Manvel Qriqoryanın həyat yoldaşı da həbs edilib
Korrupsiya faktları ilə bağlı həbs edilmiş Ermənistan müdafiə nazirinin sabiq müavini, deputat, general Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan da həbs olunub.
1news.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidməti məlumat verib.
Məlumatda deyilir ki, Manvel Qriqoryana qarşı cinayət işi üzrə ilkin araşdırma aparan müstəntiq Nazik Amiryanı saxlamağa qərar verib.
Qeyd edək ki, M.Qriqoryan qanunsuz silah saxlamaqda və başqasının böyük həcmdə əmlakını mənimsəməkdə təqsirli hesab edilib.
Qriqoryan bundan əvvəl deputat toxunulmazlığından məhrum edilib. Sabiq müdafiə nazirinin müavini bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkar edilməsi ilə əlaqədar saxlanılıb. Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda o, 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinir.
Onun arvadı isə əsgərlər üçün nəzərdə tutulmuş konservləri gizlətməyə çalışıb. Yük maşınlarının sürücüləri bu barədə göstərişi Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryandan aldıqlarını etiraf ediblər.
P.Sultanova