Paşinyanın qorxusu: oğlunu Qarabağa girov kimi göndərib - EKSPERT

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətdə olduğu üç aya yaxın müddət ərzində publikaya hesablanmış bəyanatlar verməkdən başqa heç nəyə nail ola bilməyib. Paşinyan erməni xalqına vəd etdiklərini yerinə yetirə bilmir, buna onun nə siyasi, nə idarəetmədəki təcrübəsi imkan verir.
Küçə aksiyasından baş nazir kreslosuna əyləşən Paşinyan çətin durumda qaldığının fərqindədir, amma yenə də avantüra ilə məşğuldur. Gah oğlunu Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə əsgər göndərir, gah da Dağlıq Qarabağın tərəf kimi danışıqlar prosesinə qoşulmalı olduğunu deyir, oliqarxlarla mübarizəyə başlayır ki, bu məsələdə də çox irəli getməkdən çəkinir. O, "Exo Moskva” radiosuna müsahibəsində də avantürasını davam etdirib. Beləcə, Paşinyan erməni xalqına üç aylıq hakimiyyəti ilə bağlı hesbat verəsi olsa, deməyə, ortaya qoymağa heç nə tapmayacaq. İqtisadi tənəzzül daha da dərinləşib, korrupsiya da həmçinin. Ermənistanın xarici siyasətində heç bir dəyişikiyin olmayacağını deyən Paşinyan, Qərblə Rusya arasında çırpınır.
Politoloq Tofiq Abbasov 1news.az-a açıqlamasında təsdiq edib ki, Paşinyanın hakimiyyətdə olduğu üç aya yaxın vaxt ərzində Ermənistanda nəinki hansısa problemlər həllini tapıb, əksinə böhran daha da dərinləşib, kəskinləşib.
Onun sözlərinə görə, problemin həlli üçün ilk növbədə onu yaradan səbəbləri, kökünü tapmaq lazımdır: “Xəstəni müalicə etmək üçün səbəblər nəzərə alınır, burda problemin məğzində Dağlıq Qarabağ münaqişəsi dayanır və özləri də anlayırlar ki, bu münaqişə günlərini qara edib. Lakin qarşı tərəf özünü elə göstərir ki, guya bu problemin onların vəziyyətinə heç bir təsiri yoxdur. Reallıq isə budur ki, Qarabağ probleminin yükü getdikcə Ermənistnın vəziyyətini ağırlaşdırır, qamətini sındırır və ölkənin gələcəyi üçün böyük təhdidlər, risklər yaradır. Ermənistanın iqtisadi böhrana düşməsinin də səbəbi işğal faktı, Qarabağ problemidir. Ona görə də Paşinyan hakimiyyəti ilk növbədə həmin problemin həllinə çalşmaldır. Onun bölgə dövlətləri ilə yeni iqtisadi əlaqələrinin qurulması bundan keçir. Son 20 ilin təcrübəsi onu göstərdi ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin kəsilməsi, kommunikasiyaların dayanması Ermənistanı ağır vəziyyətə salıb, bundan çıxış yolu da yoxdur”.
Politoloq əlavə edib ki, Paşinyanın Brüsel sammiti çərçivəsində keçirdiyi görüşlərdə Ermənistanı “yazıq” vəziyyətdə təqdim etdi, amma onun dövlətinin yükünü qaldırmağa hazır olan tərəf yoxdur: “Yəni, bu ölkə nicat yoluna çıxmaq istəyirsə, yenə də təkarar edirəm ki, işğalçı siyasətindən əl çəkməli, qoşunlarını ərazilərimizdən geri çəkməlidir, Azərbaycanla, Türkiyə ilə dialoqu bərpa etdikdən sonra hansısa yeni bir vəziyyət yarana bilər”.
Paşinyan oğlunu Qarabağa girov kimi göndərib
T.Abbasova görə, Paşinyan avantüra ilə məşğuldur, ona görə də verdiyi vədlər boşdur: “Əgər Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı eyni fikirdə qalırsa, status kvonun öz gücünü saxlamasının tərəfdarıdırsa, deməli, heç bir dəyişiklik olmayacaq. İstəyir oğlunu, qızını, qohum-əqrabasını, qonşularını göndərsin Qarabağa. Paşinyanın Qarabağa dair cəfəngiyyat onunla bağlıdır ki, özü Qarabağ klanından qorxur, ona görə də oğlunu ora grov kimi göndərib, yaxşı günündən göndərməyib. Qarabağ klanının hələ də Ermənistanda hökm sürən zümrəsi Paşinyanı və ətrafını bir gündə fiziki cəhətdən yığışdıra bilər. Onlar sözün əsil mənasında bir mafioz qüvvəyə çevriliblər. Paşinyan da Qarabağ münaqişəsi ətrafında heç nə etmək istəmir, çünki həmin klandan qorxur. Onlara toxuna bilməz. Əgər sabah desə ki, silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərindən çıxarmalıyıq, həmin gün onu itirəcəklər. Ona görə də xəstəliyin etimologiyası, onu doğuran səbəblərlə deyil, üçüncü, dördüncü dərəcəli məsələlərdə fəallıq göstərirlər.
Bununla yenə də Paşinyan və ətrafı öz millətini aldadır. Heç bir dəyişiklik olmayacaq və ola da bilməz. Ermənistan münaqişədə öz mövqeyini dəyişməməsi ilə ölkəni müharibəyə sürükləyir. Bilirik ki, Azərbaycan Ermənistandan hər mənada qat-qat güclüdür, hazırlıqlıdır, Azərbaycan öz qərarı ilə istənilən vaxt anti-terror əməliyyatına başlaya bilər. Paşinyan baş nazir seçildikdən sonra siyasi kariyerasında heç bir dəyişiklik, gözə çarpan yüksəliş olmayacaq. Bir tərəfdən oliqarxların mallarını müsadirə etdi, Sarkisyanın hakimiyyətdən uzaqlaşmasından sonra onun cinayət törətmiş qardaşı oğlunun,müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın tutulması, bunlar düzdür ciddi tədbirlərdir, oğruların, mafiozların bütün taladıqları müsadirə edilib, dövlətə qaytarılmalıdır, amma bu yolla büdcəni doldurmaq olmaz, Ermənistanın çıxış yolu bu deyil. Ölkənin problemləri o dərəcədə dərin, kəskindir ki, bununla bağlı ciddi qərarlar alınmalı, antiböhran proqramı hazırlanmalıdır. Ən əsası Qarabağ məsələsində irəliləyiş olmasa, hakimiyyətdə Paşinyan olmur, kim olursa olsun, heç nəyə nail ola bilməyəcəklər”.
P.Sultanova