Koçaryan ittihamlar barədə: Bu, qisasdır

Ermənistanın ikinci prezidenti (1998-2008) Robert Koçaryan ona qarşı irəli sürülən ittihamlara münasibət bildirib.
1news.az xəbər verir ki, Koçaryan “Yerkir Media”ya açıqlamasında bunun qisas olduğunu deyib. Onun sözlərinə görə, ittihamlar tamamilə uydurmadır, siyasiləşdirilib və gerçəkliklə heç bir əlaqəsi yoxdur:
“Geniş kütlənin əhval-ruhiyyəsini hüquq müstəvisinə keçirməyə calışırlar və belə fikir yaratmaq istəyirlər ki, guya 2008-ci il prezident seçkilərində 21,5 faiz toplamış Levon Ter-Petrosyan qələbə qazanıb. Bu həqiqətdən çox uzaqdır, reallığı əks etdirmir, qisasdır”.
Qeyd edək ki, iyulun 26-da 2008-ci il martın 1-də 10 nəfərin ölümü 250 nəfərin yaralanması ilə nəticələnən etiraz aksiyaların dağıdılmasına dair cinayət işi çərçivəsində Robert Koçaryana qarşı konstitusion quruluşun devirməsi ittihamı irəli sürülüb.
Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar artıq məhkəməyə vəsatət təqdim edilsə də, məsələ ilə bağlı qərarın verilməsi bu gün saat 11.00-a təyin edilib.
Ötən gün həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, 2008-ci ildə Yerevan hərbi qarnizonunun komandanı olmuş Yuri Xaçaturov da Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən dindirilib.
P.Sultanova