Səfir: “Misir və Azərbaycan xalqları arasında çox oxşarlıq var”

Azərbaycanla Misir arasında əlaqələr yüksək səviyyədədir.
1news.az xəbər verir ki, bunu Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim mətbuat konfransında deyib. O bildirib ki, əlaqələrin daha da inkişafı üçün üzərinə böyük məsuliyyət düşür:
“Mənim ədas prioritetlərim siyasi, ticari və iqtisadi əlaqələrin inkişafına nail olmaqdır. Beş ay ərzində siyasi əlaqələrimiz yüksək səviyyəyə çatıb. Digər sahələrdə əməkdaşlığın inkişafı üçün də iş aparılır. Misir və Azərbaycan xalqları arasında çox oxşarlıq var. İstərdim ki, ölkələrimiz arasında turizm əlaqələri artsın bə bu sahədə inkişaf baş versin”.
Misirdəki vəziyyətə toxunan diplomat vurğulayıb ki, hazırda ölkəsində sabitlik hökm sürür:
“Əminliklə deyə bilərəm ki, ölkədə, həmçinin Sinay yarmadasında sabitlik tam bərqərar olub. Yarımada terrorçulardan azad edilib. Bu da ona imkan verib ki, aviareyslər öz işini bərpa edib. Misir əvvəlki təhlükəsiz vəziyyətinə qayıdıb. Bu da turistlərin axınını 2011-ci ildən əvvəl olduğu kimi təmin edəcək.
P.Sultanova