etdirilib. Bu hissədə nəqliyyatın hərəkətinə maneçilik yaradılmaması üçün 450 metr uzunluğunda düzbucaqlı dəmir-beton suötürən qurğu, eləcə də uzunluğu 4,95 kilometr olan açıq dəmir-beton üzlüklü kanal inşa olunub. Bununla da, Goranboy rayonunda daha 8 min hektar sahəyə suvarma suyunun verilməsi təmin edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin iştirakı ilə 2009-cu ildə Şəmkir su anbarının tikintisinin təməlqoyma və 2014-cü ildə açılış mərasimləri keçirilib. Su Elektrik Stansiyası ilə birlikdə Şəmkirçay su anbarının, ondan su götürən 60,5 kilometr uzunluğunda magistral kanalların istifadəyə verilməsi ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 54 min hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına, 17 min hektar yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə, ildə 56 milyon kilovat-saat elektrik enerjisinin istehsalına, Gəncə və Şəmkir şəhərlərinin, Samux rayonunun Nəbiağalı qəsəbəsinin əhalisinə ildə 50 milyon kubmetrə yaxın ekoloji təmiz içməli su verilməsinə imkan yaranıb.
Hazırda su anbarından Şəmkir şəhərinə içməli su verilir, Gəncə şəhərinə və Samux rayonunun Nəbiağalı qəsəbəsinə isə içməli su xətti hazır olduqdan sonra suyun verilməsi təmin ediləcək. Şəmkirçay su anbarı istifadəyə verildiyi vaxtdan bu il yanvarın 1-dək ona yığılan 740 milyon kubmetr su hesabına Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarının 43 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılıb, Şəmkir, Goranboy və Göygöl rayonlarının 4940 hektar, eləcə də “Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılacaq sahələri suvarma suyu ilə təmin edilib.
1news.az