Xaçaturov bu gündən KTMT-də işinə başlayır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) baş katibi Yuri Xaçaturov bu gündən işə başlaya biləcək.
1news.az erməni mətbuatına istnadla xəbər verir ki, bunu Xaçaturovun vəkili Miqran Poqosyan bildirib.
Onun sözlərinə görə, bir neçə gün əvvəl Xaçaturovla görüşüb və yaxın günlərdə o, Moskvaya gedəcək: “Bütün ehtimalla, Xaçaturov bazar ertəsindən, yəni avqustun 6-dan vəzifəsini yerinə yetirməyə başlayacaq".
Xatırladaq ki, Yuri Xaçaturov 2008-ci il martın 1-də İrəvanda baş verən hadisələrlə bağlı konstitusiya qurluşunu devirməkdə ittiham olunur. Birinci instansiya məhkəməsi Xaçaturovu həbs etmək qərarı verib, lakin o, girov müqabilində azad edilib.
Ermənistanın xüsusi istintaq xidməti də KTMT baş katibinə Ermənistanı tərk etməsinə icazə verib, lakin baş katib zəruri hallarda istintaq orqanına gələcək.
P.Sultanova