Respublika Partiyasından Koçaryan bəyanatı

Ermənistanın Respublika Partiyasının parlament fraksiyası sabiq prezident Robert Koçaryanın həbsi məsələsini beynəlxalq platformalarda qaldırmaq niyyətindədir.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə partiyanın bəyanatında deyilir.
"Bu prosesin demokratiya, qanunun aliliyi və məhkəmə sisteminin müstəqilliyi ilə heç bir əlaqəsi yoxdur. Cinayət işi Ermənistanın daxili siyasi inkişafına böyük zərbə vuracaq. Ölkədə belə əsassız ittihamlar ictimai təfriqəni təşviq edir”, fraksiya bəyan edib.
O da vurğulanıb ki, Robert Koçaryana qarşı cinayət işi yalnız fundamental insan hüquq və azadlıqlarının pozulması deyil, həm də beynəlxalq müstəvilərdə və hüquqi instansiyalarda Ermənistanın reytinqini azalda bilər:
"Ermənistan Baş Prokurorluğu, Xüsusi İstintaq Xidməti, məhkəmələr konstitusiyanın müvafiq müddəalarını və beynəlxalq müqavilələrin tələblərini təmin etməyə borcludurlar. Respublika Partiyası fraksiyası bu mövzunu diplomatik kanalları vasitəsilə beynəlxalq platformalarda qaldıracaq”.
P.Sultanova