Seçiciləri ilə görüşən prezidentliyə namizəd bıçaqlandı – VİDEO
Braziliyada prezidentliyə namizəd, radikal-sağçı Sosial-Liberal Partiyanın sədri Jair Bolsonaru Minas de Jerays ştatındakı Juis de Fora şəhərində seçicilərlə görüş mitinqində bıçaqlanıb.
1news.az-ın məlumatın görə, Milli.Az El Mundo-ya istinadən bildirir ki, 63 yaşlı siyasətçi "Santa Casa de Misericordia de Juiz de Fora" hospitalına aparılıb. Onun vəziyyəti ağır, kritik olsa da, stabildir.
Braziliyanın sabiq prezidenti Dilma Rusef yaşanan olayı belə şərh edib: "Bu hadisə dəhşətdir, ölkədə nifrət ab-havasının körüklənməsidir. Siyasi rəqibləri məhv etməklə bağlı nə özəl söhbətlərdə, nə ictimai yerlərdə hədələr səsləndirmək olmaz. Xüsusilə də ölkədə ən ali postdan söhbət gedirsə".
Sui-qəsd olayı Bolsonarunun seçki marafonunda bundan sonrakı iştirakını şübhə altına alır.
O, sabiq prezident Lula da Silvanın prezidentliyə namizədliyinin qeydiyyata alınmaması ilə bağlı məhkəmə qərarından sonra seçki marafonunun lideri, prezidentliyə ən şanslı namizəd olmuşdu.
Korrupsiya və rüşvətxorluqda suçlanmış Da Silva hazırda həbsxanadadır.
Sabiq hərbçi Jair Bolsanaru seçkilərə qatılandan sonra dəfələrlə ölümlə təhdid olunduğundan mitinqlərə yollananda həmişə gülləkeçirməyən jilet geyinirdi. Lakin bu dəfə o, jiletsiz idi.
Bolsonarunu bıçaqlamış 40 yaşlı Adelio Bispo de Oliveyru həbs olunub.
Braziliyanın Milli Federal Poliis Federasiyasının prezidenti Luiş Budensin dediyinə görə, Bolsonarunu bıçaqlayan şəxsdə psixi sapıntılar var: "O, polisdə verdiyi ifadəsində "Tanrı mənə bunu əmr etdi!" qışqırırdı"
Braziliya prezidenti Mişel Temer sui-qəsd cəhdini qətiyyətlə pisləyib.
Qeyd edək ki, ölkədə prezident seçkiləri oktyabrda keçiriləcək.
1news.az