II Elizabetin təvəllüd günü münasibətilə Bakıda qəbul təşkil olunub | 1news.az | Xəbərlər
Siyasət

II Elizabetin təvəllüd günü münasibətilə Bakıda qəbul təşkil olunub

09:19 - 08 / 06 / 2018
 II Elizabetin təvəllüd günü münasibətilə Bakıda qəbul təşkil olunub

Bakıda Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetin təvəllüd günü münasibətilə rəsmi qəbul təşkil olunub.

1news.az xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, səfirlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın və Britaniyanın dövlət himnləri səsləndirildikdən sonra Böyük Britaniyanın ölkəmizdəki səfiri xanım Kerol Krofts qonaqları salamlayıb, daha sonra iki ölkənin ilə ərzindəki əməkdaşlığını əks etdirən videoçarx nümayiş edilib.

Energetika naziri Pərviz Şahbazov tədbirdə çıxış edərək əlamətdar gün münasibətilə Britaniya xalqını təbrik edib. Nazir bildirib ki, iki ölkə arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında davam edən əlaqələrin tarixi 26 ildən çoxdur. Əlaqələrimiz enerji və qeyri-enerji sektoru daxil olmaqla, bir sıra sahələri əhatə edir. Britaniya Azərbaycanda ən böyük investordur. Azərbaycanda 400 Britaniya şirkəti fəaliyyət göstərir. Bu yaxınlarda açılışı olan Cənub Qaz Dəhlizi əməkdaşlığımızda və qlobal enerji təminatında yeni üfüqlər açır. “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması, yeni yataqların kəşfi ilə bağlı nəzərdə tutulan tədbirlər tərəfdaşlıq əlaqələrimizin yeni səviyyəyə qalxmasına xidmət edəcək. Hər iki ölkə sülhün və qlobal təhlükəsizliyin təmin olunmasında sıx əməkdaşlıq edir.

Nazir əmin olduğunu bildirib ki, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq gələcəkdə daha da güclənəcək.

Tədbir konsert proqramı ilə davam edib.

P.Sultanova

 

 

 

Paylaş:
336

Son xəbərlər

Bütün xəbərlər