Bu gün AŞPA-nın yay sessiyası başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası öz işin ə başlayır.
1news.az qurumun saytına istinadla xəbər verir ki, sessiya çərçivəsində 11 aprel 2018-ci ildə Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair müşahidə missiyasının rəhbəri Riçard Badea tərəfindən hesabat təqdim ediləcək.
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, AŞPA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcəkdir.
Suriya ilə qonşu ölkələrində qaçqınların humanitar vəziyyəti, Avropa Şurasına üzv dövlətlərdə insan hüquqları müdafiəçilərinin qorunması, bu ölkələrdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti və digər mövzularda müzakirələr aparılacaq.
Xatırladaq ki, sessiya çərçivəsində iyunun 25-də keçiriləcək AŞPA-nın Hüquqi məsələlər və insan haqları komitəsində “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin ediləcəyi gözlənilir.
Hesabatın hazırlanması təşəbbüsü ilə hollandiyalı deputat Piter Omtzigt tərəfindən irəli sürülüb.
İyunun 26-da keçiriləcək Monitorinq komitəsinin iclasında isə Azərbaycan üzrə həmməruzəçi Sezar Florin Predanın yerinə təyinat olacaq.
Qeyd edək ki, qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 24-dən iyulun 1-dək Strasburqda səfərdə olacaqlar.
Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Asim Mollazadə, Çingiz Qənizadə, Elşad Həsənov, Naqif Həmzəyev daxildirlər.
Sessiya iyunun 29-dək davam edəcək.
P.Sultanova