Şarmazanovdan etiraf: Rusiya ilə münasibətlər yaxşı günlərini yaşamır

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov təsdiq edib ki, Ermənistan-Rusiya münasibətləri heç də yaxşı günlərini yaşamır.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Şarmazanov bunun parlaq sübutu kimi KTMT-nin baş katibi Yuri Xaçaturov məsələsini, Rusiyanın Ermənistandakı hərbi bazası ətrafında baş verənləri, baş nazir Paşinyanın “Rusiyanın müharibənin qarşısını almaq üçün Azərbaycana təzyiq mexanizmləri mövcuddur” deməsini və Lavrovun sonuncu bəyanatını göstərib.
Onun sözlərinə görə, Rusiyanın XİN rəhbəri Sergey Lavrovun son bəyanatı Ermənistan və Rusiya hökumətləri arasında anlaşılmazlıq olduğunu dəqiq göstərir. Şarmazanov bildirib ki, bu, Rusiya və Ermənistanın maraqlarına cavab vermir və anti-Rusiya isteriyası süni şəkildə yaradılıb:
“Lavrovun bəyanatı Ermənistan-Rusiya münasibətlərinin gələcək inkişafı baxımından narahatlıq doğurur. Yuri Xaçaturovla bağlı olan hadisələr isə KTMT-nin beynəlxalq nüfuzunu təhdid altına salır".
Şarmazanov hesab edir ki, yeni hakimiyyət münasibətləri inkişaf etdirməlidir: "Çünki Ermənistan-Rusiya münasibətləri hər üç prezidentin dönəmində müttəfiqlik xarakteri daşıyıb. KTMT ilə bağlı Ermənistan və Rusiya XİN-lərinin bəyanatları ziddiyyət təşkil edir".
Lavrovun Ermənistanın daxili işinə müdaxilə etməyə çalışması fikirlərinə toxunan respublikaçı vitse-spiker deyib:
"Amerika Birləşmiş Ştatlarının səfiri, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri Ermənistana qiymət verə bilər, müttəfiq ölkənin XİN rəhbəri edə bilməz?
Aİ səfiri, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri keçmiş hökumətlə bağlı qiymətləndirmə edəndə, niyə heç kim demirdi ki, bu, Ermənistanın daxili siyasi həyatına müdaxilədir. Hesab edirəm ki, müttəfiq ölkənin nümayəndəsi bu və ya digər məsələ ilə bağlı fikirlərini ifadə etmək hüququna malikdir. Rusiya və Ermənistan müttəfiq münasibətlərə zərər verəcək addımlar atmamalıdırlar”.
P.Sultanova